Ərdoğanın BƏƏ və Misir səfərinin mahiyyəti: Azərbaycan üçün yeni manevr sahəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu üzrə keçirilən Dünya Hökumətlər Zirvəsində fəxri qonaq qismində iştirak etdi.
Çıxış edən Ərdoğan Türkiyənin daxili siyasi konyunkturu, dövlətin xarici siyasəti haqqında danışaraq Ankaranın regional və qlobal miqyasda strateji böyüməsi vizyonunu ortaya qoydu.
Ərdoğan BƏƏ-dən sonra Misirə gedib ki, bu da Ankaranın ərəb ölkələri ilə aktiv təmasları fonunda Türkiyənin Yaxın Şərqdə oynadığı rolu vurğulayır.
Ərdoğan ərəb dünyası ilə keçmişdəki problemlərə artıq tarix kimi baxır. Onun BƏƏ və Misirə səfər proqramı gələcəyə yönəlmiş addım kimi xarakterizə edilə bilər.
Türkiyənin BƏƏ və Misirlə əlaqələrinə diqqət yetirməsi Ankaranın İsrail-Fələstin münaqişəsində ikincinin maraqlarını müdafiə etməsinin fonunda baş tutur.
Bu, Türkiyənin Fələstin münaqişəsində dəstək qazanaraq geosiyasi çəkisini artırmasına işarə edir. Türkiyə Fələstin probleminin həlli ilə regional təhlükəsizlik qarantı olmaq missiyasını isbat etməyə çalışaraq daha böyük ölçüdə strateji genişlənməsini reallaşdırmaq istəyir.
Burada Türkiyənin BƏƏ və Misirlə əlaqələrinin dinamikası təkcə birtərəfli zərurətdən yaranmır, bu, həm də qarşılıqlı vacib ehtiyacların təmini üçün vacibdir.
Çünki beynəlxalq sferada kəskinləşən siyasi münasibətlər və artan hərbi eskalasiya riskləri dövlətləri daha etibarlı təhlükəsizlik tərəfdaşları axtarmağa təşviq edir.
Türkiyənin regionda ağırlaşan çəkisi BƏƏ və Misir üçün cəlbedicidir. Türkiyə isə bu vasitə ilə əldə etdiyi alətləri Yaxın Şərqdəki münaqişələrin həlli arteriyasına yeridir.
Bu, Türkiyənin humanitar liderliyi və müsəlman coğrafiyası içərisindəki ədalətli yanaşmasına qiymətli nemət əlavə edir.
Ancaq Türkiyənin sülh və təhlükəsizliklə bağlı formalaşdırmaq istədiyi müstəvi praktiki olaraq natamamdır və belə yarımçıqlıq Ankaraya əlavə problemlər yaradır. Ərdoğanın BƏƏ və Misirlə təmasları həmin natamamlıqların aradan qaldırılmasına yardımçı olur və Ankaraya yeni regional şərait qurmasında rol oynayacaq rıçaq verir.
Ərdoğanın iki ərəb ölkəsinə səfəri Ankaranın qarışıq regional şəraitdə mürəkkəb tarazlıq oyununu əks etdirir və Türkiyənin formalaşdırmaq istədiyi strateji müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bu tərkibi bulanıqlaşdırmaq istəyənlər də tapılacaqlar ki, burada kənar oyunçuların müdaxilələrindən bəhs edilə bilər.
Çünki Türkiyənin yanaşması həm də PKK ilə mübarizədə dəstək axtarışlarıdır ki, burada Ankaraya rəqib olan güclərin narahatlıqları artacaq.
Ərdoğanın səfərlərinin Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə əsaslanan perspektivi də mövcuddur. Belə ki, Türkiyənin əldə etdiyi razılaşma Azərbaycanın regional miqyasdakı nəzəri və müəyyən praktiki imkanlarına manevr sahəsi təqdim edir. Azərbaycanın həm BƏƏ, həm də Misirlə yaxşı əlaqələri var. Türkiyə ilə həmin ölkələrin yeni razılaşmaları Azərbaycana daha üstün mövqelərə çıxış imkanları deməkdir.
Bu imkanlar Azərbaycanı Cənubi Qafqazdakı geosiyasi üstünlüklərdən təcrid etmək istəyənlərə qarşı dəstək platforması halına da gələ bilər.
Üstəgəl, Azərbaycanla Türkiyə hegemon ambisiyalara qarşı çıxmaq imkan və potensiallarını artıracaqlar./oxu.az