Niyə bütün seçimlər ləğv edildi? – MİDA-dan açıqlama
“Güzəştli mənzil sisteminin tətbiqində əsas məqsəd güzəştli mənzil əldə etmək üçün bərabər şəraitin yaradılmasıdır”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Fərman Qurbanlı bildirib.
“Bir sıra şəxslər qabaqcadan əlbir olaraq qrup şəklində və ya ayrı-ayrılıqda onlara müraciət etmiş güzəştli mənzil sisteminin istifadəçilərinin qeyri-qanuni yollarla, daha sürətli şəkildə mənzil əldə etmələri üçün proqram təminatları hazırlayıblar. Onlar bu proqram təminatını 30 mart tarixində sistemə tətbiq etməklə digər vətəndaşların mənzil seçimi imkanını məhdudlaşdırıb və və eyni zamanda dövlət orqanlarının fəaliyyətinə maneçilik törədiblər”, – deyə Fərman Qurbanlı bildirib.
O vurğulayıb ki, 30 mart tarixində mənzili özü seçmiş şəxslərdən öncə mənzil seçiminə gəlib çatmış və mənzil seçimi etmək istəyən şəxslərin seçimi məhdudlaşdırılıb.
F.Qurbanlı qeyd edib ki, satışa çıxarılmış mənzillərin 60%-dən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib:
“Ona görə də bərabərlik pozulduğu üçün 30 mart 2022-ci ildə baş tutan bütün seçimlər ləğv edilib”.