Azərbaycanın budəfəki hədəfi Qarabağdakı separatçılar olacaq
İlin son günlərində Qarabağdakı separatçılar yenidən fəallaşıblar. Ötən gün onlar Ağdam istiqamətində “Bakcell” şirkətinin əməkdaşını, mülki şəxsi yaralayıblar. Özü də bütün bunlar Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın “statusu”nu dəfn edən bəyanatlarından sonra baş verir.
Bəs, Azərbaycan Qarabağdakı separatçılarla bağlı hansı addımları atacaq?
Politoloq Qabil Hüseynli açıqlamasında söyləyib ki, hazırda Qarabağın dağlıq hissəsində mürəkkəb proseslər cərəyan edir:
“Həmin problemin mürəkkəbliyi ondan ibarətdir ki, indi Ermənistanla Qarabağdakı separatçılar arasında gərginlik var. Məsələnin görünən tərəfi budur. Ermənistanda Qarabağdan imtina etmək, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı pozitiv gəlişmələr mövcuddur. Bunu xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarına əsasən söyləyə bilərik. Düşünürəm ki, artıq Qarabağdakı separatçılar, onun başçısı haqqında Ermənistanda qiyamçı kəlməsini də işlədirlər. Təəssüflər olsun ki, son hadisələrdə rusiyalı sülhməramlıların da mənfi rolunu qeyd etmək lazımdır. Qarabağdakı sülhməramlılar bir növ separatçılara havadarlıq edirlər. Onları öz qəyyumluğuna alıblar. Bu da separatçılara ruh verir. Quldurlar da ondan ruhlanaraq bu cür pozucu hərəkətlərlə məşğul olurlar”.
Politoloqun fikrincə, yeganə təsəlliverici amil ondan ibarətdir ki, sülhyaratma prosesi yolunda hələ ki, ciddi əngəllər yoxdur: “Bunu belə söyləyə bilərik. Zənnimcə, bu istiqamətdə işlər davam edir. Amma bizim qarşıda Qarabağın dağlıq hissəsindəki erməni separatçılarla bağlı görəcəyimiz işlər çoxdur. Bu vaxta qədər onlara yolunu azmış deyirdiksə, indi sözün əsl mənasında qiyamçı adlandırırıq. Həmin separatçılarla bağlı ciddi qayğılarımız əmələ gəlməkdədir. Bu qayğılarla bağlı Azərbaycan dövlətinin də müəyyən düşüncələri var. Müdafiə Nazirliyi sistemində bununla bağlı müzakirələr açılıb. Daha doğrusu, toplantı keçirilib. Həmin toplantıda Qarabağın dağlıq bölgəsindəki ərazilərdə ordumuzun səfərbər edilməsi və bütövlükdə onların təxribatlarının qarşısının alınması istiqamətində yekdil fikir bəyan olunub. Düşünürəm ki, separatçılar bizim üçün müəyyən baş ağrıları yarada bilər”.
“Bu cür təxribatlar davam edərsə, Qarabağda anti-terror əməliyyatları başlaya bilərmi?” – fikrinə münasibət bildirən politoloq deyib ki, dağ komando briqadalarının yaradılması, ölkə Prezidentinin onların qarşısında çıxış etməsi, qarşılarına vəzifə qoyulması bir çox mətləblərdən xəbər verir: “Bu dağ komandolarının, elit birləşmələrin bilavasitə yuxarı Qarabağın çevrəsində yaradılması onu deməyə əsas verir ki, istənilən halda bu cür anti-terror əməliyyatları başlaya bilər. Amma burada qarşıda duran əsas məsələ rusiyalı sülhməramlılardır. Burada çox ehtiyatlı və həssas davranmaq lazım gələcək. Çünki ermənilərin özləri də həmişə təxribatçı xarakterləri ilə seçiliblər. Onlar çalışırlar ki, hər hansı bir hadisəni törətməklə Azərbaycan-Rusiya qarşıdurmasına gətirib çıxarsınlar. Hələ ki, anti-terror əməliyyatları ilə bağlı birmənalı fikir söyləmək çətindir. Amma artıq Qarabağın yuxarı hissəsi, oradakı separatçılar hədəfdədir”./publika.az