Yeni regional çağırışlar Ümumqafqaz evinin yaradılması perspektivlərini sual altına ala bilər
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Yeni regional çağırışlar Ümumqafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər” adlı məqaləsi “The Tribune” nəşrində çap edilib.
BMTM-dən verilən məlumata görə, məqalədə deyilir ki, 44 günlük müharibədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Bununla da 2020-ci il 10 noyabr razılaşmasının tamamilə yerinə yetiriləcəyi və regionda bütün kommunikasiyaların açılacağı təqdirdə sülh və çiçəklənmə üçün zəmin yarana bilər.
Qeyd edilir ki, lakin son zamanlar, xüsusən də Ermənistandakı parlament seçkilərindən sonra regionda baş verənlər bütün tərəflərin regional sülh və inkişafın qorunmasında maraqlı olmadığını göstərir.
“Belə ki, Ermənistan hakimiyyətinin “Zəngəzur koridoru”nun yaradılmasına dair sərgilədiyi təzadlı mövqe, tez-tez baş verən sərhəd təxribatları, Naxçıvan Muxtar Respublikasının, işğaldan azad edilmiş Şuşa şəhərinin və Kəlbəcərin atəşə tutulması, eləcə də Ermənistan tərəfindən Laçın koridoru vasitəsilə Azərbaycan ərazisinə yeni silahlı birləşmələrin keçirilməsi cəhdləri onu göstərir ki, razılaşmalar həm Ermənistan, həm də Rusiya sülhməramlıları tərəfindən pozulur”, – deyə məqalədə vurğulanır.
Müəllif yazır ki, Ermənistanın Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına dair çoxsaylı çağırışlarına məhəl qoymaması, bunun əvəzində isə ölkədə revanşist meyillərin güclənməsi, Ermənistanın yeni hökumətinin rəsmiləri tərəfindən silahlanma və müharibə üçün çağırışların edilməsi, eləcə də xarici aktorlar tərəfindən Ermənistanın silahlandırılması cəhdləri Ümumqafqaz evi (Pax-Caucasia) ideyasının reallaşdırılmasını sual altına ala bilər.
“Bundan əlavə, 10 noyabr razılaşmasının təhrif edilməsi cəhdləri də onu göstərir ki, Ermənistan müvafiq razılaşmalar üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaqla həm özünün gələcək inkişaf yolunu, həm də bütün regionun sülh və rifahını sual altına almaq istəyir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu mövqeyinə göz yummamalı, müvafiq razılaşmaların icrası bütün aidiyyəti dövlətlər tərəfindən qeyd-şərtsiz təmin edilməlidir”, – deyə müəllif qeyd edir.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdə tanış olmaq olar.