Tokayevdən Kılıçdaroğluya şok – “Bir mismarı da o vurdu”
“Qazaxıstan Kamal Kılıçdaroğlunun təqdim etdiyi “Türk Yolu” layihəsi ilə razı deyil”.
Bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Qazaxıstan prezidentinin Transxəzər nəqliyyat dəhlizi ilə bağlı açıqlamasına diqqət çəkib:
“Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun Böyük İpək Yolu ilə bağlı təklif etdiyi “ölü layihənin tabutu”na bir mismarı da Qazaxıstan lideri vurub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin-Mərkəzi Asiya sammitində bildirdi ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin və Mərkəzi Asiyadan Avropaya gedən marşrutun əsas hissələrindən biridir. Qazaxıstan prezidenti rəqəmsal həllərin tətbiqi və infrastrukturun təkmilləşdirilməsi yolu ilə bu dəhlizin imkanlarını sistemli şəkildə artırmaq niyyətində olduqlarını da açıqlayıb.
Tokayev çinli tərəfdaşları Xəzər dənizi limanlarının imkanlarının genişləndirilməsi, onların fəaliyyətlərinin rəqəmsallaşdırılması, habelə nəqliyyat gəmilərinin birgə hazırlanması sahəsində qarşılıqlı faydalı əməkdaşlığa dəvət edib.
Məlum olduğu kimi, Kılıçdaroğlunun təklif etdiyi variantda marşrut Xəzər dənizindən və limanlarından yan keçib. Görünən budur ki, müxalifət liderinin “proje”si heç kəs üçün məqbul deyil. Eləcə də onun bu “layihə”də geniş yer ayırdığı Mərkəzi Asiya ölkələri”.
Müxalifətin Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlu ötən günlərdə seçkiqabağı kampaniya çərçivəsində İpək Yolu ilə bağlı “beynəlxalq proje”sini təqdim edib. CHP lideri Türkiyədən Çinə qədər uzanan və “Türk Yolu” qoyduğu projedə Azərbaycana yer verməyib. Kılıçdaroğlunun Azərbaycana qarşı qərəzli yanaşması ölkəmizdə və Türkiyədə etirazlara səbəb olub./teleqraf.com