Nazir dəyişdi, “tender kralı” yenə heç kimə aman vermir… – Elsəvər Ağayev və qudasının şirkətləri hələ də “səhiyyə bazarının” əsas oyunçularıdır
Müstəqil ekspertlər və beynəlxalq korrupsiya araşdırma təşkilatları hələ də Azərbaycanda ən korrupsiyalaşmış və ən böyük dövlət vəsaitlərinin mənimsənilməsi sahəsi kimi dövlət satınalmaları və tenderləri göstərirlər. Bir çox mütəxəssislərin fikrincə, təəssüf ki, çoxsaylı kadr dəyişiklikləri və qanunvericilikdəki yeniliklərə baxmayaraq, tenderlər yenə də əsas koprrupsiya mənbəyi olaraq qalır.
Kadr dəyişikliklərinin əhatə etdiyi sahələrdən biri də Səhiyyə Nazirliyidir. Son iki il ərzində bu nazirliyin rəhbərliyində köklü dəyişikliklər oldu. Nazir və müavinlər dəyişdi. Amma görünən odur ki, nazirliyin “tender siyasəti” bəzi digər nazirliklərdəki kimi dəyişməz olaraq qalır.
Məsələn, uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkəti “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir.
Məlumat üçün qeyd edək ki, “Arash Medical Company” heç də təsadüfən “tender kralı” hesab olunmur. Bu şirkət ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.
Ümumilikdə isə “Araş Medical” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender udub. Azərbaycan Tibb Universiteti də “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.
Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə bağlı satınalmalar da bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkət təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazanıb. Sonrakı illərdə də eyni temp saxlanılıb. Təkcə ötən il şirkət 27 tender udub. Bu, hər aya 2 tenderdən artıq deməkdir. Bu ilin əvvəlindən də tenderlər üst-üstə qazanılmaqdadır və onların dəyəri ilk 3 ayda artıq 1 milyon manata yaxınlaşıb. Ötən il bu məbləğ 4.5 milyon manata yaxın olub.
Mətbuatda gedən bəzi məlumatlarda göstərilirdi ki, şirkətin sahibi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qohumudur, Lakin əslində, Cavid Əsədov Oqtay Əsədovun yox, digər sabiq millət vəkili Hadı Rəcəblinin qohumu, daha konkret desək, bacısı oğludur. Sözsüz ki, bu amilin də “Arash Medical”-ın “uğurlarında” əhəmiyyətli payı var.
Ancaq “Arash Medical”-ın tenderləri necə “udduğuna” dair daha dolğun və faktlara əsaslanan nümunə kimi Azərbaycanda fəaliyyət göstərən “Qardaşlar Mebel” QSC-nin ölkə başçısına, Səhiyyə, İqtisadiyyat və digər nazirliklərə, eləcə də hüquq-mühafizə orqanlarına məktubunu göstərmək olar. Məktubda deyilir ki, “Qardaşlar Mebel” QSC 2021-ci ilin sonunda Səhiyyə Nazirliyinin 3 böyük tenderini udsa da, onu qalib elan etməyiblər və milyonlarla dollarlıq tenderlər şişirdilərək başqa şirkətlərə, daha doğrusu məhz “Arash Medical”a verilib: “Şirkətimiz tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə ünvanlanan müraciətlərimiz təəssüf ki, cavabsız qalmışdır. Belə qənaətə gəlmək olar ki, həmin müsabiqələrdə nəzərdə tutulan şirkətin qalib olmaması Səhiyyə Nazirliyini çox narahat edir. Bundan irəli gələrək Səhiyyə Nazirliyi həmin müsabiqələrin nəticələrinin gələn ilə keçməsini və ayrılan vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olaraq həmin tenderlərin ləğvini istəyir. Eyni zamanda bu müsabiqələrdə simvolik qiymət təklifi təqdim edərək kənarda qalan, amma bütün proseslərə özünün kənardan dəvət etdiyi “SEM-AZ” MMC şirkəti üzərindən həyata keçirən “ARASH” firması “ARASH MEDİCAL” MMC şirkətinin törəməsidir. “ARASH MEDİCAL” MMC-nin faktiki rəhbərinin isə Səhiyyə Nazirinin müavini və nazirliyin tender komissiyasının sədri Ağayev Elsevər Məmməd oğlu cənabları ilə yaxın qohumluq əlaqəsi vardır. Buna sübutu Səhiyyə Nazirliyinin Dövlət Satınalmalarının Vahid İnternet Portalının “Keçirilmiş müsabiqələr” bölməsinə daxil olmaqla görmək mümkündür. Həmin bölmədə nazirliyin bu tip satınalma predmeti üzrə keçirdiyi müsabiqələrin qalibinin yalnız “ARASH MEDİCAL” MMC olduğu qeyd olunub. Həmçinin həmin müsabiqələrdə ikinci şirkət olaraq hər zaman “SEM-AZ” MMC iştirak edir. Məhz buna görə də satınalan təşkilat üç müsabiqə üzrə yüksək, yəni 13736908.52 (on üç milyon yeddi yüz otuz altı min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat qiymət təklifi vermiş “SEM-AZ” MMC-ni qalib seçmək niyyətindədir. Eyni zamanda qalib olduğumuza baxmayaraq, Səhiyyə Nazirliyi müxtəlif yollarla müsabiqədə təqdim etdiyimiz qiymət təklifindən imtina etmək üçün bizə təzyiqlər göstərir. Üç müsabiqə üzrə qiymət təklifimiz 8580934.28 (səkkiz milyon beş yüz səksən min doqquz yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Göründüyü kimi, qiymət təkliflərimizin qalib seçildiyi təqdirdə 5155974.24 (beş milyon bir yüz əlli beş min doqquz yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılacaq. Qənaət olan vəsaitin hesabına 44 günlük müharibədə düşmən tərəfindən dağıdılmış ərazilərin tezliklə bərpasına töhfə verilə bilər…”
Doğrudur, bu müraciətdən sonra sözügedən tenderlərin nəticələri ləğv olundu və həmin tenderləri “Arash Medical” uda bilmədi. Əslində, bu da gerçək rəqabət şəraitində bu şirkətin nəyə qadir olduğunun, qalib gələ bilmədiyinin bariz nümunəsidir.
Ancaq maraqlı olan həm də budur ki, həmin müraciətə əsasən “Arash Medical”-ın arxasından daha bir ad, özü də dəfələrlə korrupsiyada hallanan ad çıxır. Söhbət 1997-cü ildən Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, 1999-cu ildən ötən ilin fevralına qədər, yəni 23 il(!) isə Səhiyyə nazirinin müavini vəzifəsini daşımış, nəticədə Azərbaycanın az qala ən imkanlı oliqarxlarından birinə çevrildiyi bildirilən Elsəvər Ağayevdən gedir.
Məktubdan belə məlum olur ki, E.Ağayevin də “Arash Medical”-ın “tender qələbələri”ndə ciddi rolu var. Əldə etdiyimiz məlumata görə, məktubda qeyd olunan, ancaq adı çəkilməyən “Elsəvər Ağayevin qohumu” isə Şamo Fərzəlibəyov adlı şəxsdir. Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. Heç yerdə adı keçməyən bu şəxs həm “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının sahibidir.
Yeri gəlmişkən, istər “Arash Medical”-ın, istərsə də Elsəvər Ağayevin qudasının yuxarıda adı çəkilən “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının qazandıqları milyonların qarşılığında vergidən yayınması ilə bağlı da bəzi iddialar var. Ancaq yəqin ki, bu və digər iddialar və açıq görünəın faktlar yalnız “Arash Medical” və buna bənzər şirkətlərin dövlət satınalmalarını, tenderləri necə “udduqları” və necə “tender kralları”na çevrildikləri üzə çıxarılan zaman araşdırılacaq. Bu isə kifayət qədər çətin görünür…/azpolitika.info