Politoloq: “Ermənistanda seçkilərin nəticəsindən asılı olmayaraq Putin buna imkan verməz…”

 

“Düşünürəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq istər Paşinyanın, istərsə də Qarabağ klanı təmsilçilərinin hakimiyyətdə olacağı təqdirdə rəsmi İrəvan heç bir vəchlə Azərbaycan torpaqlarındakı separatçı rejimlə münasibətlərindən imtina etməyəcək. Çünki bu, həmin hakimiyyətin qısa zaman kəsimində sonunu gətirib çıxara bilər və millətçilik azarına mübtəla olmuş erməni toplumu da bunu, yəqin ki, istənilən hakimiyyətə bağışlamaz”. 

Bu fikirləri iyunun 21-də qəsbkar Ermənistanda gözlənilən erkən parlament seçkilərindən sonra Yuxarı Qarabağ və  Zəngəzur istiqamətindəki proseslərin necə dəyişəcəyi haqda danışan politoloq Elşən Manafov dilə gətirib.

“Amma, əlbəttə, Qarabağ klanı təmsilçilərindən birinin hakimiyyətə gələcəyi təqdirdə, təbii ki, biz Qarabağdakı separatçı rejimlə münasibətlərin daha da gücləndirilməsi və həmin rejimin Azərbaycanın ərazi bütövlüyünü təhdid edən hərəkətlərə yol verə biləcəyi ilə bağlı prosesləri də izləyə bilərik. Hərçənd ki, bölgədə Rusiya sülhməramlılarının varlığı amili də var. Və Rusiya heç bir vəchlə bölgədə tərəflər arasında növbəti bir münaqişənin başlanmasına yol verməyəcək. Çünki birincisi, bu, Kremlin bölgə ilə bağlı geo-siyasi maraqlarına uyğun deyil. İkincisi də, hal-hazırda yeni münaqişə və münaqişənin yarada biləcəyi reallıqlar dünya birliyi qarşısında Rusiyanın sülhməramlı imicinə zərbə vura bilər. Və hesab edirəm ki, Putin iqtidarı buna yol verməyəcək” –deyə həmsöhbətimiz fikirlərinin davamında bildirib.

Politoloq regionda sabitliyin yaranmasında Rusiya ilə yanaşı, bir sıra digər dövlətlərin də maraqlı olmasının  Zəngəzur nəqliyyat-kommunikasiya dəhlizinin açılmasına təkan verəcəyindən də danışıb.

“Digər tərəfdən, bölgədə növbəti münaqişələrin baş verməməsi üçün əslində Kreml də çalışır ki, Meğri-Zəngəzur ərazisindən nəqliyyat-kommunikasiya dəhlizinin açılması ilə bağlı Moskva razılaşmasının şərtləri qısa müddətdə yerinə yetirilsin. Azərbaycan Prezidenti də son açıqlamalarında qeyd etdi ki,  bəhs edilən dəhlizin açılması perspektivdə bölgəni yeni münaqişələrə sürüklənmə təhlükəsindən azad edə bilər. Əlbəttə ki, bölgədə geo-siyasi və geo-iqtisadi maraqları olan istər region, istərsə də dünya dövlətləri, o cümlədən Avropa və Asiya arasında iqtisadi-ticari münasibətlərin genişlənməsi və yüksəlişində maraqlı olan Avropa Birliyi, eləcə də Çin bu burada növbəti dəfə sabitliyin pozulmasına və bölgəyə investisiyalar yatırılmasına ciddi təhlükələr yarada biləcək növbəti münaqişənin alovlanmasına  yol verməyəcək. Bu mənada Rusiya iqtidarının Megri dəhlizinin açılması ilə bağlı məsələdə Ermənistana, orada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq təsir imkanları kifayət qədər böyükdür və deyərdim ki, hətta  Qərb dövlətləri ilə müqayisədə həlledicidir. Yeri gəlmişkən, Rusiyanın ABŞ və Fransa ilə müqayisədə hər halda son məqamda özünün vasitəçilik təkliflərini ortalığa qoyması və gerçəkdən münaqişə tərəfləri arasında, nəhayət ki, atəşkəsin əldə edilməsi ilə bağlı məsələdə mühüm rol oynaması məhz Kremlin öz maraqlarından irəli gəlir.

Meğri dəhlizi bölgə dövlətlərindən Türkiyə kimi İranın da maraqlarına cavab verir. İran özü də anlayır ki, Ermənistanla özünün ayrıca dəmir yolu xəttinin  çəkilməsi üçün 3,6 milyard dollar vəsaitə ehtiyac var. Amma Zəngəzur ərazisindən dəhlizin açılacağı təqdirdə bu qədər vəsaitin yatırılmasına ehtiyac qalmayacaq. Və nəticədə İranın da region dövləti kimi istər Asiya, istərsə də Avropa ölkələri ilə tranzit münasibətlərinin həyata keçirilməsində rolu və imkanları hədsiz dərəcədə artacaq. Amma bütün hallarda bəhs edilən razılaşmaların həyata keçirilməsindən sonra bölgədə lokomotiv rolunda çıxış edəcək dövlət məhz Azərbaycan olacaq. Bunu Rusiya da, Türkiyə də, İran da, o cümlədən Qərb dövlətləri də anlayırlar. Ona görə də Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, həmin razılaşmaların şərtlərindən məmnun olmayan və Ermənistanın hakim dairələrinə bu və ya digər mənada dəstək vermək istəyən dairələr “bizi əsəbiləşdirməsinlər”. Çünki Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasəti ilə yalnız özünün milli təhlükəsizlik maraqlarına deyil, həm də  bölgədə dayanıqlı sülhü, sabitliyi təmin edə biləcək bir siyasətə töhfə verir. Və bu mənada bu reallıqlar, təbii ki, Ermənistan hakim dairələrinin dəyirmanına su tökən məlum qüvvələr tərəfindən də  başa düşülməlidir”- deyə  politoloq vurğulayıb. /moderator.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password