Rusiyadan Azərbaycana pul köçürmələri 2 milyard dollar azalıb

 

Rəsmi rəqəmlərə görə, ötən il xarici ölkələrdən Azərbaycandakı fiziki şəxslərə 1 milyard 655 milyon dollarlıq pul köçürməsi gerçəkləşdirilib.

Bu barədə Mərkəzi Bankın açıqladığı məlumatlarda bildirilir.

Qeyd olunur ki, 2022-ci illə müqayisədə xarici ölkələrdən Azərbaycana köçürülən pulun həcmi təxminən iki dəfə azalıb. Ancaq 2022-ci ildən öncəki illərlə müqayisədə Azərbaycana göndərilən pulların həcmi hələ də yüksəkdir.

Məsələn, 2021-ci ildə Azərbaycana cəmi 1 milyard 133 milyon dollar köçürülmüşdü. 2022-ci ildə pul köçürmələrindəki kəskin artım Rusiya və Ukrayna arasında müharibənin başlamasından qaynaqlanmışdı.

Həmin vaxt Rusiya banklarına sanksiyaların tətbiqi və digər məhdudiyyətlər üzündən Rusiyada yaşayan Azərbaycan əsilli şəxslər öz vəsaitlərini Azərbaycana köçürməyə başlamışdı. Artıq bu proses səngidiyindən pul köçürmələrinin həcmi də azalıb.

Pul köçürmələrinin həcmindəki azalmanın Rusiya ilə bağlı olmasını rəsmi rəqəmlər də sübut edir. 2022-ci ildə Rusiyadan Azərbaycana 3 milyard dollara yaxın vəsait daxil olduğu halda, 2023-cü ildə bu rəqəm 1 milyard dollara geriləyib. Bununla belə, Rusiya, ənənəvi olaraq, Azərbaycana ən çox pul göndərən ölkədir. Ötən il Azərbaycana daxil olmuş pul köçürmələrinin 63 faizi bu ölkənin payına düşüb. Rusiyadan sonra Azərbaycana ən çox pul köçürülən digər ölkələr Türkiyə (164 milyon dollar) və ABŞ-dir (74 milyon dollar).

Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə isə Türkiyədir. Ötən il Azərbaycandan Türkiyəyə 146 milyon dollar köçürülüb. Türkiyənin Azərbaycandan xarici ölkələrə köçürülən vəsaitdə payı 27 faizə yaxındır. Türkiyədən sonra Azərbaycandan ən çox pul göndərilən ölkələr Rusiya (74 milyon dollar) və Gürcüstandır (59 milyon dollar).

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password