Azərbaycanda devalvasiya riskləri: əcnəbilər nikbin, yerlilər narahatdır

 

Manatın durumunu müəyyənləşdirən amillər bəlli olsa da, aqibəti barədə proqnozlar fərqlidir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, Azərbaycanda devalvasiya riskləri azalıb. Bununla belə, yerli analitiklər proqnozlardan ehtiyatlanırlar.

Agentlik cari əməliyyatlar balansında 0,5% defisitdən sonra Azərbaycanın 7,9% profisitə qayıdacağını açıqlayıb. Qurum xalis suveren aktivlərin 2020-ci ildəki 83,1%-dən 2023-cü ildə ÜDM-in 84,1%-nə yüksələcəyini proqnozlaşdırır.

Onlar, həmçinin əmindirlər ki, xarici balansın yaxşılaşdırılması və milli valyutanın məzənnəsinin 1 USD/1.7 AZN səviyyəsində saxlanılması devalvasiya risklərini azaldıb. Hesabat müəllifləri ilin sonuna Azərbaycanda orta illik inflyasiyanın 7,6% olacağına inanır və Mərkəzi Bankın uçot dərəcəsinin daha da artacağını proqnozlaşdırırlar.

Yerli analitiklərin fikrincə, bu gün devalvasiya üçün heç bir obyektiv səbəb yoxdur. Valyutamızın sabitliyindən danışan ekspertlər neftin bahalaşmasına istinad edirlər, lakin ölkənin əsas ixrac resursunun bahalaşması faktoru qeyri-stabildir.

Hüquqşünas və bank-maliyyə eksperti Əkrəm Həsənov deyib ki, manatın sabitliyini yalnız yaxın gələcək üçün proqnozlaşdırmaq olar: “Hazırda Azərbaycan valyutasının ucuzlaşması üçün heç bir obyektiv səbəb yoxdur. Gələcək perspektivlərə gəlincə, onlar proqnozlaşdırıla bilməz, çünki onlar dünya neft bazarlarındakı qiymətlərdən asılıdır”.

Buna əlavə etmək lazımdır ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci ildə neftə tələbat artımı proqnozunu sutkada 4,2 milyon barel ətrafında saxlayıb. Dünyada neft istehlakı böhrandan əvvəlki rəqəmi keçə bilər, bu barədə kartelin noyabr hesabatında deyilir.

Ancaq bu baxımdan heç də hər şey hamar deyil. Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft icmalının açıqlanmasından sonra etalon markalı xam neft qiymətləri aşağı düşüb. “S&P Global Platts” agentliyinin verdiyi məlumata görə, OPEC-in baş katibi Məhəmməd Barkindo deyib ki, dekabrda qlobal neft bazarında təklif defisitdən daha artıq olacaq.

“Bu, çox-çox diqqətli olmağımız üçün bir siqnaldır. Gələn il üçün rüblük proqnozlar göstərir ki, bazarda təklif çox ola bilər. Buna görə də biz aylıq olaraq qəbul edilən qərarlarda ifadə olunan ehtiyatlı bir yanaşma saxlamalıyıq”, – deyə Barkindo bildirib.

OPEC+ ölkələri tələbat azaldıqda, pandemiyanın başlanğıcında səviyyələri əhəmiyyətli dərəcədə aşağı saldıqdan sonra neft hasilatını artırmağı nəzərdən keçirmək üçün hər ay toplaşır. Əvvəlki plana görə, OPEC və digər on əsas neft hasil edən ölkə, ABŞ, Yaponiya və Hindistan kimi böyük istehlakçıların hasilatı daha da artırmaq üçün təzyiqlərinə baxmayaraq, avqust ayından etibarən hər ay hasilatı cəmi 400 min barel artırıb.

Yanvar artım tempi məsələsinə baxılacaq növbəti OPEC+ iclası dekabrın 2-də keçiriləcək. Yeri gəlmişkən, neft kartelinin nümayəndələrinin qorxuları neft qiymətləri ilə sıx bağlı olan valyutamızla əlaqəli də aktualdır.

İqtisadçı alim Qubad İbadoğlunun fikrincə, ölkədə valyuta satışına məhdudiyyətlərin Mərkəzi Bankın manatın sabitliyi perspektivinə inanması ilə heç bir əlaqəsi yoxdur: “Pul vahidimizin sabitliyi ilə bağlı bəyanatlara baxmayaraq, Azərbaycan Mərkəzi Bankı orta və uzunmüddətli perspektivdə devalvasiya risklərinin qaldığını nəzərə alaraq, dollar satışına qoyulmuş qeyri-rəsmi məhdudiyyətləri aradan qaldırmağa tələsmir”.

“Bundan əlavə, əsas ticarət tərəfdaşlarımız – Türkiyə və Rusiyanın milli valyutalarının volatilliyi fonunda manatın sabitliyi nisbidir və yalnız ABŞ dollarına aiddir. Bu vəziyyət, digər məsələlərlə yanaşı, manatın tənzimləyici funksiyasından istifadəni məhdudlaşdırır, inflyasiya idxalını stimullaşdırır, bahalı idxal əməliyyatlarını həvəsləndirir”, – deyə ekspert düşünür.

Dünya bazarındakı volatilliyi nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının ölkənin valyuta bazarını tədricən liberallaşdırması məqsədəuyğundur. Bunu isə Milli Məclis üzvü Vüqar Bayramov deyib. Onun fikrincə, liberal valyuta bazarı dünya bazarlarında yeni dalğalanmaların risklərini nəzərə alaraq uzunmüddətli perspektiv üçün daha sığortalanmış hesab olunur./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password