Azərbaycanın valyuta ehtiyatları 51,4 milyard dollara çatıb

Profisitli ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci ilin yanvar ayında 0,3 faiz artaraq 51,4 milyard ABŞ dollarına çatıb.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizi parametrlərinə dair hesabatında məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı proqnozlara görə, qlobal iqtisadi artımın 2021-ci ildə 5,5 faiz olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza nəzərən 0,3 faiz bəndi yüksəkdir. Lakin ümumilikdə pandemiyanın qeyri-bərabər sektoral təsirləri, bəzi ölkələrdə vaksinə məhdud çıxış, siyasi gərginliklərin mövcudluğu şəraitində qlobal iqtisadiyyat və qlobal bazarlardakı sabitliklə bağlı qeyri-müəyyənliklər qalır. Qiymətləndirmələrə görə, hələ 2022-ci ildə dünyanın bir sıra iqtisadiyyatlarında adambaşına gəlirin pandemiyadan əvvəlki səviyyəyə tam çatmayacağı gözlənilir.
Qlobal iqtisadi artım perspektivlərinə dair optimizm dünya neft bazarına müsbət təsir göstərməkdədir. Brent markalı neftin orta qiyməti 2020-ci ildə 43 ABŞ dolları olduğu halda, bu rəqəm cari ilin yanvar ayının ötən dövründə 55 ABŞ dollarına yüksəlib.
Real sektorun monitorinqinin nəticələrinə görə, yanvar ayında biznes inamı indeksi ötən aya nəzərən tikintidə artım meyilli olub, qeyri-neft sənayesi, ticarət və xidmət sektorunda isə sabit olaraq qalıb.
2021-ci ildə iqtisadi artımın tədricən bərpa olunacağı gözlənilir. Buna ilk növbədə stimullaşdırıcı fiskal siyasət, yumşaq monetar şəraitin qalması, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri və təxirə salınmış tələbin reallaşması dəstək verəcək. Xarici tələbin artması və vaksinləşmənin təsiri ilə epidemioloji vəziyyətin yaxşılaşacağı gözləntiləri də artım perspektivlərinə dair nikbinlik yaradır.
Makroiqtisadi sabitlik hədəfləri çərçivəsində dövriyyədəki likvidliyin daha effektiv idarə edilməsi məqsədilə 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın sterilizasiya alətlərinin çeşidi artırılıb. Belə ki, 28 günlük notlarla yanaşı, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə hərracların keçirilməsinə başlanması barədə qərar qəbul edilib.
Pandemiyadan zərər çəkmiş biznes və ev təsərrüfatlarına, o cümlədən bank sisteminə dəstək məqsədilə makroprudensial güzəştlərin 2021-ci ilin aprel ayına qədər uzadılması da monetar şəraitə, xüsusilə də kredit aktivliyinə əlavə yumşaldıcı təsir göstərir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password