Tərcümədən böyük ədəbiyyata

Camal Zeynaloğlunun özü və sözü haqqında
Camal Zeynaloğlunu mən uşaq yaşlarımdan tanıyıram. Mən onunla eyni məktənbdə oxumuşam, eyni ildə birinci sinfə getmişik, eyni ildə orta məktəbi bitirmişik. Camal Zeynaloğlu Cəlilabad rayonunun Albalan kəndində anadan olub, amma orta məktəbi Alar kəndndə bitirib. 1975-ci il buraxılışı adla deyilirdi. 17 məzun elə həmin il, 14 məzun isə 1976-cı ildə ali və orta ixtisas məktəblərinə daxil oldu. Camal Zeynaloğlu ingilis-alman dilləri üzrə ali təhsil aldı. İş elə gətirdi ki, biz bir müddət birlikdə eyni məktəbdə işlədik.
Camal müəllim Amerika və İngiltərə ədəbiyyatından tərcümələr edirdi. Onun belə tərcümələrindən bir qismini ötən yüzilliyin səksəninci illərində Cəlilabad rayonunda çap olunan “Yeni gün” qəzetində oxucuların ixtiyarına verdik və bu tərcümələr çox yaxşı qarşılandı. Bu da yadımdadı ki, Camal müəllim tərcümələrə ciddi yanaşır, ideomatik ifadələri və frazeoloji birləşmələri originala uyğun şəkildə çevirməyə çalışırdı.
Sovet dönəmində daha çox tarixi mövzularda əsərlər nəşr olunur, məhəbbətə aid hekayə, povest və romanlar oxunurdu. Camal Zeynaloğlunun tərcümə etdiyi hekayə və povestlər daha çox kriminal əhəmiyyətli olurdu. Bunun səbəbini soruşduqda, Camal müəllim dedi ki, bizdən fərqli olaraq, Avropa oxucuları macəraya, fantastikaya və kriminal hadisələr haqqında hekayətlərə üstünlük verirlər. Sonralar onun tərcümələri respublika mətbuatına ayaq açdı, “Dünya” və “Mütərcim” jurnallarında dərc edildi. Bu tərcümələr içərisində Aqata Kristinin ayrıca kitab halında çap olunmuş “Baş nazirin oğurlanması” (2012) xüsusilə seçilir.
Camal Zeynaloğlu həm də psixologiya üzrə ikinci ali təhsil alıb. Bu da ona imkan verir ki, personajlarının və qəhrəmanlarının psixoloji dünyasına daha dərindən nüfuz edə bilsin.Camal müəllimin ilk hekayələri bu ovqatla meydana gəldi və dərhal rezonans verdi. İlk anda oxucuya elə gəlirdi ki, Camal Zeynaloğlu hekayə və povestlərini tərcümə etdiyi əsərlərin təsiri altında yazır. Sonra məlum oldu ki, əslində, Azərbaycanın özündə o qədər ictimai qınağa məruz qala biləcək krimhadisə var, onları sadəcə təsvir etmək kifayətdir. Camal müəllim hadisəni deyil, hadisəni törədən səbəbləri obrazlı şəkildə qələmə alır.
Camal Zeynaloğlunun yazıçı qələmi böyük təcrübəyə malikdir. Belə ki, o, bir müddət “Mühakimə” qəzetində müxbir kimi çalışıb, “Son söz” qəzetinə baş redaktorluq edib və “Mister-X” qəzetinin isə redaktoru olub. Zəngin publisistikası var. Qəzet onu həm publisist kimi, həm də yazıçı kimi yetişdirib. Onun kitablarının siyahısı oxucuya çox söz deyir: ”Uğursuz nikah” (1998), “Məni qınamayın” (1998), “Qanlı fevral gecəsi” (1999), “ Ölümlə üz-üzə” (2000) “Tanrı cəzası” (2010), “Həqiqət işığında”, (2012), “Nakam məhəbbət”, (2012), “Ölüm doğmalığı” (2013), ”Talelər dünyası” (2013), “Gecikmiş sevgi” (2014), “Paslı qılınc” (2014), “Qarabağ dərdi-erməni vandalizmi” (2014), “Xeyirxah əməllər yolçusu” (2015), “Ağrılı düşüncələrim” (2015), “Qəfil döyülən qapı” (2015), “Xəyalındakı ağ yaylıqlar” (2015), “Baş tutmayan intihar” (2015), “Cəsur kəşfiyyatçı, igid partisan” (2016), “Snayper qız” (2016) və başqa kitabları müxtəlif mövzularda olsa da, müəllifinə oxucu rəğbətini qazandıra bilib.
Camal Zeynaloğlunun hekayə və povestləri mövzusunu həyatdan alıb, gündəlik yaşantılarımızı əks etdirir. Onun kriminal həyatla bağlı çoxlu məqaləsi var, özü bu yazılarını “Cinayət oçerkləri” adlandırır. Esselərinin mövzusu isə rəngarəngdir. Vətənpərvərlik mövzusunda yazdığı məqalələrin çoxu Qarabağa aiddir.
Camal Zeynaloğlunun əsərləri ədəbi tənqidin diqqətindən kənarda qalmayıb. H.Kərimova, A.Əliyev, İ.Quliyev, Ə.Tağıyev, H.Elvüsal, O.Salamzadə, Ə.Elsevər, E.Cəbrayıloğlu, İ.Cəfəroğlu, R.Məmmədli, A.Şahverdiyev, X.Balaxanlı, Ə.Nuri, X.Zeynalova, E.Quliyev, Z. Mikayılov, Ə.Əzimli, A.Hüseynova, R.Hilaloğlu, T.Məmmədli, N.Hüseynzadə, Ş.Vəfadar, B.Əsgərov, M.Məmmədov, F.Museyibqızı, C.Bəhlulova, A.Mizəbəyli, L.Məhərrəmov, B.Yolocaqlı, S.Mustafaoğlu, E.Nurullayev və başqaları Camal Zeynaloğlunun yaradıcılığı haqqında məqalələr yazıblar.
Camal Zeynaloğlu tərcüməçilikdən yazıçılığadək mürəkkəb bir yol keçib. O, dünya ədəbiyyatından tərcümə etdiyi əsərlər səviyyəsində hekayə və povestlər yazıb, ədəbiyyatımızı yalnız Camal Zeynaloğluna məxsus bədii nümunələrlə zənginləşdirib. Öz üslubu ilə Azərbaycan ədəbiyyatına Avropa ədəbi məktəbinin ab-havasını gətirib. Bunu yaxşıca dərk etmək üçün Camal Zeynaloğlunun qələmindən çıxan əsərləri oxumaq kifayət edir.
Bilal ALARLI (Hüseynov),
filologiya üzrə fəlsəfə doktoru

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password