“Tovuz döyüşlərini Rusiya təşkil etmişdi” – AÇIQLAMA
“Ona görə də bu təkcə Tovuza yox, Azərbaycanın iqtisadi layihələrinə hücum idi və bunun da arxasında Rusiya dururdu”
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Rusiyanın bölgədəki gücün dəyişdiyini müşahidə etdiyini bildirib:
“Rusiya bölgədə qüvvələr nisbətinin dəyişdiyini hiss edir. Mənim fikrimcə Tovuz döyüşlərini də Rusiya təşkil etmişdi. Avropa bazarlarında Rusiya ilə uğurla təbii qaz məsələsində rəqabət aparan Azərbaycan, gələcəkdə Rusiyanı tamamilə Avropa bazarlarından sıxışdırıb çıxara bilər kimi mülahizə də mövcuddur. Çünki Əlcəzairin və Amerikanın sıxılmış qazı Avropa bazarlarına daxil olduqdan sonra “Şahdəniz-2” və Qarabağ qaz yataqları istifadəyə verildikdən sonra Azərbaycanın xaricə qaz ixracı ildə 12 milyard kubmetrdən 32-34 milyard kubmetrə qalxacaq. Qarabağ qaz yatağı işə düşdükdən sonra biz artıq Avropa bazarlarına az qala Rusiyanın çıxardığı qədər qaz çıxara biləcəyik və bu da əgər Amerika və digər ölkələr də bu prosesdə iştirak etsə, Rusiyanın Avropa bazarından çıxarılması anlamına gələ bilər.
Azərbaycanın bölgədə gerçəkləşdirdiyi qaz kəməri layihələri var, eyni zamanda, bizim ölkədən Avropadan Asiyaya çox böyük telefon və rabitə xətləri keçir. Ona görə də bu təkcə Tovuza yox, Azərbaycanın iqtisadi layihələrinə hücum idi və bunun da arxasında Rusiya dururdu. Rusiya hücumdan əvvəl Ermənistana hansı silahları verəcəyini də planlaşdırmışdı. Əlbəttə, göndərilən silahların hamısı pulsuzdur. Müasir silahlardır. O silahların içində hava hücumundan müdafiə sistemləri var. Üstəlik də Rusiya Türkiyənin bölgədəki qətiyyətli hərəkətlərindən sonra Azərbaycan-Türkiyə hərbi sazişinin imzalanmağa hazır olduğu ərəfədə bu əməliyyatları törədib. Türkiyə birdəfəlik Qafqaza daxil olur və bunu Rusiya çox yaxşı başa düşür. Üstəlik Avropada rus qaz istehsalçılarının dominantlığına son qoyulursa, Cənubi Qafqazda da böyük ehtimalla Rusiyanın bu bölgəyə özünün arxa bağçası kimi baxmasına da son qoyula bilər. Bu gün bölgədə və Rusiyanın özündə maraqlı proseslər gedir. Ölkədə Putinə etiraz aksiyaları böyük bir coğrafiyanı əhatə etməkdədir. Putinin özünün səhhəti ilə bağlı ziddiyətli fikirlər də yayılmaqdadır. Bir sözlə, bölgədə çox maraqlı hadisələrin şahidi ola bilərik”.(moderator.az)