Fransadan şok İran qərarı: “Rusiya ilə birlikdə…”
Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian Avstraliya ilə sualtı gəmi müqaviləsinin ləğv edilməsinə qarşı ABŞ-ın mövqeyini “məyusluq” adlandırıb.
Lyö Drian ABŞ və Avstraliyanın sualtı gəmi layihəsi ilə əlaqədar verdiyi qərarda müttəfiqlər arasında məsləhətləşmənin aparılmadığını deyib.
“İlk növbədə, məsələ müqavilənin ləğvində deyil. Əlbəttə ki, bu, Fransa üçün mənfidir. Əsas məsələ müttəfiqlər arasında etimadı pozmaqdır”, – nazir bildirib.
Lyö Drian Avstraliyanın imzaladığı müqaviləni ləğv edəcəyinin gözlənilmədiyini deyib.
Müttəfiqin “şəffaflıq”, “danışmaq”, “müzakirə etmək” və “gizlətməmək” mənasına gəldiyini söyləyən nazir bütün bu gəlişmələrin izahat tələb etdiyini vurğulayıb.
Böyük Britaniya, ABŞ və Avstraliyanın qurduğu ittifaqda yer verilməyən Fransanın baş diplomatı bu strategiyanın yönəldiyi Çinə dəstəyini də ifadə edib:
“Bir məsələ də Hind-Sakit okean strategiyasıdır. Çinə qarşı ciddi qarşıdurma ehtimalını gücləndirən bu mövqe nə deməkdir?”, – Lyö Drian qeyd edib.
Çinlə rəqabət olduğunu, ancaq suverenliyini qoruduğu hər bir ölkəyə alternativin təqdim edilməli olduğunu deyən nazir yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ dövlət başçısı Co Bayden arasında telefon danışığının olacağını açıqlayıb.
ABŞ-ın sualtı gəmi layihəsi ilə bağlı mövqeyini “məyusluq” adlandıran Lyö Drian qeyd edib: “Birtərəfli yanaşmanın, qabaqcadan görə bilməmənin, müttəfiqə hörmət etməməyin keçmişdə qaldığını düşünürdük”.
Nazir çıxışında İranın nüvə proqramından da danışıb. Lyö Drian bu dəfə bu məsələni ənənəvi müttəfiqləri ilə yox, onların rəqibləri ilə müzakirə edəcəyini elan edib.
O, İranın nüvə anlaşması ilə bağlı əvvəlki öhdəliklərini pozmağa davam etdiyini və bu məsələni Rusiya və Çinlə müzakirə edəcəyini bildirib./teleqraf.com