Əsgər bizim, torpaq bizim, qandalı niyə sülhməramlı vurmalıdır?!

 

Politoloq: “Hərbçimizi öz torpağında olduğuna görə separatçılar həbs ediblər – əsl cinayət budur”

Psixoloq: “Əgər o, əməli anlaqsız vəziyyətdə törədibsə, həbsxanaya deyil, məcburi müalicə üçün xəstəxanaya göndərilməlidir”

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında qeyd edilir ki, əsgər Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

 

“Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, – deyə məlumatda vurğulanır.

Erməni mediası isə Qarabağdakı separatçılara istinadən əsgərimizin Ağdərə rayonunda saxlanıldığını bildirir. Yəni aydın olur ki, C.Babayev faktiki olaraq Qarabağdakı separatçıların əlindədir.

Azərbaycan ictimaiyyətini narahat edən separatçıların açıqlamasıdır. Hələ də özünə “dövlət” deyən separatçılar iddia edirlər ki, Azərbaycan əsgəri guya onların “dövlət sərhədini” keçib. Halbuki Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bu cür qeyd edildiyi kimi, psixi problemlər yaşayan hərbi qulluqçunun keçdiyi yer Azərbaycanın ərazisidir – Ağdərədir.

Hazırda isə həmin ərazilərimiz Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. İctimaiyyət belə hesab edir ki, psixi durumu sabit olmayan hərbçimizi sülhməramlılar dərhal Azərbaycana təhvil verməlidirlər.

İctimaiyyəti narahat edən ikinci məsələ isə Müdafiə Nazirliyinin açıqlamasında qeyd etdiyi “cinayət işi başlanıb, araşdırma aparılır” ifadələridir. Bir çox şəxs bildirir ki, əgər hərbçimiz İkinci Qarabağ müharibəsində iştirak edib, qazi olubsa, orada gördüklərindən keçirdiyi sarsıntı nəticəsində müalicəyə cəlb edilibsə, haqqında cinayət işinin açılması nə dərəcədə doğrudur? Ümumiyyətlə, psixi problemi olan hərbçi hospitalı tərk edib öz ərazimizə keçibsə – çox da ki, hazırda həmin ərazi sülhməramlıların müvəqqəti nəzarətindədir – onu məsuliyyətə cəlb etmək, barəsində cinayət işi açmaq nə qədər ədalətlidir?

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərhində deyib ki, Müdafiə Nazirliyinin açıqlamasında zidiyyətli məqamlar var: “Açıqlamada deyilir ki, hərbçimiz Babayev Cəmil hospitalı özbaşına tərk edib və buna görə onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”. Birinci cümlədə “araşdırılma aparılır” sözləriylə kifayətlənmək olardı. Çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daim doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı”.

“Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib. Onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”, – deyə politoloq vurğulayıb.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Hərbi ekspert, psixoloq Azad İsazadə də açıqlamasında qeyd edib ki, hərbçimiz sülhməramlılardan geri istənilməli və sülhməramlılar əsgəri bizə təhvil verməlidirlər: “Əsgər Rusiya sülhməramlılarının bizim ərazimizdəki məsuliyyət zonasına daxil olub. Separatçılar onu mühakimə edə bilməzlər. Sülhməramlı kontingent hərbçini Azərbaycan tərəfə təhvil verməlidir”.

Hospitalın psixiatriya bölməsində müalicə aldığı halda xəstəxananı özbaşına tərk edən, getdiyi yer öz ərazimiz olan bir qazinin barəsində Azərbaycanda cinayət işinin açılmasına gəldikdə isə İsazadə belə münasibət bildirib: “Qanun çərçivəsində ruhi xəstə, vəziyyətindən asılı olaraq cinayət məsuliyyətinə cəlb oluna bilər. Sadəcə cinayət işi açılandan sonra məhkəmə psixiatriya-ekspertizası keçirilməlidir. Ekspertlərin qarşısında məhkəmə sual qoymalıdır ki, bu adam törətdiyi əməli anlaqlı vəziyyətdə edib, ya anlaqsız vəziyyətdə törədib. Diaqnoz dəqiqləşdirilməlidir. Nəticəyə uyğun olaraq da qərar verilməlidir”.

“Bəzən olur ki, mülki hospitalı da özbaşına tərk edən olur. Bu halda da yenə ekspertiza aparılır, ona uyğun qərar verilir. Əməli anlaqsız vəziyyətdə törətdiyi dəqiqləşdiriləndən sonra həmin şəxs həbsxanaya deyil, məcburi müalicə üçün xəstəxanaya göndərilir. İstər psixiatriyada müalicə olmuş hərbçi olsun, istərsə də mülki şəxs, qanun bu cür tətbiq edilir”, – deyə psixoloq fikrini tamamlayıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password