Azərbaycana qarşı təxribat: İran bu dəfə təkcə susmadı, həm də…
ABŞ və Avropa Birliyinin (AB) Ermənistana yönəlik səyləri İran tərəfindən sükutla qarşılanır.
Bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr İranın susqunluğunun birmənalı olmadığını bildirir:
“İrəvanın Qərbin Ermənistanda təsirini artırmaq cəhdləri Rusiya, Türkiyə və Azərbaycan tərəfindən etirazla qarşılanmalı idi, belə də oldu. Qəribədir ki, indiyə qədər İran heç bir reaksiya verməyib. Xarici işlər naziri Ararat Mirzoyan ötən gün “İctimai” TV-nin efirində bildirdi ki, İranla isti münasibətləri var, bütün fikir ayrılıqları danışıqlar və müzakirələr yolu ilə həll olunur. Mirzoyan qeyd etdi ki, Brüsseldəki görüşdən sonra Tehrandan heç bir mənfi təpki gəlməyib.
Həmişə “Cənubi Qafqaza kənar qüvvələrin müdaxiləsinə qarşı çıxan” Tehran hazırda nə baş verdiyini və Ermənistanın Qərblə münasibətlərini nə dərəcədə dərinləşdirməyə çalışacağını anlamaq üçün gözləyir.
Ötən gün İran səfiri Mehdi Sübhani söylədi ki, Ermənistan hökuməti onlara Qərblə münasibətlərin istiləşməsinin Tehranın maraqlarına zidd olmadığına dair zəmanət verib.
Dünən də İranın Teleqram kanallarında qeyri-rəsmi məlumat yayıldı ki, İran Ermənistana silah verir. Bunu iranşünas Vardan Voskanyan da dilə gətirib”.
Molla rejimi dəfələrlə ona qarşı heç bir addım atmadığı halda Azərbaycana yönəlik hədyanlar səsləndirib, təxribatçı addımlar atıb. Məsələn, sərhəddə hərbi təlimlərin keçirilməsi, Ermənistanı silahlandırması, bu ölkəyə göndərilən silahlar üçün tranzit rolu oynaması və sair kimi. Tehrandakı səfirliymizdə terror aktının törədilməsi isə İranda ölkəmizə olan “münasibət”in açıq ifadəsi idi. SEPAH-ın Teleqram kanalları bu dəfə “barıt”ı bir qədər də çox edərək, Bakının bombardman edilməsinə çağırışlar edir. İndi ona qarşı heç nə etməyən Azərbaycanın hədələnməsinin göstərdiyi şey budur ki, Tehran hazırda Ermənistanda yerləşən “Şeytan” adlandırdığı Qərblə əlbirdir. Yəni İran üçün fərqi yoxdur, “Şeytan” da Azərbaycana qarşıdırsa, onunla iş görmək olar. Guya mollalar İrəvanın “hansısa zəmanət”indən arxayın olublar ki, ona qarşı heç nə yoxdur. Ondansa açıq deyin ki, “biz də bunu istəyirik, biz də işin içindəyik”.
İranın Qərbin – “əzəli düşmən”inin həmlələrinə susması sözü də var, yanlış düşüncədir. İran susmur, öz işini görür. İran nəinki susmur, həm də Ermənistana silah ötürür./teleqraf.com