“Azərbaycanla Ermənistan arasında müharibənin başlanma ehtimalı çox azdır”

 

“Bu il Zəngəzur dəhlizinin açılacağına inanıram. Düzdür, burada sadəcə dəhliz deyil, eyni zamanda yolun çəkilməsi kimi digər məsələlər də var”. 

Bunu açıqlamasında Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, erməni tərəfinin qalıcı sülhə oturdulması məsələsi bir qədər zaman ala bilər: “Ehtimal daha çoxdur ki,  Ermənistan tərəfi Paşinyan dönəmində qalıcı sülhə imza atmağa çalışacaq. Təbii ki, bu cür məsələlər asan məsələlər deyil. Əsas etibarı ilə, bu iki ölkə arasındakı anlaşılmazlığın ortadan qaldırılması məsələsidir ki, erməni tərəfini müharibədə udmaq, onları bu təbliğat savaşında inandırmaqda daha asandır. Çünki ermənilər elə bir vizyon yaradıblar ki, özləri belə bunun içində batıb gediblər. Dövlət olaraq bir dövlətləri yoxdur, işğal etdikləri ərazilərimizə işğal müddətində heç əhali də yerləşdirə bilməmişdilər, inkişaf edə bilmədilər. Ermənistanın iqtisadiyyatı bu gün bərbad gündədir, ordusu darmadağın olub. İkinci Qarabağ müharibəsinin Ermənistana nə qədər ağır bədəllər gətirdiyini unutmamaq lazımdır. Habelə, erməni tərəfinin içində siyasi sabitliyin olmaması, eyni zamanda onlar tərəfindən atılan sazişin müddəalarını icra etməməsinə səbəb olur. Digər tərəfdən, erməni tərəfi imza atmaq istəsə belə, Rusiya bu məsələnin bitməməsi üçün əlindən gələni etməyə çalışacaq”.

Politoloq hesab edir ki, bu il Azərbaycanla Ermənistan arasında müharibənin başlanması ehtimalı çox azdır: “İki ölkə arasında müharibənin olacağına inanmıram, çünki bu, Rusiyanın işinə yaramır. Rusiya artıq istədiyini əldə edib, Ermənistan da bunu istəməz. Çünki ölkə bu gün xaos içərisindədir, Azərbaycan ordusunun da gücü bəllidir. Üçüncüsü, Rusiya və Ermənistan bilir ki, Azərbaycan-Türkiyə ilə ciddi bir saziş imzalayıb. Qeyd edim ki, Şuşa Bəyannaməsi çox vacib məsələdir. Üçüncü dövlət hücumuna qarşı Azərbaycan və Türkiyə bir-birinə yardım edəcək ki, bu da özlüyündə çox mühüm məsələlərdən biri hesab olunur. Ona görə də, bu bölgədə müharibə deyil, kiçik lokal çatışmalar ola bilər. Bilirsiniz ki, mütəxəssislər hər şeyi göz önünə almalıdır. Əgər Rusiya müharibəni başlatmaq istəsə, bir münaqişə çıxa bilər. Amma bu kimin xeyrinə olacaq? Tamamilə Rusiya və Ermənistanın xeyrinə olmayacaq. Ona görə də, Rusiyanın da bu cür məsələyə görə, Türkiyə və Azərbaycanla açıq konspirasiyaya getmə ehtimalı olduqca zəifdir, həm də bu, davamında çox fərqli şeyləri ortaya çıxarda bilər. Cənubi Qafqazda xüsusilə, Azərbaycanın və Türkiyənin güclü olduğu, məsafə olaraq da yaxın olduğu bir yerdə Rusiyanın belə bir məcraya girişməsi Rusiyanın hesablamadığı bir çox şeylərlə də nəticələnə bilər ki, ruslar da bu riski almazlar. Ermənilər də izin verməzlər deyə, ehtimal edirəm, amma digər hallarda hər şey mümkündür. Bu da ayrıca məsələdir”./demokrat.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password