Problemli kreditlər məsələsi nə vaxt həll ediləcək?
Problemli kreditlər məsələsi hələ də Azərbaycanın maliyyə gündəliyində problem olmaqdan çıxmayıb.
Millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında bu kateqoriyadan olan kreditlərin həcminin 1 milyard manata yaxın olduğunu deyib.
Onun sözlərinə görə, problemli kreditlərin hazırkı həcmi böyükdür.
Vüqar Bayramov qeyd edib ki, buna səbəb kreditlərin verilməsi zamanı vətəndaşların ödəmə qabiliyyətlərinin dərindən araşdırılmaması olub. Bu isə ödəmə qabiliyyəti zəif, ancaq yüksək məbləğdə kredit alanların bir neçə ay sonra ödəmələrində ciddi problemlər yaradıb. Millət vəkili əlavə edib ki, problemli kreditlərin həlli üçün gələn ilin dövlət büdcəsində müəyyən məbləğ nəzərdə tutulub.
Deputat bildirib ki, ayrılması nəzərdə tutulan vəsait problemli kreditlərin həcmi ilə müqayisədə çox az olduğundan bu məsələnin həlli üçün yeni mexanimzlərə ehtiyac var. Bu məsələ həll edilməyənədək isə bank sektorunun inkişafında çatışmazlıqlar davam edəcək.