Bağçı Azərbaycan üçün türk investorlarına çağırış etdi
Qarabağda 30 illik kədər oldu, insanlar öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qaldılar. Azərbaycan bu işğala özü son qoymalı oldu və bunu Türkiyənin mənəvi-siyasi dəstəyi ilə reallaşdırdı.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, Azərbaycan Qarabağda ədalətli mübarizədən sonra qələbə qazanıb: “30 ildir ki, BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun fəaliyyəti dünyaya mesaj oldu. Azərbaycan təmin edilə bilməyən ədaləti təmin etdi. Ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə apardı və istəyini həyata keçirdi. Bu baxımdan Qarabağ zəfəri mübarək və şərəflidir”.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin son bir ildə daha yüksək səviyyəyə yüksəldiyini xatırladan Bağçı qeyd edib ki, hələ bir il tamam olmamış Qarabağa həyat qayıdıb. Hava limanı tikilib, tunellər inşa olunur. Bir sıra bölgü planları, şəhər planları, baş planlar hazırlanıb. Türkiyə Qarabağın zəfər müddətində olduğu kimi, yenidənqurma və inkişafda da əlindən gələni edir, dövlət və özəl sektor təcrübəsini Azərbaycana təqdim etmək üçün açıq təklif irəli sürür. Qarabağ Fəaliyyət Planı, Kənd Təsərrüfatı Fəaliyyət Planı Türkiyənin dəstəyi ilə hazırlanıb. Füzuli hava limanının inşasında 12 türk şirkəti iştirak edib. Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu türk şirkətləri tərəfindən hazırlanır. Zəfər yolunun 2 mərhələsi türk şirkətləri tərəfindən tikilib.Tunellər türk şirkətləri tərəfindən hazırlanır. Mədən işlərini də türk şirkətləri həyata keçirir. Türkiyə dövlət və özəl təcrübəsi ilə Azərbaycandadır. Türkiyə iqtisadiyyatın böyüməsi və inkişafı, qeyri-neft sektorlarına investisiyalar üçün həmişə hazırdır”.
Azərbaycanın ciddi potensialına diqqət çəkən səfir türk investorlarını buraya investisiya qoymağa çağırıb. C.Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin hər sahədə daha da yaxşılaşdırılması və dərinləşməsi üçün çalışırlar.