İki supergücdən Bakıya dəstək: “Consondan Ərdoğana kritik zəng…” – Müsahibə
“Ermənistan çox çalışır ki, münaqişə regional müstəviyə keçsin, üçüncü ölkə və ya Rusiya prosesə müdaxilə etsin. Biz buna imkan vermirik. İndi meydanda iki aktyor var – Azərbaycan və Ermənistan. Hesab edirəm ki, bu müharibənin miqyası genişlənməyəcək”.
Politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edirik:
– Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı durumu necə qiymətləndirirsiniz?
– Ümumi vəziyyət lehimizədir. Uğurlu hərbi əməliyyatlarımız davam edir, Xankəndinə uzaq məsafə qalmayıb. Bu, o deməkdir ki, gələcəkdə danışıqlar olacaqsa, şərtləri biz diktə edəcəyik. Dövlət başçısı da qeyd etdi ki, artıq təmas xətti və status-kvo yoxdur, gələcəkdə şərtləri biz diktə edəcəyik. Bu, hələlik yetərli deyil, daha böyük ərazilər işğaldan azad olunmalıdır, şərtlərimizi daha da sərtləşdirməliyik. Hesab edirəm ki, Ermənistan sonda bu şərtləri qəbul etmək məcburiyyətində qalacaq. Çünki itkiləri xeyli çoxdur, hərbi qüvvələrinin böyük hissəsini itirib. İlk dəfədir ki, artıq bunu etiraf etməyə başlayıblar. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanla yanaşı, separatçıların başçısı Araik Arutyunyan da etiraf edir.
Paşinyanın etirafları həm də cəmiyyətə bir izahatdır ki, biz məcbur qalıb Azərbaycanla anlaşmalı olacağıq.
– Prezident İlham Əliyev Azərbaycanda türk hərbi bazasının qurula biləcəyi məsələsindən danışdı, bunu istisna etmədi. Sizcə, atılacaq belə bir addımın bizim üçün müsbət tərəfləri nə ola bilər?
– İllərdir bu məsələni gündəmdə saxlamağa çalışıram ki, bu, Azərbaycan üçün vacibdir. Məsələn, Türkiyənin Azərbaycanda bazası olsaydı, ermənilər risk edib Gəncəni atəşə tuta bilərdilərmi? Rusiyanın Ermənistanda hərbi bazası var, bu, çəkindirici faktor sayılır. Türkiyənin də Azərbaycanda hərbi bazası olmalıdır ki, ölkəmizin təhlükəsizliyinin təminatçısı rolundan çıxış edə bilsin. Hesab edirəm ki, Ermənistanın Dağlıq Qarabağ və digər istiqamətlərdə təxribat törətməsinin qarşısının alınmasının ən yaxşı yolu, türk hərbi bazasının Azərbaycanda yerləşdirilməsidir. Bu, Rusiyanın xoşuna gəlməyə bilər, amma onun özünün Ermənistanda hərbi bazası var. Azərbaycanın müstəqil dövlət kimi istədiyi addımı atmaq hüququ var. Artıq dövlət başçısı bununla bağlı müsbət fikir söylədi və istisna etmədiyini diqqətə çatdırdı. Bu, onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsini həll etdikdən sonra Türkiyə-Azərbaycan münasibətlərini daha üst səviyyəyə qaldıracağıq.
– Qarşıdurmanın regional münaqişə müstəvisinə keçmək ehtimalı nə qədərdir?
– Ermənistan çox çalışır ki, münaqişə regional müstəviyə keçsin, üçüncü ölkə və ya Rusiya prosesə müdaxilə etsin. Biz buna imkan vermirik. İndi meydanda iki aktyor var – Azərbaycan və Ermənistan. Hesab edirəm ki, bu müharibənin miqyası genişlənməyəcək, çünki biz işğaldakı Dağlıq Qarabağı azad etməyə çalışırıq. Ermənilər isə başqa təxribatlara əl atırlar, guya ki, Azərbaycan ordusunun sıralarında muzdlular və ya terrorçular var. Gözləntiləri də budur ki, Qərb və Rusiya bu məsələlərə qarşı həssas olduqları üçün müdaxilə edə bilərlər. Amma o dövlətlər də görürlər ki, ortada fakt yoxdur. İlham Əliyev də bildirdi ki, əgər belə bir faktları varsa göstərsinlər, bizim yüz minlik ordumuz var, başqa qüvvələrə ehtiyacımız yoxdur.
Bu təxribatları baş tutmayan kimi, başqa yola əl atırlar. Məsələn, bölgəyə sülhməramlıların yerləşdirilməsini gündəmə gətirirlər. Bu da mümkün deyil. Tərəflərdən biri razı deyilsə, sülhməramlılar Azərbaycanda yerləşdirilə bilməz. Azərbaycan buna razı deyil. Çalışır ki, Rusiya hərbçiləri bura gəlsin. Gürcüstan nümunəsi var. Gürcüstan öz Cənubi Osetiyanı niyə geri qaytara bilmədi? Çünki orada Rusiya sülhməramlıları ilə toqquşma oldu. Yəni ermənilər bu hiyləyə də əl atmaq istəyirlər, amma bu da alınmır. Müharibə hələ davam edir, bəlkə gələcəkdə də bizim sülhməramlılara ehtiyacımız olmayacaq.
– Ermənistanın dəstəkçi və havadarları bəllidir. Bəs Azərbaycanı bu münaqişədə Türkiyədən başqa kimlər dəstəkləyir? Məsələn, ekspertlər səviyyəsində ABŞ və İngiltərənin də adı çəkilir.
– Bizim dəstəkçilərimiz daha çoxdur. Türkiyə, Pakistan, İsrail, Əfqanıstan, Avropa ölkələrindən Ukrayna, Bosniya və Hersoqovina bura daxildir. Macarıstandan müəyyən dəstək gəlir, Latviyanın nazirləri öz dəstəklərini ifadə ediblər. Yəni dəstəkçilərimiz az deyil, bu, çox önəmlidir.
ABŞ-a gəldikdə, araşdırma apardım, belə bir təəssürat yarandı ki, Amerika Azərbaycan ordusunun Dağlıq Qarabağı nəzarətə götürməsinin əleyhinə deyil. Bu, bizim üçün başlıca amildir. Bunu açıq deməsələr də, Azərbaycanın əleyhinə heç bir açıqlama vermirlər. Ermənipərəst konqresmenlər həmişə olub, onlar hər zaman suyu bulandırmağa çalışırlar. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağı nəzarətə götürməsi onların da xeyrinədir. Onlar başa düşürlər ki, bununla Rusiyanın bölgəyə təsir imkanları azalacaq, bu da Amerikanın maraqlarına uyğundur.
Böyük Britaniyadan da Azərbaycan əleyhinə açıqlamalar görmürük. Fikrimcə, Azərbaycanın Dağlıq Qarabağı nəzarətə götürməsi, Britaniyanın lehinədir. Böyük Britaniyanın Azərbaycanda çox ciddi iqtisadi və enerji maraqları var. Britaniya Azərbaycanın əleyhinə çıxmır. Digər yandan, bir neçə gün əvvəl Britaniya Baş naziri Boris Consonla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sıx telefon əlaqəsi oldu. Eyni zamanda, ikitərəfli münasibətlər də çox yaxşıdır. Başqa sözlə, Böyük Britaniya və ABŞ Azərbaycanın hərbi əməliyyatlarına mane olmurlar, bəlkə də qeyri-rəsmi şəkildə dəstək verirlər.
– İran da ilk gündən Azərbaycana dəstəyini ifadə edir, vasitəçilik təklifi verir. Hətta SEPAH hərbi dəstək verə biləcəyini açıqladı. İranın mövqeyini necə dəyərləndirirsiniz?
– İlk gündən İrandan narahatedici xəbərlər yayılır ki, ölkə üzərindən Ermənistan və Dağlıq Qarabağa silahlar daşınır. Amma sonra sanki İran hakimiyyəti öz siyasətində korrektə etdi. İlk növbədə, İranın dini liderinin Güney Azərbaycan əyalətləri üzrə dörd təmsilçisi ortaq bəyanat yaydı, onların içində Ərdəbilin məşhur imamı Amoli də vardı. Bu bəyanatda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu diqqətə çatdırıldı. Daha sonra İran Xarici İşlər Nazirliyi buna oxşar bəyanat verdi. Bundan başqa, dini liderin xarici siyasət məsələləri üzrə müşaviri Vilayəti açıqlama verdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. SEPAH-dan da lehimizə açıqlama verildi. Əlbəttə, bunlara müsbət yanaşmaq lazımdır. İran öz siyasətində korrektə edir. Bu, iki amilə görə baş verdi.
Birinci, İran hakimiyyəti anladı ki, Ermənistana dəstək İranın özünü qarışdıra bilər, azərbaycanlılar bundan narazı qalacaqlar. İkinci, İran hakimiyyəti gördü ki, Azərbaycan ordusu uğur qazanır, məğlubun yox, qalibin yanında olmaq lazımdır./teleqraf.com/