50 ilin aktyoru ÜSYAN EDİR – “Prezident mükafatını hər il eyni adamlara verirlər”
“50 ilə yaxındır ki, səhnədəyəm, 10 yaşımdan səhnədə olmuşam. Amma nə fəxri adım var, nə mükafatım, nə də evim”.
Bunu müsahibəsində maraqlı obrazları ilə tamaşaçı rəğbəti qazanan aktyor Natiq Fərzəliyev deyib.
Aktyor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmaqla yanaşı, Mingəçevir teatrında da bir neçə tamaşalarda rol alıb.
O bildirir ki, incəsənətlə tanışlığı 10 yaşında başlayıb:
“3 ya da 4-cü sinifdə oxuyurdum. Gəlib uşaqları dərnəklərə yazırdılar. Mən də valideynlərimdən icazə alıb, dram və rəqs dərnəyinə yazıldım. Ondan sonra rayonda keçirilən bütün tədbirlərdə mənim üçün xüsusi nömrə salınırdı və mən o tərdbirlərdə iştirak edirdim.
VII sinifdə Bəşir Səfəroğlu adına Xalq Teatrına üzv olmuşam. Sonda başa düşdüm ki, mən artıq başqa sənət icra edə bilmərəm, bu sənəti seçməliyəm.
Orta məktəbi bitirdikdən sonra İncəsənət institutuna qəbul oldum”.
N. Fərzəliyev deyir ki, qeyri-rəsmi 52 ildir səhnədədir, lakin indiyə qədər onun sənətinə qiymət verilməyib:
“Yaxşı ki, ailəm var, xalq məni tanıyıb, sevib. 50 ilə yaxındır ki, səhnədəyəm, 10 yaşımdan səhnədə olmuşam. Amma nə fəxri adım var, nə mükafatım, nə də evim. 3 aydır Mingəçevir teatrında tamaşalarda oynayıram. “Varlı qadın” tamaşasında oynamışam, indi isə Əhməd Orucoğlunun “Açarını itirənlər” tamaşasında rol alıram. Hazırda məşqlər gedir. İyun ayında tamaşanı teatrsevərlərə təqdim edəcəyik”.
Söhbət zamanı aktyor sənətinə qiymət verilmədiyi üçün küsdüyünü deyib. O bildirir ki, hər il Prezident mükafatını eyni adamlara verirlər:
“Bu mükafatı aktyorların maddi vəziyyətinə kömək etmək üçün təsis ediblər. Hər il may ayında verilir, mükafat alan aktyor maaşından əlavə ilboyu 500 manat alır. Mənim kimi səsi çıxmayanlar da qalır kənarda. Mən də nazirimizə məktub ünvanlayıb onun yeni işini təbrik etmişəm və vurğulamışam ki, bəzi fikirlərimlə bağlı məni qəbul eləsin. İnanıram ki, nazir məni qəbul edəcək”./yeniavaz.com