Rus şərhçi: Döyüş Donbasda yox, Moskvada olacaq!
Rusiya diktatoru Vladimir Putini gələcəkdə hərbçilərlə qarşıdurma gözləyir, hansı ki, burada tərəflərdən biri məhv olacaq.
Bu sözləri rusiyalı jurnalist Andrey Piontkovski deyib.
O iddia edib ki, Rusiyada generalların təmizlənməsi prosesi gedir və bir çox tanınmış hərbi xadim əlaqəyə çıxmır:
“Generalların təmizlənməsi başlanıb. Birincisi, general Aleksandr Dvornikovun Rusiya ordusunun baş komandanı təyin olunması, ikincisi isə bir sıra tanınmış ictimai xadimin yoxa çıxması ilə bağlıdır”.
O bildirib ki, təbliğatçılar müdafiə naziri Sergey Şoyqu ilə birgə öncədən hazırlanmış süjetlərlə rusları onların həqiqliyinə inandırmağa çalışır.
Piontkovski əmindir ki, Şoyqu artıq cəzalandırılıb:
“Putin hərbçiləri dəyişəcək və Dvornikov kimi ağlını itirmiş cəlladları təyin edəcək. Diktator generalları xəyanətdə ittiham edə bilər.
Tərəflərdən biri digərini zərərsizləşdirməlidir. Bu, Donbas savaşının əsas yekunudur. Generallar da bu qarşıdurmaya hazırlaşır. Əsas döyüş Donbasda deyil, Moskvada olacaq. Bu hadisələr mayın ilk ongünlüyündə baş verəcək və müharibənin nəticəsini müəyyən edəcək.
Müharibənin nəticəsi öncədən bəllidir: Ukrayna qalib gələcək, Rusiya məğlub olacaq. Lakin məsələ nə cür məğlubiyyət və hansı nəticələrin olacağıdır”.