Balaxanı Sənaye Parkında 8 rezident fəaliyyətə başlayacaq

İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələrinin “Təmiz Şəhər” ASC-yə məlumat turu təşkil edilib.

Nazirlikdən bildirilib ki, media nümayəndələri əvvəlcə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə tanış olublar. “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov məlumat verib ki, zavod 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda 170-dən çox Balaxanı sakini daimi işlə təmin olunub. Çeşidləmə zamanı tapılmış 1200-dən çox müxtəlif növ sənəd toplanaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan çox qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Media mənsubları üçün Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılan muzeydə “Tullantıdan sənətə” sərgilərində iştirak edən 42 ölkədən 180-dək sənət adamının yaratdığı əsərlər nümayiş olunur.

Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanışlıq zamanı KİV nümayəndələrinə bildirilib ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu poliqonun ehtiyacları üçün istifadə edilib.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu barədə də media nümayəndələrinə məlumat verilib. Qeyd edilib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 100 min ailəni elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur. Koronavirus pandemiyası ilə əlaqədar zavodda 1800 kubmetr tibbi tullantılar utilizasiya edilib. Zavodun ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.

KİV nümayəndələri ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var. Bunlardan 11-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan çox investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 10,1 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında artıq 570-dək daimi iş yeri yaradılıb, istehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdırılması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, digər sənaye parklarının rezidentləri kimi, Balaxanı Sənaye Parkının rezidentləri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, rezidentlər 10 il müddətinə mənfəət (fərdi sahibkarlar gəlir vergisindən), torpaq və əmlak vergilərindən azaddırlar. Sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10 il, idxal rüsumundan isə 7 il müddətinə azad edilir.

Balaxanı Sənaye Parkının rezidentləri haqqında da media mənsublarına məlumat verilib. Bildirilib ki, Sənaye Parkının rezidenti olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya dəyəri 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb.

Parkın daha bir rezidenti – “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-dək daimi iş yeri yaradılıb.

Sənaye parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 350 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri var.

Balaxanı Sənaye Parkının rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı və tullantı kağızlarının təkrar emalı ilə məşğul olur. Layihənin investisiya dəyəri 18,7 milyon manat, illik istehsal gücü 12 min ton plastik məhsul və 1,1 milyon ədəd karton qablaşdırma məhsuludur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.

Parkın rezidenti “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 4 milyon manat olan müəssisədə ildə 100 min ədəd stul, 10 min masa istehsal etmək mümkündür. Müəssisədə 300 nəfər daimi işlə təmin olunub.

Daha bir rezident “Bioropean” MMC işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı ilə məşğul olur. İnvestisiya dəyəri 500 min manat olan müəssisənin illik istehsal gücü 2300 tondur.

Sənaye parkının digər rezidenti, fərdi sahibkar Tərlan Əzimov qida tullantılarından yem istehsalı üzrə fəaliyyət göstərir. 2,2 milyon manat investisiya yatırılan müəssisənin illik istehsal gücü 2800 tondur. Müəssisədə 60 nəfər daimi işlə təmin olunub.

“Alphapack Azerbaijan” MMC isə Sənaye Parkının rezidenti kimi, yapışqan lent istehsal edir. Müəssisənin investisiya dəyəri 800 min manat, illik istehsal gücü 5 milyon kvadratmetr yapışqan lentdir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.

Parkın rezidenti “Ata Park” MMC qablaşdırma və etiketləmə işləri ilə məşğul olur. İnvestisiya məbləği 2,8 milyon manat olan müəssisənin illik istehsal gücü 1950 tondur. Müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

Balaxanı Sənaye Parkının daha bir rezidenti “Oreon Commerce” MMC maqnezium oksid panellərin istehsalı və təkrar emalı üzrə fəaliyyət göstərir. Layihənin investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 450 min ədəd paneldir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.

“Az Ekol” MMC, “Foriella” MMC və “Bioropean” MMC istehsal etdikləri məhsulları dünyanın bir neçə ölkəsinə ixrac edir. Balaxanı Sənaye Parkının digər 8 rezidentinin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantılarının təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərinin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlar qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı göslənilir.

İnfotur iştirakçıları Olimpiya Stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə də tanış olublar. Məlumat verilib ki, ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş 2,8 milyon kubmetr dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin və paytaxt qonaqlarının istifadəsinə verilib.

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password