Kiber dələduzluğun qarşısını necə almaq olar… – “Banklar və mobil operatorlar bu iş üçün xərc çəkməlidirlər”

Son zamanlar müxtəlif SMS-lər və mənşəyi naməlum olan linklərin vətəndaşların mobil nömrələrinə göndərilməsi, onlara qarşı kiber dələduzluq faktlarının çoxalması ilə əlaqədar Daxili İşlər Nazirliyindən əhaliyə xəbərdarlıq edilib və bildirilib ki, vətəndaşlar bu cür cinayətkar əməllərə qarşı hüquq-mühafizə orqanlarına köməklik etsinlər: “Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” – desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” – desə göndərməyin! Kimsə sizə “kampaniya var – ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” – desə etməyin! Kimsə sizə “onlayn iş fürsəti var, pul köçürmələrindən qazana bilərsiz” – desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatlandırmalıyıq: Kömək edin!”
Məsələ ilə əlaqədar “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müvafiq suallarını cavablandırıb. O, bildirib ki, bu sahədə ciddi maarifləndirici işlər aparılmalı, eyni zamanda mobil operatorlar və müştərilərinin təhlükəsizliklərinin təminatı üçün ciddi maliyə ayırmalıdırlar:

“Düşünürəm ki, ilk öncə mobil operatorlar müştərilərinin maraqları nöqteyi-nəzərdən müəyyən addımlar ata bilərlər. Texnologiya imkan verir ki, öz sistemlərində müasir proqramlar qura bilərlər ki, bəzi zərərverici proqramlara, xaricdən gələn mesajlara qarşı effektiv ola bilər. Xarici təcrübə də onu göstərir ki, mobil operatorlar müəyyən qədər xərc çəkməklə, əziyyət çəkməklə bu sistemləri özlərinin mərkəzlərində qura bilirlər. Tam olaraq yüz faizlik nəticə olmasa da, ən azından, öz müştərilərini qorumaq istiqamətindən əvvəlkindən daha yaxşı mühit yarada bilərlər.

İkinci addım ondan ibarətdir ki, operatorlar da, banklar da öz müştərilərinin maarifləndirilməsi istiqamətində işlər aparmalıdırlar, öz müştərilərini ziyanlı proqramlardan və dələduzlardan qorumaq üçün xərc çəkməlidirlər. Maarifləndirmə işi ilə yanaşı, müştərilərə əlavə məlumat məqsədli mesajlar da göndərilə bilər. Burada maarifləndirmə çox önəmlidir.

Üçüncü addım isə müştərilərin özlərinin diqqətli olması ilə bağlıdır. Bura rəqəmsal dünya, rəqəmsal mühitdir. Necə ki real dünyada təhlükələr var, rəqəmsal dünyada da bu mövcuddur. Vətəndaşların özləri də öz elementar təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Diqqətli olmalı, şirnikləndirici mesajlara aldanmamalı, informasiya münasibəti qurduqları şəxslər haqda məlumatlı və ehtiyatlı olmalıdırlar” – deyə, Osman Gündüz əlavə edib./bizimyol.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password