“Bu, Ermənistan üçün daha böyük faciələrə səbəb ola bilər” – Paşinyandan etiraf

 

“Paşinyan son çıxışında etiraf edir ki, hətta uzunmüddətli perspektivdə müharibə ehtimalının qalması Ermənistan üçün daha böyük faciələrə səbəb ola bilər”.

Bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Ermənistan baş nazirinin açıqlamalarına münasibət bildirib:

“Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumətin toplantısındakı çıxışının, yalnız Azərbaycanla imzalanması ehtimal olunan hansısa “sənəd” barədə hissəsini ayrıca şərh etmək, düşünürəm ki, yalnış qənaətlərə yol aça bilər. Öncə Paşinyanın “sənəd” adlandırdığı, ancaq razılaşdırılmadığı bəlli olan və bu səbəbdən də yalnız “layihə” adlandıra biləcəyimiz “kağız”, yaxud elektron fayl “parça”sından başlayaq.

Paşinyan deyir: “Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli müzakirələr aparılır. Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırdığımız həll 100% Ermənistanın maraqlarına uyğundur. Əgər Azərbaycan bu razılaşmalara, bizim müzakirə etdiyimiz şərtlər daxilində əməl edərsə, əlbətdə, mən bu “sənədi” imzalayacağam”.

Diqqət yetirsəniz, Paşinyanın 3 cümləlik fikirlərində bir neçə ziddiyyət var. Ola bilsin ki, bu tələm-tələsik verilən izahatdır və Nikol hökumət üzvlərinə və bu toplantı vasitəsilə rəqiblərinə “hesabat” verəndə bütün detalları düşünmək iqtidarında olmayıb. Yəni əgər üçtərəfli müzakirələr davam edirsə, bu o deməkdir ki, ortalıqda razılaşdırılmış hər hansı bir layihə yoxdur. Belə olduğu təqdirdə Azərbaycan hansı şərtlər daxilində, hansı razılaşmalara əməl etməlidir? Bu sual açıq qalır, çünki Paşinyanın özünün də dediyi kimi yekun razılaşma əldə olunmayıb, müzakirə gedir. Digər tərəfdən, “Ermənistanın maraqlarına 100% uyğun gələn həll” nə deməkdir? İndiki şərtlər, yəni kapitulyasiyanın diqtə etdiyi reallıqlar daxilində, Ermənistanın maraqları hətta sovet dövründə belə qamarladığı torpaqlardan geri çəkiməklə də “təmin edilə” bilər. Bu sadəcə, arxasında hər hansı real razılaşma dayanmayan, icrimai rəyə hesablanmış söz oyunundan başqa bir şey deyil.

Paşinyan daha sonra öz çıxışında yenə də hansısa münaqişədən söhbət açır və adətinə uyğun olaraq, “Fatma cijisindən” – Minsk Qrupu həmsədrlərinin ziddiyyətli, bir-biri ilə uzlaşmayan yanaşmalarından vahid mövqe kimi nümunə gətirir. Amma daha sonra, əsl mətləbə keçir:

“Bu çətin, ağrılı, problemli məsələlərin həlli uzunmüddətli perspektivdə müharibəyə yol verməmək, Ermənistanın və erməni xalqının dinc inkişafına nail olmaq üçün lazımdır”.

Nikol daha sonra deyir: “Bu yüngül olmayan, həddən artıq çətin işdir. Burada siyasi iradə, zərbələri qəbul etmək bacarığı, cəmiyyətlə açıq və vicdanlı dialoq vacibdir və biz bu yolla gedəcəyik”.

Sonuncu sözlər baş nazir səlahiyyətlərini icra edən şəxsin yalnız və yalnız Ermənistanın qarşısında dayanan məsələlərlə bağlı mövqeyini ifadə edir. Paşinyan öz çıxışında etiraf edir ki, hətta uzunmüddətli perspektivdə müharibə ehtimalının qalması Ermənistan üçün daha böyük faciələrə səbəb ola bilər. Buna görə də siyasi iradə nümayiş etdirmək və zərbələri qəbul etməyə hazır olmaq lazımdır. Bu isə o deməkdir ki, nə vaxtsa imzalanacaq hər hansı bir sənəd Ermənistan üçün zərbə effekti verəcək. Paşinyan isə indidən, daha sonra cəmiyyəti bu zərbələrə hazırlamaq üçün səsləndirəcəyi mesajların anonsunu verir. Yəni, bəzilərinin iddia etdiyi kimi, Nikol Paşinyanın hökumətin toplantısındakı çıxışı müzakirə edilən və yaxud nə zamansa imzalanması nəzərdə tutulan hansısa “sənəd”in anonsu deyil”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password