İranla gərginlik ABŞ-a milyardlar qazandırır – Nəimi
ABŞ-la İran arasında gərginliyin azı 44 illik bir tarixi var. Tehranda ABŞ səfirliyinə böyük hücumdan sonra iki ölkə arasında münasibətlər düzəlmək bilmir. Ancaq bunun görünməyən tərəfləri var.
Bu sözləri güneyli siyasi şərhçi Mehdi Nəimi ABŞ Prezidenti Co Baydenin İordaniyada ABŞ bazasına hücuma görə İanın məsuliyyət daşıdığı və buna cavab veriləcəyi haqda açıqlamasını şərh edərkən deyib.
Amerikalı əsgərlərin öldürülməsinə görə qisas əməliyyatının olacağını bildirən Mehdi Nəimi qeyd edib ki, ABŞ İrana birbaşa zərbə endirməyəcək:
“Hələ Ruhulla Xomeyni Fransada ikən supergüclərlə, özəlliklə, Amerika ilə anlaşaraq, Tehranda şah rejimini devirib, “islam respublikası” qurdu. Bunun İran xalqından daha çox Xomeynini hakimiyyətə gətirənlər üçün faydası vardı. Bu fayda hərbi və iqtisadi sahədə daha çox gözə çarpırdı. Sonrakı illərdə Rusiya və Çin də fayda götürənlər sırasına daxil oldu. Qərb və ABŞ əməkdaşlıqdan birbaşa, o biri ölkələr dolayısı ilə faydalanırdılar. SSRİ İranla savaş edən İraqa silah satmaqla gəlirini artırırdı.
İranın siyasəti nəticəsində milyardlarla dollar qiyməti olan ABŞ silahları Tehranın qonşu ölkələrinə, özəlliklə Bəsrə körfəzinin sahilində yerləşən dövlətlərə satılır. Vaşinqton İranı “xoxan” kimi təqdim etməklə, öz silahlarını varlı ərəb ölkələrinə sata bilir. Bu məntiqlə yanaşsaq, Ağ Evin İrandakı mövcud rejimi yıxmaq niyyəti bir az anlaşılan olmaz. Buna görə Baydenin İrana birbaşa hücum edəcəyi ilə bağlı proqnozlar özünü doğrultmur”.
O bildirib ki, bu münaqişələr ictimailəşməsəydi, bəlkə də vəziyyət bu dərəcədə gərginləşməzdi:
“Tramp dönəmində Afrika ölkələrinin birində ABŞ-ın dörd əsgəri öldürüldü. Bu qədər ictimailəşmədiyindən gərginlik də olmadı. Amma İordaniyada baş verən hücumda 3 əsgərin ölümü bomba kimi partladı. İndi ABŞ cavab vermək məcburiyyətində qalıb. Lakin bu cavab müharibə səviyyəsində olmayacaq. ABŞ bölgədə, xüsusilə də İranda müharibənin alovlanmasına razı olmaz. Hədəfdə İranın proksi qüvvələri olacaq. Odur ki, İraqda, Suriyada, Qırmızı dənizdə proksi qruplara qarşı geniş əməliyyat aparılması gözləniləndir. Bununla da dosyeni bağlayacaqlar. Sonra da İranla gizli danışıqlar aparıb gərginliyə müəyyən müddət son qoyulacaq”./axar.az