İrəvan Bakı ilə təkbətək görüşdən niyə qorxur?

 

Azərbaycanın Ermənistana regionda, həm də vasitəçilər olmadan görüş və sülh sazişi barədə müzakirə təklifi ilə çıxış etməsinə İrəvanın isti yanaşmamasının səbəbləri haqda erməni politoloqlar mövqe bildiriblər.

Erməni politoloqlar bunun “zamin” məsələsi ilə bağlı olduğunu iddia edirlər. Belə ki, Ermənistan sülh sazişinə “zamin olmamasından” və yaxud “kimin zamin olmasından” narahatdır.

Erməni strateq kimi təqdim edilən Vigen Akopyan da bildirib ki, guya məhz bu səbəbdən Ermənistan “Qərb platformasını” təklif edir, Azərbaycan isə Ermənistana “istədiyi vaxt təzyiq göstərmək üçün” bu məkanı danışıqlar üçün məqbul saymır və Brüsselə getmir.

Maraqlıdır ki, “zamin” məsələsini Ermənistanın niyə bu ölkədə heç bir güc strukturu, hərbi qüvvəsi olmayan Qərbdə axtardığı sualına Akopyan cavab verə bilmir və Ermənistanın Rusiyaya getməməsinin səbəbini izah etməyə həvəs göstərmir. Əgər Ermənistana doğrudan da “zamin” lazımdırsa, onda Rusiya faktorundan niyə istifadə etmir? Axı Rusiyanın Ermənistanda 5 minlik hərbi kontingenti, hərbi bazaları var, üstəlik, 4 mindən çox sərhədçisi Ermənistanın sərhədlərini qoruyur.

Azərbaycan və Türkiyə dəfələrlə Ermənistana xəbərdarlıq edib ki, onun təhlükəsizlik təminatı region ölkələri, xüsusilə Bakı və Ankaradan keçir. Bu isə o deməkdir ki, regiona arzulanmaz, min km-lərlə uzaqda olan beynəlxalq gücləri gətirməkdən və onların maraqlarını təmin etməkdənsə, qonşularla normal müzakirələr aparıb, ən konstruktiv həll yollarını tapmaq və kommunikasiyaları blokdan çıxarmaq region ölkələrinin maraqlarına daha çox uyğundur.

İstər Qərb, istərsə də Rusiya platforması sülh sazişinin müzakirəsi üçün “ən münasib variantlar” sayılmır. Çünki sülh müqaviləsi hansı “platformada” imzalansa, o qüvvə regiona təsir imkanlarını əlinə almaq istəyəcək və regional maraqlarını “zamin kimi” sazişdə qanuniləşdirəcək. Bu isə növbəti təzyiqlər üçün fürsət yaradacaq: saziş Qərbdə bağlansa, regionda hərbi-siyasi və iqtisadi baxımdan mövcud olan Rusiya, Rusiyada bağlansa, regiona daxil olmağa çalışan Qərb hansısa təzyiq formalarına əl ata bilər.

Ən ideal məkan region ölkəsi Tiflis və yaxud iki ölkənin sərhədidir. Birbaşa görüş və müzakirə təşəbbüsünü hələ o vaxt Heydər Əliyev irəli sürmüş və ilk görüş də Naxçıvanda baş tutmuşdu. Vasitəçilərsiz, birbaşa görüşün sərhəddə həmin dövrdə niyə davam etməməsi də hər kəsə bəllidir, Rusiya onun diktəsindən kənar proseslərin qarşısını almışdı.

Həmin vaxt Azərbaycanın iqtisadi-siyasi və hərbi imkanları tamamilə fərqli idi, hazırda isə qalib Azərbaycandır və diktə edən tərəfdir. Ermənistan sülh sazişini “müharibənin nəticələrinə uyğun” – kapitulyasiyaya imza atan tərəf kimi qəbul etməyib, kənarda “zamin” axtardıqca, saziş də olmayacaq və Azərbaycan əlbəttə ki, bu fürsətdən öz maraqları üçün istifadə edəcək.

Azərbaycanın daim sülh təklifini səsləndirməyəcəyini hələ bir müddət öncə İlham Əliyev də xüsusi vurğulamışdı və artıq həmin məqam yetişib. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün bir gücdən digərinə qaçdıqca şərtlər də dəyişir və sərtləşir: İrəvan nə qədər “oynayacaqsa”, daha çox təngnəfəs olacaq və daha ağır şərtlərlə üz-üzə qalacaq.

Qeyd edək ki, Ermənistan rəsmilərinin son açıqlaması bu həqiqəti anlamağa meyilli olduqlarını göstərir. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Bakı ilə vasitəçisiz görüşlərin İrəvan üçün məqbul olub-olmamasını şərh edərkən qeyd edib ki, bu cür görüşləri “mütləq tələb edən məsələlər var”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password