“Bu, Qarabağda anti-terror əməliyyatlarına işarədir, yaxın vaxtda…” – Toğrul İsmayıl

 

“Ermənistan sülhə məcbur edilməlidir, əks halda erməni təxribatları davam edəcək”

2020-ci ilin 10 noyabrından imzalanan və II Qarabağ müharibəsinə son qoyan razılaşma bölgəyə sabitlik gətirsə də, indi havadarlarının xeyir-duası ilə Ermənistan yenidən təxribatçı addımlara gedir, həm sərhəd, həm də Qarabağın içində Azərbaycanın mövqelərinə atəş açırlar. Üçtərəfli razılaşmanın qarantı hesab olunan Rusiyanın bu mövzuda bəzi davranışları da təəssüf yaradır.

Mövzu ətrafında Türkiyədə yaşayan politoloq Toğrul İsmayılla müsahibəni təqdim edirik:

– Toğrul bəy, son bir aydır ki, erməni təxribatının şahidi oluruq. Üçtərəfli razılaşmada imzası olan qonşu Rusiyanın bəzi addımları da regionda sabitliyin tam bərqərar olmasına sanki maneə olur. Siz hazırda regionda mövcud olan durumu necə qiymətləndirirsiniz?

– Bölgədə problemin birmənalı həllinin qarşısının alınması üçün cəhdlər var. Bu cəhdlər həm Ermənistan tərəfindən var, həm də Rusiya tərəfindən olduğunu hiss edirik. Sözsüz ki, erməni tərəfi də özbaşına hərəkət etmir. Burada bəzi beynəlxalq oyunçuların da maraqları var və onlar hansısa formada bu prosesdə iştirak edir. Amma burada mənim təqdir etdiyim bir nüans var. Bir qədər gec olsa da, Azərbaycan tərəfi diplomatik mexanizmi işə salıb. Müharibə başa çatdıqdan sonra biz qeyd etmişdik ki, mübarizə hərbi sahədən diplomatiya sahəsinə keçib. Azərbaycan artıq bu səhnədə məsələni həll etməyə çalışır. Bəli, burada təxribatların olması qaçılmazdır. Çünki Paşinyan Ermənistanda bütün güclərə nəzarət edə blmir. Digər tərəfdən, bölgədə olan sülhməramlılar müddətllidir. Problem nə qədər çox olarsa, onların qalma müddəti də uzadılar.

Eyni zamanda bölgədə problem olduqca, kənar qüvvələrin regiona müdaxiləsi qaçılmaz olardı. Odur ki, gedən proseslər fonunda qeyd etdiyimiz məqamların hər biri var. Biz hər zaman qeyd edirdik ki, Laçın dəhlizi gözəldir, Azərbaycan ora təminat verir, amma dəhlizdə keçidlərə Azərbaycan nəzarət etməlidir. Nəzarət etməsə, istənilən şəxs, istənilən ölkə təmsilçisi əlini sallaya-sallaya Ermənistandan Azərbaycan ərazisinə keçə bilər. Bu da geniş prosesin bir parçasıdır. Düşünürəm ki, bu gün baş verən proseslərin altında yatan səbəblər bunlardır. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirirdi və hər şey yaxşı gedirdi. Azərbaycan başqalarının öhdəliklərini yerinə yetirməsini tələb etməyə başlayanda təxribatçı hərəkətlər də artmağa başladı. Ermənistanın məqsədi Rusiya və Qərb ölkələrini bu işə qataraq öz maraqları konteksində məsələni beynəlxalq müstəviyə çıxararaq Azərbaycana təzyiqləri artırmaqdır. Məsələ budur.

– Həm Azərbaycan-Ermənistan sərhədində, həm də Şuşa ətrafında erməni tərəfi hər gün atəşkəsi pozur. Məqsəd nədir: yeni müharibə istəkləri, yoxsa təzyiq?

– Naxçıvan istiqamətində təxribatçı hallar var. Eləcə də Qarabağ içərisində, yəni işğaldan təmizlənən ərazilər və rus sülhməramlıların olduğu hissədə bu addımlar atılır. Məncə, bunlara ayrı-ayrı diqqət yetirmək lazımdır.

Birincisi, Qarabağdakı təxribatlar sülhməramlıların məsuliyyət zonasında olan bölgələrdən edilir. Rusiya bu ərazidə olan erməniləri silahsızlaşdırmalıdır. Təəssüflər olsun ki, bunu etmədikləri üçün sülh prosesi çox ləng gedir. Azərbaycan da buna etirazını ifadə edir. Etirazlar da davam edəcək. Hətta Prezident İlham Əliyev son müsahibəsində qeyd etdi ki, lazım gəlsə, müvafiq tədbirlər görüləcək. Məncə, bu, geniş çapda olmasa da anti-terror əməliyyatları ehtimalının ola biləcəyinə işarətdir. Mən bunu doğru və yerində olan addım sayıram.

İkincisi, Naxçıvana olan təxribatların məqsədi Ermənistandakı bəzi qüvvələrin prosesə Türkiyəni qatmaq istəyi və bunun arxasıncada Rusiyanın hansısa addımlarına nail olmaqdır. Odur ki, mən burada atəşkəsin pozulmasından daha çox provakasiyaların məqsədli olduğunu görürəm. Qənaətimcə, belə provakasiyalar davam edəcək. Tərəflər arasında sülh müqaviləsi imzalanmadıqca, Ermənistan öz üzərinə sülhü təmin edəcək öhdəliklər götürmədikcə belə təxribatlar davam edəcək. Müharibə dayandı, amma sülh müqaviləsi yoxdur. Burada Ermənistan sülhə məcbur edilməlidir. Bu olmadıqca, erməni təxribatları olacaq.

– Azərbaycan Prezidenti Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı Ermənistanın silahlandırılmasına, habelə Laçın dəhlizi vasitəsilə Xankəndinə erməni ordu birliklərinin gətirilməsinə qəti etirazını bildirdi. Prezidentin bu mesajı necə oxunmalıdır?

– Bu, açıq mesajdır və bundan açıq mesaj olmaz da. Bəli, prezident açıq şəkildə Ermənistan və Rusiyaya mesajlar verdi. İstəyimiz də 10 noyabr sazişinə bütün tərəflərin əməl etməsidir. Biz ediriksə, qarşı tərəfdəkilər də etməlidir.

Amma diqqət edin, prezidentin bu mesajlarından dərhal sonra bəzi rus mediası özünə sərf edən məqamları qabartdı, guya Azərbaycan təhdid edir və sair. Təbii ki, Azərbaycan öz ərazini və sərhədlərini qoruyacaq. İstənilən silahlı birləşmələrə və sülhməramlıların bölgədə öz missiyasına uyğun gəlməyən hərəkətlərinə mütləq cavab verəcək, fikrini bildirəcək. Hətta nələr edə biləcəyi də söyləndi. Bunlar açıq və net mesajlardır. Rus mətbuatının bu açıqlamalara həyacanla yanaşması mənə görə, mesajın ünvanına çatdığının göstəricisidir. Amma eyni zamanda Azərbaycan Prezidenti daha önəmli mesajlar verdi. Bunlar nədir? İşbirliyi, əməkdaşlıq mesajları… Azərbaycanın bölgədə sabitlik və kommunikasiyaların açılması üçün verdiyi təkliflərin gündəmdə olduğu mesajları idi. Mənə görə bunlar önəmli mesajlardır. Yəni biz dövlət olaraq qələbə qazanmışıq, Prezident İlham Əliyev bu qələbəni Ermənistanın əzilməsi üçün deyil, erməni xalqının da normal yaşaması üçün regionda sabitliyin təmin edilməsini istəyir. Bu, Azərbaycanın ortaya qoyduğu xəttdir. Sözsüz ki, bu, eyni zamanda azərbaycanlıların və ermənilərin necə olduğunu göstərən mənzərədir. Həmin çıxışda dünyaya da mesajlar var idi. Yəni status və digər məqamların ortadan çıxdığı, buna hər hansı bir dönüşün olmayacağı ifadə olundu. Mənə görə, bu mesajlar başa düşən üçün kifayətdir. Amma nə qədər qəbul edəcəklər, bu, ayrı mövzudur və zamanla bəlli olacaq. Təxribatlar davam edir. Qənaətimcə, yekun sülh razılaşması olmadıqca, bu cür təxribatlar davam edəcək. Azərbaycan da adekvat tədbirlər görməli olacaq.

– Bu gün bölgədə sülhün və sabitliyin olması Rusiyanın maraqlarına uyğun deyilmi?

– Əslində bu, ona daha çox lazımdır. Çünki Rusiyada iqtisadi böhran davam edir. Sərhədlərində və yaxın regionlarda nə qədər stabillik olsa, onun üçün bir o qədər yaxşıdır. Bir tərəfdən Qara dənizdə problemlər var, digər tərəfdən Cənubi Qafqazda problemlərlə üz-üzədir. Mərkəzi Asiyada dəyişən proseslər var, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirib. Suriya və Aralıq dənizindəki prosesləri, Rusiya-NATO rəqabətini ortaya qatmıram. Bütün bunlara baxdıqda bu gün Rusiya sülhə və sabitliyə ən çox ehtiyacı olan ölkə kimi önə çıxır. Ancaq əfsuslar olsun ki, Rusiya hələ modern siyasət üzərindən hərəkət etməyi tam öyrənməyib. Bütün məsələləri güc yolu və ya Jrivnoskinin ağzını ilə həll etməyə çalışan bir Rusiya siyasəti gündəmdədir. Rusiya Federasiyası modern siyasətin tələbləri üzrə “yumşaq güc”, diplomatik vasitələrdən daha çox hərbi yollarla həll etməyə çalışır. Ən bəsit müqayisə var. Siz Azərbaycan və Ermənistanın Rusiyaya münasibətinə baxın. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə münasibət, Azərbaycan-Rusiya münasibətləri. Bütün problemlərə rəğmən bu istiqamətlərdə inkişaf var.Bakı küçələrində hələ də rusca danışılır və s. Ermənistan Rusiya ilə strateji müttəfiqdir, lakin burada rus dilinin qadağan olması, anti-rus əhvalının olması ortadadır. Jrinovskinin ağzı ilə bizi təhqir etməklə guya Azərbaycanda da rusiyafobiyanın olduğunu yaratmağa çalışırlar. Keçmiş diplomatlarımızdan biri Jrinovskiyə onun dilində cavab verdi. Bunu rus mətbuatı qaldırıb skandal səviyəyə çatdırırlar. Mən hesab edirəm ki, Rusiyada Çar Rusiyasından qalan zehniyyət dəyişmədikcə,biz Rusiyanın bölgədəki sülh istəklərini zəif görəcəyik. Əlbəttə, Rusiyada Azərbaycanı sevən, Türkiyə ilə münasibətləri qurmağa çalışan qüvvələr var, onlar bu münasibətlərin Rusiyaya gətirəcəyi dvidentləri görürlər, amma Rusiyadakı qüvvələrin böyük əksəriyyəti çar Rusiyasından qalma hisslərlə Azərbaycanı öz əraziləri kimi görməyə cəhd edirlər. Bu da bölgəyə sülh və barış gətirmir, məsələlərin iki qonşu dövlətlər arasında əməkdaşlıq şəraitində həllinə problem yaradır. Ancaq Qarabağ müharibəsi də göstərdi ki, azərbaycanlıların vətən anlayışı fərqlidir, istənilən an vətənə qarşı addımlara cavab verməyə hazırdırlar.

– Azərbaycan diplomatik istiqamətdə öz maraqlarını sona qədər qorumaq, istəklərini əldə etmək baxımından resursları nə dərəcədə genişdir?

– Getdikcə imkanlar və təcrübə artır. Azərbaycan bölgədə balanslı siyasət aparmağa çalışır. Azərbaycan diplomatiyanın üzərinə düşən missiyaları yerinə yetirməklə məşğuldur. Bu yetərlidirmi? Bunu zaman göstərər. Azərbaycan faktiki diplomatik mexanizmi işə salıb və bu istiqamətdə sonra qədər işləyəcək./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password