Çin fəallaşmağa başladı: “Qazaxıstan Rusiyadan tam asılı olsa…”

 

“Qazaxıstanda marağı olan əsas dövlətlər bunlardır: Rusiya, ABŞ, Türkiyə və Çin. Pekin ilk günlərdə qonşu ölkədəki proseslər barədə açıqlama vermədi, hadisələri müşahidə edirdi. Ancaq Qazaxıstan Çin üçün vacib dövlətdir. Birincisi, Qazaxıstana ən çox investisiya qoyan ölkə məhz Çindir. İkincisi, Qazaxıstan Çinin uyğurlar yaşayan bölgəsiylə həmsərhəddir. Ona görə də Pekin Qazaxıstandakı olaylara seyrçi qala bilməzdi”.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlama verərək, Qazaxıstanda sabitlikdə maraqlı olduqlarını bildirdi:

“Pekini Qazaxıstandakı olaylarda qorxudan bir neçə amil var.

Birincisi, Pekin hesab edir ki, Qazaxıstandakı hadisələr Vaşinqtonun “rəngli inqilab” ssenarisinin davamıdır. Halbuki Vaşinqtonun Qazaxıstanda “rəngli inqilab” həyata keçirmək üçün əlində güclü aləti yoxdur. Buna baxmayaraq, çinli rəsmilərin məntiqinə görə, Vaşinqton Qazaxıstanda xaos yaratmaqla Rusiya və Çinin qonşuluğunda yeni böhran məkanı formalaşdırmağa çalışır. Bu mənada çinli rəsmilərin məntiqi rusiyalı rəsmilərin məntiqinə bənzəyir. Rusiyalı rəsmilər də 2013-cü ildə Ukraynada “Maydan” hərəkatının arxasında Vaşinqtonun dayandığını iddia edirdilər. Ancaq bu iddiaların tam tərsi baş verdi. Məhz Rusiya Ukraynada “Maydan” hərəkatını əlində bəhanə edərək Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yaratdı. Vaşinqton isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir. Eyni sözləri Qazaxıstana da şamil etmək olar. Qazaxıstanı parçalamaq, bu ölkədə xaos yaratmaq Vaşinqtonun nəyinə lazımdır? Axı nəticədə Qazaxıstandakı xaosdan Kreml yararlanacaq, bu ölkəni nəzarət altında saxlamağa çalışacaq. Bu isə Amerikanın maraqlarına ziddir.

İkincisi, Pekin Qazaxıstandakı hadisələrdə millətçi qruplardan ehtiyatlanır və hesab edir ki, həmin qruplar uyğurlarla birləşərək Çinə problem yarada bilərlər. Əlbəttə, Qazaxıstanda millətçi qruplar mövcuddur. Ancaq Qazaxıstanda meydanlara çıxanların mütləq əksəriyyəti korrupsiya ilə mübarizə, sosial problemlərin həlli və klan hakimiyyətinə son qoyulmasını tələb edirlər. Əslində Pekini qorxudan elə budur. Qazaxıstanın demokratikləşməsi domino effekti verə bilər. Pekin Qazaxıstanda azad parlament və prezident seçkilərinin keçirilməsini arzulamaz. Çünki bu qonşu ölkələrə də nümunə olacaq. Çin Kommunist Partiyası isə ölkəni avtoritar üsullarla idarə etməkdən başqa alternativ görmür”.

Üçüncü amilə gəldikdə, məqalədə vurğulanıb ki, Pekin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana hərbçi göndərməsinin əleyhinə olmasa da, Rusiyanın Qazaxıstana təkbaşına hakim olmasından da ehtiyat edir:

“Çin Rusiyanın strateji tərəfdaşıdır. Ancaq bu iki ölkənin iqtisadi maraqları fərqlidir. Pekin ehtiyat edə bilər ki, Qazaxıstan tamamən Rusiyadan asılı vəziyyətə düşsə, Kreml Nur-Sultandan tələb edə bilər ki, layihələrdə üstünlüyü Çin şirkətlərinə deyil, Rusiya şirkətlərinə versin. Hazırda Çin şirkətləri Qazaxıstanda böyük layihələrə malikdirlər, neft və qazın istismarında böyük payları var. Ona görə də Çinin Qazaxıstandakı səfirliyi açıqlama verərək, şirktələrinə Qazaxıstandakı çalışmalarını davam etdirmələrini məsləhət görüb. Açıqlamada əsas cümlə budur: “Qazaxıstan Çin üçün böyük bazardır və bazarı tərk etmək olmaz”. Ona görə olmaz ki, Çini bu bazarda əvəz edəcək dövlət və şirkətlər kifayət qədərdir.

Beləliklə, Çinin rəsmi dairələri Qazaxıstandakı hadisələri diqqətlə izləyirlər. Pekin Qazaxıstanda avtoritar üsul-idarənin davam etdirilməsini istəyir. Pekin qonşuluğunda demokratik ölkə istəmir. Pekinin münasibətlərinin gərgin olduğu ölkələrdə – ABŞ, Hindistan, Yaponiya və Avstraliyada demokratik üsul-idarə və azad seçki mövcuddur. Bu Pekinin baxışına ziddir. Ona görə də Moskva kimi Pekin də ətrafında demokratik ölkələrin sayının artımasını arzulamır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password