Ermənistan məkrli əməllərindən əl çəkmir – İrəvanın ikili oyun cəhdi

 

Son günlər regionda erməni tərəfinin təxribatları fonunda siyasi proseslər də dəyişkən hal alıb. Bir tərəfdən Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ Azərbaycandır” demək məcburiyyətində qalır, digər tərəfdən isə şərti sərhəddə silah səsləri eşidilir.

Azərbaycana qarşı müxtəlif dariələrdə məkrli planlar hazırlanır, müxtəlif iddialar səsləndirilir. Əlbətdə, bu qüvvələr artıq Azərbaycana təsir edə bilməyəcəklərini anlayıblar. Lakin erməni havadarları yenə də öz əməllərindən əl çəkmirlər.

Sualları cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli qeyd edib ki, Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə müttəfiqlik münasibətləri var:

“Ancaq bütün bunlara baxmayaraq, son 5 ildə, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətində çox ciddi fərqlər müşahidə edilməkdədir”.

O bildirib ki, Ermənistan Rusiya ilə tərəfdaşlıq münasibətləri olmasına baxmayaraq, Qərblə də əlaqələrini dərinləşdirmə siyasəti həyata keçirir.

“Misal üçün, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidəçilərini dəvət etdi və onların içərisində xeyli sayda hərbçilər də var” – deyə o qeyd edib.

Politoloq İlqar Vəlizadə isə belə hesab edir ki, Paşinyan da öz çıxışlarında bu gərginliyi özünəməxsus şəkildə yozur.

“Beləliklə, süni olaraq həm danışıqlara, həm də əldə olunan müəyyən razılıqların reallaşmasına maneəçilik törədir. Amma nə qədər də xarici qüvvələrin təsiri olsa da, əgər Ermənistan siyasi rəhbərliyinin istəyi olmasa, onlar bu gərginlikdən istifadə edə bilməyəcək. Deməli, burada yalnız xarici qüvvələrin istəyindən yox, Ermənistanın siyasi rəhbərliyinin iradəsindən də çox şey aslıdı”, – deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistan bu gərginliyə rəvac yaradır, istifadə edir və çox güman ki, bu gərginliyin yaradılmasında özləri də iştirak edir.

“Ona görə də məsələ təəssüflər olsun ki, regionda qeyri-stabil olaraq qalır. Düşünürük ki, Ermənistan yaxın müddətdə öz mövqesini dəyişəcək. Dəyişməsə, Azərbaycan tərəfinin mövqeyi bəllidir. Biz bunu heç vaxt gizlətməmişik. Əgər gərginlik davam etsə, Ermənistanla sərhədi heç vaxt açmayacağıq. Qarabağda yaranan süni gərginlik bizə başqa yol qoymur”,- deyə İ. Vəlizadə əlavə edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə qeyd edib ki, Azərbaycanın haqlı tələbi olan və Ermənistanın öz üzərinə götürdüyü öhdəlik – Zəngəzur dəhlizinin açılması da tezliklə gerçəkləşəcək.

“Bizim bu haqlı tələbimizin gerçəkləşməsinə isə heç kimin şübhəsi olmasın. Ermənistan həm də nəzərə almalıdır ki, 1920-ci ilin dekabrında bolşeviklərin əzəli torpaqlarımızda süni yaradılmış Ermənistan Respublikasına zorla Azərbaycandan qoparıb verdiyi doğma Zəngəzuru geri tələb etmək hüququnu özündə saxlayır. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib”, – deyə o əlavə edib.

Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi stabil olaraq qalıb. Sülh təklif edən də Azərbaycan oldu, məsələlərin danışıqlar yolu ilə həllini dəstəkləyən tərəf də məhz Azərbaycandır. Əgər Ermənistan hakimiyyəti prosesi uzadaraq növbəti 30 ildə də Azərbaycan üçün təhdid yaratmağı düşünürsə, ciddi səhvə yol vermiş olacaq. Artıq Azərbaycan bütün dünyaya öz hərbi-siyasi iradəsilə məsələləri həll etmək iqtidarında olduğunu sübut etdi./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password