Rusiya MDB məkanında fəallaşır: “Türkiyə cavabsız qalmayacaq”

 

“Rusiya yenə də ənənəvi siyasətinə sadiq qalaraq çalışacaq ki, Ermənistan-Türkiyə sərhədləri açılmasın”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Cenevrədə keçiriləcək NATO-Rusiya, eləcə də Rusiya-ABŞ danışıqları regionumuza da təsirsiz ötüşməyəcək:

“Moskva MDB məkanında öz təsir dairəsini gücləndirmək istəyir, buna görə də NATO-nun bölgə ölkələri ilə hərbi-siyasi əməkdaşlığına qarşıdır. NATO isə Şərqə, yəni post-sovet məkanında doğru genişlənmək siyasətində Rusiyaya güzəştə getməyəcəyini açıqlayıb. Digər yandan isə Cenevrədə başlayacaq danışıqlar Rusiyaya özünü beynəlxalq aktor kimi tanıtmaq və bunu qəbul etdirmək üşün lazımdır.

Hesab edirəm ki, Kreml bu danışıqlarda NATO-nu Ukrayna, Gürcüstan və Moldova ilə bağlı hədəflərindən daşındırmağa çalışacaq. Kremlin məntiqinə görə, keçmiş sovet məkanı Rusiyanın “arxa bağça”sıdır. KTMT-nin bugünkü iclasında Putin Qazaxıstanı “bizim ev” adlandırması da Qərbə bir mesajdır. Rusiya lideri bu mesajı həm də Mərkəzi Asiyaya gözünü dikmiş Qərbə, konkret desək, ABŞ-a ünvanlayıb. Buna görə də, Rusiya bu danışıqlardan istifadə edərək, ABŞ və NATO-nu bu bölgə ilə bağlı hədəflərindən yayındırmağa çalışacaq”.

 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Putin Qazaxıstan olaylarından sonra dünyanın yenidən bölüşdürülməsi məsələsini gündəmə gətirmək istəyir:

“Təbii ki, Rusiyanı qlobal güc kimi görməyən ABŞ və NATO-nun bunu qəbul edəcəyi inandırıcı görünmür. Bu isə Rusiya ilə başlanacaq danışıqların müsbət nəticələrlə yekunlaşacağı ehtimalını zəiflədir.

Cənubi Qafqaza gəldikdə, Putinin hazırkı siyasəti regionumuzun təhlükəsizliyini də təhdid edir. Hesab edirəm ki, Azərbaycan Rusiyadan gələ biləcək hədə və təhdidləri Türkiyə ilə dəf edə bilər. Türkiyə NATO ölkəsidir. Yəni Ankaranin bölgədə güclənməsi NATO və ABŞ-ın Cənubi Qafqazla bağlı geosiyasi maraqlarına cavab verə bilər. Son zamanlarda ABŞ-Türkiyə əlaqələrində yaranmış isinmə də bu mənada maraqlıdır.

Rusiya isə yenə də ənənəvi siyasətinə sadiq qalaraq çalışacaq ki, Ermənistan-Türkiyə sərhədləri açılmasın. Eyni zamanda, Ermənistanla Azərbaycan arasındakı gərginliyin davam etməsinə çalışacaq. Çünki bu məsələ Rusiyanın bu iki ölkəyə təsir etməsi üçün əsas təzyiq alətidir. Türkiyənin isə Rusiyanın bu addımlarına cavabsız qalacağını düşünmürəm. Bölgədə özünə yer edən Türkiyənin praktiki addımlar atacağı qənaətindəyəm. Son günlərdə Türkiyə müdafiə və xarici işlər nazirlərinin aktiv şəkildə Azərbaycana dəstək açıqlamaları verməsi də Rusiyaya mesajdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password