Dollar alışı niyə kəskin azalıb? – 3 SƏBƏB
“Əvvəlki illərlə müqayisədə 2020-2021-ci illərdə Azərbaycandan xaricə səyahətlərin pandemiya səbəbindən kifayət qədər məhdudlaşması dollar alışının azalmasına səbəb olub”.
Bunu açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov cari ilin son 4 ayında nağd formada satılan dolların məbləğinin dollar alışından çox olmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dollar alışının azalmasında əsasən 3 amil rol oynayıb:
“İqtisadi mühit dollar alışının azalmasına gətirib çıxarıb. Əvvəlki illərlə müqayisədə 2020-2021-ci illərdə Azərbaycandan xaricə səyahət pandemiya səbəbindən kifayət qədər məhdudlaşıb. Dollara tələbi yaradan istiqamətlərdən biri məhz xaricə səfərlərdir. Əvvəlki dövrlərdə xarici səfərlər fonunda il ərzində təxminən 1,7-2,5 milyard dollarlıq tələb formalaşırdı. İndi isə pandemiya səbəbindən səfərlərin sayı kəskin azalıb. Nəticədə bazarda dollara daha az tələb yaranıb”.
Ekspertin fikrincə, digər tərəfdən, belə bir tendensiyanın yaranmasına bazarda mövcud olan sabitliyin də müəyyən qədər təsiri olub:
“Neftin qiymətin bahalaşması yığım edən şəxslərdə hazırda manatla bağlı risklərin olmadığı qənaətini formalaşdırıb. Çünki manatın məzənnəsi əsasən məhz neftin qiymətilə uzlaşdırılaraq müəyyən edilir”.
Rəşad Həsənov düşünür ki, prosesə qeyri-rəsmi formada dollar satışının məhdudlaşdırılması da öz təsirini göstərib:
“Bankların böyük əksəriyyəti dollar satışı ilə bağlı məhdudiyyət tətbiq edir ki, bu da qeyri-rəsmi şəkildə Mərkəzi Bank tərəfindən verilən göstəriş əsasında həyata keçirilir. Belə ki, günorta saat 14.00-dan sonra dollar satışına məhdudiyyət qoyulub. Bunun özü də hazırkı şərtlər daxilində dollar alışını məhdudlaşdıran faktor kimi çıxış edir. Nəticədə vətəndaşların böyük əksəriyyəti dollar ala bilmir”. /qaynarinfo