Politoloq: “Prosesləri normal məcraya salmaq üçün Paşinyan ən uyğun fiqurdur“

 

Dünən günorta saatlarından etibarən Ermənistan müxalifəti Baş naziri Nikol Paşinyanı devirmək üçün etiraz aksiyasına başlayıb. Aksiyanın bu gün də davam edəcəyi gözlənilir. Bu haqda “ARF Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan açıqlama verib. O iştirakçılara müraciət edərək saat 16:00-da Ermənistan parlamentinin qarşısında görüşəcəkləri barədə xəbərdarlıq edib.

Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli qeyd edib ki, Paşinyanın rəhbərlik dövrü Azərbaycanın ən qüdrətli və inkişaf etmiş dövrünə təsadüf edib:

“Bəli, müharibədəki məğlubiyyətdə Paşinyanın günahı var, amma ondan əvvəlki prezidentlərin də günahı az deyil. Paşinyanın idarəçiliyi dövründə artıq Azərbaycan Ordusu güclü idi, ona görə də zəif və müharibəyə hazır olmayan Ermənistan ordusunu qısa müddətdə sıradan çıxardı. Baş verənlərlə əlaqədar günahı bir nəfərin üzərinə yıxmaq ədalətli deyil. Çünki Köçəryan da, Sarkisyan da ordu quruculuğunda, orduya ayrılmış vəsaitin oğurlanmasında böyük rol oynayıb və onların kifayət qədər böyük günahları var. Üstəlik, həmin adamlar öz xalqına qarşı da 2010-cu ilin martında ciddi cinayətlərə yol veriblər, nümayişə çıxmış insanları gülləbaran ediblər”.

Siyasi şərhçi vurğulayıb ki, bu gün Paşinyanın hakimiyyətdən getməsi Ermənistana və bölgədəki proseslərə müsbət xeyir verə bilməz:

“Paşinyan müharibəni dayandıran şəxslərdən biridir. Düzdür, kapitulyasiya sazişinə işğalçı kimi imza atıb. O, qoşunlarını da işğal edilən ərazilərdən çıxarıb, Ermənistandan əlavə torpaq pay verməyib ki… Ona görə də bir növ Ermənistanın günahlarını yuyub. Zənnimcə, bölgədəki proseslərin normal məcraya salınması üçün ondan uyğun fiqur yoxdur. Çünki hakimiyyətə gələn başı alovlu erməni millətçisi yenə də bölgəni qana bulayacaq, vəziyyəti qarışdıracaq və xalqların dinc quruculuq işlərilə məşğul olmasına imkan verməyəcək. Bu nöqteyi-nəzərdən Rusiya da, Kollektiv Müdafiə Təşkilatına daxil olan digər dövlətlər də Paşinyanı artıq müdafiə edirlər. Lakin hazırkı etirazçılar əldən düşənədək nümayişi davam etdirəcəklər. Asayiş pozuntusuna səbəb olduqda isə təhlükəsizlik qüvvələri onları ram edəcək və Paşinyanın hakimiyyətini qoruyacaqlar. Bu gün hər hansısa bir millətçi erməninin birdən hakimiyyətə gəlib aranı qarışdırması nə Rusiyaya, nə bölgə xalqlarına, nə də Ermənistanın özünə lazımdır. Vəziyyət stabilləşməli və yeni müharibə təhlükəsinin bütün təzahürləri aradan qaldırılmalıdır ki, bunu da Paşinyanla birgə etmək olar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password