Terrorun yeni episentri Kabildir: Türkiyə əsgərini niyə çıxardır?

Türkiyə əsgəri Kabil hava limanından çıxır: türk sülhməramlı kontingentinin tərkibində olan 120 Azərbaycan əsgəri də Əfqanıstandakı vəzifəsini başa vurur.

Ankara Talibanla bu istiqamətdə müzakirələrə davam edirdi və yekunda qərar çıxmaqla bağlı oldu.

Bölgədən çıxan ABŞ yerinə Türkiyənin “hakim” kimi qalmasına razılaşmışdı: Vaşinqton Türkiyənin NATO içində lokomotiv rolunu önə çəkməklə Ankaranın Moskva və Pekinlə arasına “təbii sədd” çəkir;

Türkiyənin də Əfqanıstanda qalmaqda strateji hədəfləri var idi: NATO-da, Mərkəzi Asiyada, eləcə də Çin qarşısında əlini gücləndirir, Rusiyanı Mərkəzi Asiyanın təhlükəsizliyinin təmin edilməsində onunla hesablaşmağa məcbur edir, Pakistan-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə xəttini birləşdirə bilir;

Çıxmaq qərar “nə baş verdi” sualını önə çıxarır:

1. Taliban bütün xarici hərbi qüvvələrin çıxmasını “qırmızı xətti” elan etdi;

2. Türkiyə Kabildə hərbi mövcudluğunun riskli olduğunu gördü;

Birinci məqam Türkiyə üçün həlledici deyildi, çünki Pakistan-Taliban masasında Kabil hava limanının təhlükəsizliyinin türk ordusu tərəfindən qorunması razılaşması var idi, o cümlədən, Talibana “yaşıl işıq” yandıran Vaşinqton da bu mövqedə idi.

İkinci məqam əsas faktordur: Hulusi Akar “təhlükə olacağı təqdirdə, 24 saatda çıxacağıq” demişdi və çıxmaq qərarının 24-36 saat içində icra edilməsi planı da Ankaranın təhlükədən xəbərdar olduğunu göstərir.

Kabildə baş verən partlayışlar bunu təsdiqlədi. Taliban gəlişindən sonra terrora imkan verməyəcəyi vədini vermişdi, lakin Kabil terroru və bunu İŞİD-in üzərinə götürməsi iki ehtimalı önə çıxarır:

– Taliban daxilində monolitlik yoxdur və terrorçular siyasi qanadın mövqeyi ilə razılaşmır;

– Kabil hava limanına nəzarəti əldə etmək və əhalinin gedişinin qarşısını almaq üçün Taliban özü bu partlayışlarda maraqlıdır;

Ən vacib məqam Türkiyənin çəkilmə qərarından bir neçə gün öncə Kabildə keçirilən ABŞ-Taliban görüşüdür. “Vaşinqton Post” qəzeti

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Kabildə Talibanın siyasi lideri Abdülqani Bəradərlə gizli görüş keçirdiyini yazırdı.

Talibanın bu görüşdən sonra xarici hərbçilərin qalmasını “qırmızı xətti” elan etməsi, ardınca terror aktının törədilməsi və bu terroru məhz İŞİD-in üzərinə götürməsi diqqət çəkir: ABŞ Əfqanıstanda təhlükəsizliyə heç kimin zamin olmasını istəmir və terrorun coğrafi episentri Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür.

“Əfqanıstan bataqlığı: Zəngəzurdan Kabilə uzanan mübarizə” yazısında ABŞ-ın bölgədən çıxışının hədəflərindən birinin bu olduğunu yazmışdıq:

“Əfqanıstan İslam Əmirliyi terrorçular üçün çətir rolunu oynaya bilər:

– “Ərəb baharı”ndan sonra yaradılan İŞİD həm də terrorçuların yetişdirilməsi missiyasını yerinə yetirirdi: Mərkəzi Asiyadan (Özbək İslam Hərəkatı, Tacikistanda olan radikallar) Çindəki uyğurlara qədər müxtəlif qruplar “islam dövlətinin bayrağı altında” təlim keçdilər; İŞİD-in “yox olması”ndan sonra bu terrorçular “yer altına” çəkildi və mümkündür ki, Talibanın İslam Əmirliyinin bayrağı altına toplanacaqlar;

– Yaxın Şərq müharibəsində Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vadisi terrorçuların Əfqanıstana keçidi və əks istiqamətə hərəkəti üçün əsas marşrut idi: mümkündür ki, bu marşrutu Əfqanıstan İslam Əmirliyinə doğru yenidən aktivləşəcək;

– ABŞ terrorçu kimi tanıdığı Talibanın Əfqanıstanda hakimiyyətə gəlişinə və İslam Əmirliyi yaratmasına “yaşıl işıq” yandırmaqla terroru legitim gücə çevirə bilər: Əl-Qaidə, İŞİD kimi təşkilatlar legitim güc deyildi, Əfqanıstan İslam Əmirliyi isə hazır dövlətdir”;

Kabildə İŞİD terroru bu gözləntini doğruldur: görünür, Suriyada “dəfn edilən” terror Əfqanıstanda dirildirilir…

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password