Putin Qafqazda nə etməyə çalışır? – “Rusiya Azərbaycanda bütün təsirini itirib…”

 

Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib və Rusiya avia-şirkətlərinə Gürcüstana uçuşlara icazə verib.

Fərmanlara əsasən, Gürcüstan vətəndaşları Rusiyaya milli pasport və şəxsiyyəti təsdiq edən digər sənədlərlə gedə biləcək. Eyni zamanda, Rusiyaya 90 gündən çox müddətə işləmək və ya təhsil almaq üçün viza rejimi qalacaq.

Rusiya Xarici İşlər Nazirliyi Putinin fərmanlarından sonra Rusiya vətəndaşlarına 2019-cu il iyunun 21-də tətbiq edilən Gürcüstana səfərdən çəkinmə tövsiyəsini ləğv edib.

“Rusiya Federasiyası Prezidentinin uçuşların bərpası və Gürcüstan vətəndaşlarının Rusiyaya qısamüddətli səfəri üçün vizasız rejimin tətbiqi ilə bağlı qəbul etdiyi qərarlar diplomatik münasibətlərin olmamasına baxmayaraq, Rusiya və Gürcüstan vətəndaşları arasında ünsiyyət və təmasların asanlaşdırılmasına yanaşmamıza uyğundur” – deyə, nazirlik vurğulayıb.

Öz növbəsində Gürcüstan Prezidenti Salome Zurabişvili Putinin viza rejiminin ləğvi ilə bağlı fərmanını “növbəti təxribat” adlandırıb.

“Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”, – Zurabişvili vurğulayıb.

Gürcüstanlı politoloq Gela Vasadze bildirib ki, ötən illərdə regionda baş verən hadisələr Rusiyanın Cənubi Qafqazda təsirinin çox ciddi şəkildə azalmasına səbəb oldu. “Bu gün mən cəsarətlə deyərdim ki, Rusiya Azərbaycanda demək olar ki, bütün təsirini itirib, biz buna çox yaxın zamanlarda əmin olduq. Digər məsələlərlə yanaşı, Rusiya Ermənistanın ictimai rəyində öz təsirini itirir, bu isə o deməkdir ki, zaman keçdikcə dövlət səviyyəsində də itirə bilər, baxmayaraq ki, kimlərsə Ermənistanı Rusiyanın etibarlı hərbi-siyasi müttəfiqi hesab edir”, – o qeyd edib.

G.Vasadze vurğulayıb ki, Gürcüstan Rusiyanın müttəfiqi ola bilməz, çünki ölkə Rusiya ilə müharibə vəziyyətindədir: “İndi bu müharibə Medvedev-Saakaşvili-Sarkozi barışığı ilə dayandırılıb. Təbii ki, Rusiyada pul qazanmaq vacibdir. Mən inanmıram ki, Rusiya rəhbərliyi müharibədən Gürcüstana qaçan ruslardan narahat olsun. Onların sayı hazırda 130 mindən çoxdur. Ümumilikdə, müharibə başlayandan bir milyon yarıma yaxın rusiyalı Gürcüstana gəlib və daha sonra başqa ölkələrə gedib”.

Politoloq deyir ki, Kremlin bu qərarının səbəblərini aydınlaşdırmaq lazımdır: “Gürcüstanda bütün strateji əhəmiyyətli qərarları qəbul edən, yəni siyasi baxımdan ölkənin sahibi olan Bidzina İvanişvili ən çox üç şeydən qorxur: Saakaşvilidən, Putindən, bir də Amerika Birləşmiş Ştatları Xəzinədarlığının sanksiyalarından. İki məqam – Putindən qorxu nümayiş etdirmək üçün Saakaşvilini hələ də həbsdə saxlamaq güclü motivasiyadır. Birləşmiş Ştatların Xəzinədarlığının sanksiya təhdidi görünür, əvvəlki iki məsələdən aktual deyil. Qərblə çox incə bir xətt var”.

Ekspert daha sonra hakimiyyətin siyasətinin mahiyyətini açqılayıb: “İndiki Gürcüstan hökuməti nə etməyə çalışır? Macarıstandan misal gətirim. Putinin dostu Prezident Orban hələ Macarıstandadır, Macarıstan isə Avropa Birliyindədir, Gürcüstan Avropa Birliyində deyil. Onun istədiyi aydındır: bizə Rusiyada pul qazanmaq imkanı verin, lakin eyni zamanda biz öz kursumuzu saxlayırıq, biz Avropa tərəfdarıyıq. İkinci məqam: uşaqlar, gəlin dərin islahatlar aparmayaq, amma biz Avroatlantik inteqrasiyanı elan edirik. Bu sizin üçün kifayət deyil? Avropa İttifaqı bütün bunları izləməyə başlayanda, mən deyəcəm ki, Macarıstan belə davrana bilər, Türkiyə özünü belə apara bilər, amma biz yox?

Əlbəttə Türkiyə həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sabitliyin ən mühüm elementidir, NATO-nun ən vacib üzvü kimi Rusiya ilə ticarət edə bilər və müttəfiqləri buna dözümlü yanaşa bilər. Çünki Ukraynaya silah verir. Amma Gürcüstan özünü belə apara bilməz”. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password