Xınalıqda qəzalı evlərin təmiri ilə bağlı yaranan suallara Turizm Agentliyi aydınlıq gətirdi

 

Aktualinfo.org saytında 23 avqust 2021-ci il tarixidə dərc olunmuş, “Turizm Agentliyi Xınalıqda bir evin təmir, bərpasına nə qədər vəsait xərcləyəcək?” başlıqlı məqalədə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmir və bərpa işləri üzrə keçirilmiş tender proseduru ilə bağlı ortaya qoyduğumuz bir çox sullara Dövlət Turizm Agentliyi öz mövqeyini bildirib.

Məqalədə qeyd olunan məsələlərlə və qoyulan sualların hər biri ilə bağlı DTA-nın Maliyyə və Texniki Təchizat şöbəsinin müdiri Kamil Zalıyevin ətraflı açıqlamasını olduğu kimi təqdim edirik. 

Azərbaycan Respublikasının Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən mədəni irs nümunəsidir. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu tərəfindən  230-dan çox ev qeydə alınmışdır.  Onlardan 155 ev ənənəvi üsulla tikilmişdir və qədim hissəni əhatə edir. Digər 75-ə yaxın ev sakinlər tərəfindən qədim hissədən aralı yerli sakinlərin “Yeni Xınalıq” adlandırdığı hissədə tikilmişdir.  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən 2010-2011-ci illərdə Qoruğun müraciəti əsasında əraziyə baxış keçirilmiş və 155 evdən 94 ev qismən bərpa edilmişdir. Ancaq hazırda həmin evlərin də bərpasının istismar müddəti bitmişdir. Vətəndaşların ölkə rəhbərliyinə və Dövlət Turizm Agentliyinə dəfələrlə etdikləri müraciətləri nəzərə alaraq Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində təxirəsalınmaz tədbirlərin icrasına başlanılmışdır.  

Qışı sərt keçən Xınalıq kəndi ərazisində evlərin əksəriyyətində uçqunlar olmuşlar və vətəndaşların həyatı ciddi təhlükə altında qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iş həcmi mərhələlərə bölünmüşdür. İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib təmir-bərpa layihəsi hazırlanmışdır. Görüləcək işlərin 16 evlə bu ildə məhdudlaşdırılmasının digər əsas səbəbi dağlıq və sərt iqlimi olan Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay olmasıdır (May- Sentyabr).  Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanmışdır. Layihə institutu tərəfindən hazırlanan layihələr FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə müvafiq rəy verilməsi üçün təqdim edilib.  

Layihə smeta sənədlərinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq rəyi alınıb. Bu rəy və smetaya uyğun olaraq FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən cari qiymətlər səviyyəsində ehtimal dəyəri tərtib olunub. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilən qiymət əsasında Dövlət Turizm Agentliyi tərəfindən tender keçirib.  

Xınalıq kəndində bərpası nəzərdə tutulmuş evlər 1-ci mərtəbəsinin hündürlüyü 2.4 m olmaqla 2 mərtəbədən ibarətdir. 1 mərtəbə üzrə orta sahə 135 m2 təşkil edir. Bərpa təmir işləri çərçivəsində qəzalı vəziyyətdə olan bu evlərdə bünövrə və divarların gücləndirilməsi, təxminən 40% uçma təhlükəsi olan divarların sökülüb yenidən tikilməsi, dam örtüyünün sökülüb yerli tipologiyaya uyğun yenidən qurulması, qapı və pəncərələrin yenilənməsi nəzərdə tutulmuşdur. Ümumilikdə 16 ev üzrə təmir bərpa olunan sahə 4352 m2 təşkil edir. Tenderdə təklif olunmuş məbləğin ümumi işin həcminə nisbətinin bazar qiymətlərindən artıq olmadığı aydın başa düşülür.  

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərar layihəsinə uyğun olaraq “Xınalıq kəndi” dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu “Xınalıq, orta əsr dağ kəndi” adı ilə 2020-ci ildə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmişdir və cari ildən müvafiq olaraq YUNESKO nominasiya faylının yazılması prosesi başladılmışdır. Məlum olduğu kimi, hər hansı bir abidənin ümumdünya irs statusu alması üçün o, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin müəyyən etdiyi 10 meyardan birinə uyğun gəlməlidir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı İlkin Siyahı sənədində Xınalıq III, IV və V meyarlara uyğun gəlir və müvafiq olaraq Xınalıq xalqının qədim dilini, köçəri yaşayış tərzini, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələrini və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzini araşdıraraq onun müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.  

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Xınalığın özünəməxsus memarlıq elementləri onun əsas mədəni irs dəyər atributlarından biridir. Dövlət Turizm Agentliyinin mərkəzi icra hakimiyyəti orqanı kimi əsas vəzifəsi tabeliyindəki qoruqların mədəni irs elementlərini qorumaq və konservasiya etməkdir. Tarixi dəyərləri silib yeniləri ilə əvəzləmək Dövlət Turizm Agentliyinin mədəni irs strategiyasına ziddir.  

Yuxarıda qeyd edildiyi kimi Dövlət Turizm Agentliyi tərəfindən mədəni irs ərazilərində görülən bütün təmir-bərpa işləri mədəni irs dəyərlərini qorumaqla mühafizəyə əsaslanır. Təsadüfi deyil ki, tərəfimizdən ərazidə təmir-bərpa işlərini başlamazdan əvvəl beynəlxalq standartlara uyğun Dünya İrs Komitəsinin tövsiyələri əsasında “Xınalıq- Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanmışdır. Xınalıq memarlığının aşağıdakı atributları təmir-bərpa layihəsində qorunmaqla yanaşı, Xınalığın əsas dəyər elementləri kimi “Xınalıq-orta əsr dağ kəndi” nominasiya sənədinə salınmışdır.  

Düz (yastı) dam 

Taxta şüşəbəndlər və pəncərələr 

Taxta tirlər 

Ornamentli sütunlar 

Evin daxilindəki tağçalar 

Buxarılar 

Muroqlar (dam içi bacalar) 

 Dövlət Turizm Agentliyi tərəfindən şəffaf və elektron qaydada tenderlər keçirilir. Tenderlərin keçirilməsi və nəticələrini elektron qaydada izləmək mümkündür. Dövlət Turizm Agentliyi tərəfindən “Star Constuction-12” şirkətinə məxsus hüquqi və maliyyə sənədləri yoxlanılmış və hər hansı problemə rast gəlinməmişdir. Şirkətlə bağlı qeyd etdiyiniz məsələlərin araşdırılması və bununla bağlı tədbirlərin görülməsi Dövlət Turizm Agentliyinin səlahiyyətləri çərçivəsində deyil.  Dövlət Turizm Agentliyi səlahiyyətləri çərçivəsində tenderlərin keçirilməsini təşkil edir və ölkədəki şirkətlərə bu tenderlərdə maneəsiz və şəffaf əsaslarla iştirak etməyə şərait yaradır.  

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password