Moskva məkrli planlarını işə salıb: – “Rusiya Qarabağ ermənilərini savaşa təhrik edir”

 

Qarabağdakı erməni separatçıları son günlər aktivlik nümayiş etdirməkdədirlər. Separatçı quldur dəstəsinin nümayəndələri Azərbaycanın bölgəni “blokadaya alması” iddiası ilə aksiyalara başlayıblar. Bu məqsədlə Xankənidinin mərkəzində çadırlar qurub, oturaq aksiya keçirirlər. Qondarma qurumun “rəhbəri”, baş separatçı Araik Arutunyan da aksiyanın iştirakçılarındandır. Arutunyan bəyan edib ki, “blokada” aradan qalxmasa, başqa və daha sərt vasitələrə əl atacaqlar. Amma terrorçu rejimin başçısı “sərt üsullar” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Bununla yanaşı, Qarabağdakı ermənilərin bir qrupu da Ağdam-Xankəndi yolunda aksiya keçirirlər. Onlar yola beton piltələr düzüblər və bildiriblər ki, humanitar təchizatlarının bu yoldan keçməsinə razı deyillər, buna imkan verməyəcəklər.

Xatırladaq ki, Azərbaycan tərəfi Xankəndiyə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Separatçı ünsürlər isə bununla razılaşmayacaqlarını bəyan ediblər.

Qarabağda baş verənlərin ötən əsrin sonlarındakı, 1988-ci ildə baş verənləri xatırlatdığını deyən bir çox ekspertlər hesab edirlər ki, münaqişə başlayan vaxt olduğu kimi, indi də proseslərin arxasında dayanan Rusiyadır.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşanan proseslərlə bağlı suallarımızı “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik qeyd edib ki, Qarabağdakı hadisələr Rusiyanın təşəbbüsü və iştirakı olmadan baş vermir:

– Çünki bu qeyri-mümkündür. Ermənistan sözdə, müəyyən mənada da əməldə göstərir ki, Qarabağ Azərbaycanın ərazisidir və Ermənistanın ora müdaxilə etmək məqsədi, fikri yoxdur, buna heç gücü də çatmır. Əslində bu, hiyləgər yanaşmadır. Ermənistan özünü kənara çəkməklə deyil. Məlumdur ki, Qarabağdakı ermənilərin büdcə xərcləri İrəvandan gəlir. Amma məsələnin həlli, münasibətlərin müəyyənləşməsi müstəvisinə gəldikdə, İrəvan özünü kənara çəkir. Dolayısı ilə bəyan edir ki, Ermənistanlıq bir iş yoxdur, ərazi Azərbaycan ərazisidir, bölgəyə Rusiya nəzarət edir, getsin Bakı məsələsini Moskva ilə aydınlaşdırsın.

Rusiya isə hər dəfə sülh danışıqları keçirildikcə, təxribatlara əl atır. Xüsusilə, bu danışıqlar Qərb platformasında baş verəndə Moskva prosesi pozmağa çalışır.

– Yəni ki, Qarabağda baş verənlərin səbəbi liderlərin Brüssel danışıqlarıdır…

– Son gərginləşmənin səbəblərindən sadəcə biri budur. Məsələ həm də Rusiyanın daxilində baş verənlərlə əlaqəlidir. Geosiyasi müstəvidə gedən proseslərin də burada təsirləri var. Ona görə də məsələyə bir neçə prizmadan yanaşmalıyıq. Birincisi, sülhə Azərbaycan prizmasından baxmalıyıq, ikincisi, regional, yəni Cənubi Qafqaz prizmasından baxmalıyıq. Nəhayət, üçüncüsü, qlobal prizmadan yanaşmalıyıq. Təsadüfi deyil ki, son dövrlər sülh danışıqlarında Moskva passiv mövqedədir. Məsələn, Vaşinqton və Brüssel danışıqları arasında müəyyən vaxt olsa da, Moskva bu zaman kəsiyində heç bir təşəbbüs göstərmir, sülh istiqamətində heç bir addım atmır. Qərb platformasında danışıqlar gedən kimi, Moskva dərhal diplomatik müdaxiləsini edir. Sülh prosesi axarına düşdüyü üçün görünür Moskva qəti addımlar atmaq qərarı verib. İndi Qarabağda baş verənlər də həmin qərarların icrasının başlanğıcıdır. Rusiya bütün bölgələrdə uduzmaqdadır. Ona görə də Cənubi Qafqazı itirmək niyyətində deyil. Çünki Yaxın Şərqə çıxış qapısı məhz Cənubi Qafqaz qalıb.

– Rusiya Cənubi Qafqazdan Yaxın Şərqə çıxışı təmin edə biləcəkmi?

– Rusiya bunu yalnız hərbi yolla təmin edə bilər. Hərbi yolun da mümkün variantları var. Bunlardan biri Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın müdafiəsi adı altında bölgəyə hərbi müdaxilə etməkdir. Amma sual olunur: Ermənistan-Azərbaycan arasında orta miqyaslı savaş olarsa, Rusiyanın müdaxiləsi nə dərəcədə mümkündür?! O zaman mümkündür ki, KTMT üzvləri buna razılıq versin. Xüsusilə, İrəvan bununla bağlı KTMT-yə müraciət etməlidir. İrəvan bu müraciəti edəcəkmi? İkincisi, KTMT-nin bütün üzvləri buna razılıq verəcəkmi? Ermənistanın müraciəti nəzəri cəhətdən mümkündür. Amma KTMT-nin bütün üzvlərinin razılığı sual altındadır. Biz ötən zamanda gördük ki, KTMT-nin üzvlərinin baxışları fərqlidir.

Deməli Rusiyanın iki variantı qalır: birincisi, Qarabağdakı separatçıları gücləndirmək, hərbi cəhətdən təchiz etmək, mənəvi cəhətdən ruhlandırmaq, siyasi cəhətdən dəstəkləmək və Azərbaycanla savaşa təhrik etməkdir. Təbii ki, separatçıların Azərbaycanla savaşmaq gücü yoxdur, amma Rusiyaya bu halda müdaxilə imkanı yaranır. Ən azı sülhməramlı adlandırılan hərbi kontingenti qorumaq adı altında bu müdaxiləni edə bilər.

İkinci variant isə Şimali Qafqaz üzərindən hərəkətə keçməkdir. Deyək ki, Rusiya Dağıstanla Azərbaycan arasında bir münaqişə yarada bilər. Amma bu, Rusiya üçün daha riskli variantdır. Ona görə ki, Şimali Qafqaz Rusiyanın saat mexanizmli minasıdır və hər zaman partlaya bilər. Həmin partlayış isə Rusiyanın özünü sarsıda bilər. Demək ki, Rusiya maraqlarını təmin etmək üçün daha çox Cənubi Qafqazda yaradacağı xaosdan istifadə etmək istəyir.

– Rusiya ikinci müharibə cəbhəsi – Cənubi Qafqaz cəbhəsi aça bilərmi?

– Bir çoxları düşünür ki, Rusiyanın elə gücü qalmayıb ki, ikinci cəbhə açsın. Lakin hesab edirəm ki, bu, yanlışdır. Çünki Rusiya bu halda güc haqqında düşünməyəcək. Bu, imperiya üçün ölüm-dirim məsələsidir. Öz sərhədlərinə qapanan bir imperiya artıq qlobal güc sayılmır. Rusiya isə qlobal güc olaraq qalmaqda iddialıdır.

Bütün hallarda, Rusiya çalışır ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını pozsun, Qarabağdakı ermənilərdən istifadə edərək Azərbaycana təzyiq göstərsin. Bununla Azərbaycanı güzəştlərə məcbur etmək istəyir,alınmayanda isə hərbi konfliktə təhrik etmək niyyətindədir. Düşünürəm ki, hazırda Qarabağdakı hadisələrin kökündə bu məsələlər dayanır.

Azərbaycan bu konfliktə gedəcəkmi?

– Getməyəcək, daha doğrusu, getməməlidir. Birincisi, Ağdam-Xankəndi yolu məsələsinə toxunaq. Ermənilərə humanitar yüklərin bu yol vasitəsilə daşınması Brüssel danışıqlarında müzakirə edildi. Ola bilsin ki, məsələ ilə bağlı hansısa şifahi razılaşma da əldə olunub. Təsadüfi deyil ki, Brüssel görüşünün ardınca Qərb ölkələri Azərbaycanın Bakı-Xankəndi dialoqu təşəbbüsünü alqışladılar. Burada söhbət ondan gedir ki, Rusiyanın Laçın yolu vasitəsilə bölgəyə nəzarəti məhdudlaşsın. Əgər Qarabağa yüklər Azərbaycan üzərindən daşınacaqsa – təbii ki, Laçın da Azərbaycan ərazisidir, amma sülhməramlı deyilən rus hərbi kontingentinin nəzarətindədir – burada artıq rus hərbçilərinin önəmi itir. 2025-ci il yaxınlaşdıqca da Rusiya hərbi kontingentinin bölgədəki varlığının mənasızlığı aktuallaşır. Hətta iş o yerə çatdı ki, Türkiyə Prezidenti 2025-ci ildə sülhməramlı adlandırılan kontingentin Qarabağdan çıxacağını bildirdi. Belə bir şəraitdə Rusiya isbat etməlidir ki, onun hərbçilərinə bölgədə ehtiyac var. Ən azı Rusiya bayaq dediyimiz planlarını qüvvədə saxlamaq üçün Qarabağ ermənilərini savaşa təhrik edir.

Moskva humanitar yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə daşınması planının qarşısını separatçıların əli ilə almaq istəyir. Çünki Rusiya bunun qarşısını öz təşəbbüsü ilə ala bilməz. Nə ad qoyacaq? Söhbət Qarabağdakı erməni icmasının kommunal xidmətlərlə, ərzaq və s. məhsullarla təchiz edilməsindən gedirsə, ərazi Azərbaycanındırsa, o zaman Rusiya bu prosesin qarşısını hansı əsasla kəsə bilər?! Təbii ki, heç bir əsası yoxdur. Ona görə də bölgədəki ermənilərdən istifadə etməklə vəziyyəti gərginləşdirmək, Ağdam-Xankəndi yolu planı reallaşmasın. Demək istəyirəm ki, Rusiya savaşı birbaşa yox, separatçıları təhrik etməklə törətmək niyyətindədir.

– Belə vəziyyətdə Azərbaycan nə etməlidir?

– Azərbaycan hazırki situasiyada qalib vəziyyətdədir. Ermənistan bəyan edir ki, Qarabağ Azərbaycan ərazisidir, Azərbaycan deyir ki, bura mənim ərazimdir, Rusiya da məcburiyyət qarşısında Qarabağın Azərbaycana məxsus olduğunu bildirdi. Üçtərəfli Birgə Bəyanat adından da göründüyü kimi, adi bəyanatdır, hüquqi sənəd deyil. Hamı qəbul edirsə ki, Qarabağ Azərbaycan ərazisidir, niyə yüklər Azərbaycanda yaşayan ermənilərə Ermənistandan gəlməlidir? Əlbəttə, Rusiya maksimum çalışacaq ki, sülh danışıqlarını da, Xankəndidə Azərbaycanın suverenliyinin bərqərar olmasını da, Qarabağın dağlıq hissəsindəki erməni icmasının Azərbaycanla yaxınlaşmasını da pozsun. Əslində erməni icmasının daxilində də Azərbaycanla yaxınlaşmaq istəyənlər var. Orada da mübarizə gedir, Rusiya manipulyasiya ilə məşğuldur. Rusiya Xankəndidə daxili siyasi mübarizə formalaşdırıb. Vardanyan Xankəndiyə elə-belə gətirilməyib. Balasanyanın tutulması da sıradan hadisə deyil. Orada mübarizə gedir: Paşinyan tərəfdarları da var, Azərbaycanla sülhün tərəfdarları da var, Azərbaycana qarşı aqressiv yanaşma sərgiləyənlər də var. Təbii ki, əksəriyyəti Rusiyaya dayaq, kimi baxır. Amma ortada reallıq da var. Reallıq bundan ibarətdir ki, separatçıların Azərbaycanla qarşı-qarşıya dayanmaq gücü yoxdur. Rusiyanın isə sabah başına nə gələcəyini Rusiyanın özü də bilmir, Qarabağ erməniləri hardan bilsinlər? Belə mürəkkəb vəziyyətdə Azərbaycan öz diplomatik-siyasi xəttini israrla davam etdirməlidir. Yəni ki, Ağdam-Xankəndi yolu ilə təchizat məsələsinin həllinə nail olmalıdır. Əlbəttə, Laçın yolu da açıq olmalıdır və bildirilməlidir ki, Ermənistana getsinlər, gəlsinlər. Amma yüklər o yoldan daşınmamalıdır. Axı Ermənistandan gələn yüklər faktiki olaraq idxal deməkdir və buna Azərbaycan nəzarət etməlidir./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password