Qarabağda rus dili… – “Uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir…”
Erməni mətbuatı Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət” dili kimi qəbul edəcəyi barədə məlumat yayıb. Bildirilir ki, qondarma “parlament” bu məsələni müzakirə edib təsdiqləyəcək.
Xatırladaq ki, bu barədə hələ ötən ilin dekabrından müzakirələr başlayıb. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov ona ünvanlanan suala müsbət cavab verərək, ölkəsinin bu qərarı ancaq alqışlayacağını bildirib.
Politoloq Elxan Şahinoğlu bildirir ki, bu məsələnin ortaya atılması təxribat olmaqla yanaşı uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir.
Onun sözlərinə görə, keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri erməilərdir.
“Ancaq bu, ermənilərə Rusiyanın vassalı olmasına mane olmur. Halbuki, Rusiyannın siyasi dairlərində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var,“-deyə ekspert vurğulayıb.
Politoloq hesab edir ki, buna baxmayaraq, erməni separatçılarının rus dilini “ikinci dövlət” dili kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq: “Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək: 10 noyabrdan bu yana başda Azərbaycan Prezidenti olmaqla cəmiyyətimizdə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualları və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim.
Bu, o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdılar. Misal üçün, rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxarmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir”./azpolitika.info