Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı Siyahı”sı müəyyənləşdiriləcək.
Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, dopinqlə mübarizə sahəsində Milli Əlaqələndirici Mərkəz olan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) müşahidələri son dövrlərdə bu problemin daha da aktuallaşdığını deməyə əsas verir. Dopinq vasitələrinin hətta fitnes mərkəzlərində satışının həyata keçirilməsi ilə bağlı AMADA-ya məlumatlar daxil olur.
Daxil olan məlumatların və müraciətlərin təhlili bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin zəruri olduğunu göstərir. Dopinqlə mübarizə sahəsində səlahiyyətli qurum olan AMADA problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb.
Tədbirlər planında dopinq vasitələrinin bazarının geniş təhlil edilməsi və aidiyyəti dövlət qurumları ilə birgə mübarizə tədbirlərinin gücləndirilməsi əksini tapıb.
Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin artırılması nəzərdə tutulub. Bundan əlavə dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı Siyahı”sının müəyyənləşdirilməsi və bu siyahının müvafiq dövlət qurumlarına təqdim edilməsi planlaşdırılır.