“Bəyannamədə bizim xeyrimizə bircə söz belə yoxdu” – Erməni deputat

 

Soçidə keçirilən üçtərəfli görüşün nəticələri Ermənistanın siyasi arenasında əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Və görüşdən daha çox vaxt keçdikcə, onunla bağlı pessimist, hətta isterik qiymətləndirmələr, təhlillər daha da artır.

Erməni müxalifətinin aparıcı və fəal simalarından biri, “Şərəfim var” blokundan deputat Tiqran Abramyan “Azərbaycanın yeni təcavüzü” və “Ermənistanın növbəti kapitulyasiya aktı” barədə həyəcan təbili çalıb. Abramyan deyib ki, Soçidəki üçtərəfli görüşdə səsləndirilən bir sıra fikirlər Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara və Azərbaycanın hərəkətlərinə legitimlik qazandırır.

Belə ki, onun fikrincə, görüşdə iki ölkə arasında sovet dövründə sərhədlərin olmadığının xüsusi vurğulanması bəzi mətləblərdən xəbər verir: “Bu, delimitasiya prosesinin vacibliyini vurğulamaq üçün qeyd edilsə də, əslində çox təhlükəli vəziyyət yaradır. Belədə Azərbaycanın Ermənistanın suveren ərazilərinə(?) girməsi təcavüz yox, sərhəd mübahisəsi mənası daşıyır. Bundan başqa, Azərbaycan Prezidenti sərhəddə baş verənləri təcavüz yox, planlaşdırılmamış sərhəd insidenti kimi təqdim edir. Bu bəyanatlar göstərir ki, delimitasiya prosesinin başlanmasından asılı olmayaraq, Azərbaycanın yeni təcavüzü(?) ehtimalı qalır. Belə çıxır ki, beynəlxalq anlamda sərhədin müxtəlif istiqamətləri üzrə lokal hərəkətlər “sərhəd mübahisəsi” kimi qiymətləndiriləcək və buna görə hər iki tərəfin üzərinə eyni dərəcədə məsuliyyət düşəcək. Beynəlxalq birlik üçün “qırmızı xəttin keçilməsi” isə yalnız hərbi qarşıdurmanın geniş miqyaslı xarakter alması sayılacaq. Və heç kim bilmir ki, hansı hərəkətlər “geniş miqyaslı” hesab olunacaq. Bir şeyi də aydınlaşdırmaq lazımdır ki, bu halda Azərbaycanı “dayandırmaq” üçün Ermənistanın yeni kapitulyasiyasını istisna etmək olarmı?”

Siyasətçi hesab edir ki, Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə, sərhəddəki qarşıdurmalar bundan sonra da davam edə və Ermənistanın növbəti kapitulyasiyası ilə yekunlaşa bilər.

Bu arada Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan televiziya çıxışında deyib ki, Soçi görüşündə qəbul olunmuş bəyannamə Ermənistanın milli maraqlarına qətiyyən uyğun deyil: “Bu bəyannamədə Ermənistanın maraqlarına uyğun bircə sətir, yaxud söz tapa bilərsinizmi? Hazırkı Baş nazir heç vaxt Ermənistanın maraqlarını təmsil etməyib və etməyəcək də.Üçtərəfli görüşdə Baş nazir “girovlar” və “saxlanılan şəxslər” terminlərini işlətdi, lakin bircə dəfə də “hərbi əsirlər” terminindən istifadə etmədi. Bu da azmış kimi, o, Əliyevin fikirlərini tamamlayaraq təsdiqlədi ki, 10 noyabr sazişinin bütün bəndləri yerinə yetirilməyib və bu bənd də həmçinin. Sonra yerinə yetirilməyən bəndlərin hamısı sadalandı, lakin yekun bəyannamədə onlara yer verilmədi. Əvəzində, Azərbaycanın bütün tələbləri sənəddə yer aldı.”

Göründüyü kimi, erməni cəmiyyətində Azərbaycanla həm hərbi, həm də diplomatik savaşda məğlubiyyətin acısı daha çox dərk olunmaqda və hiss edilməkdədir. Artıq əksəriyyət anlayır ki, istər Zəngəzur dəhlizi, istər sərhədlərin müəyyənləşdirilməsi, istər ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, istərsə də bütün digər bəndlər üzrə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password