Paşinyanın sülhə dair bəyanatında Qərbin “əli”…

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib. Bu barədə o, hökumətin iclasında bildirib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, – deyə Paşinyan vurğulayıb.Bəzi şərhçilər Paşinyanın Moskvada Azərbaycan vən Rusiya prezidentlərinin görüşündən sonra məhz belə qənaətə gəldiyini iddia edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Paşinyanın məlum bəyanatını şərh edib.Onun sözlərinə görə, Paşinyanın sülh danışıqları ilə bağlı dediyi vergüldən sonrakı məsələdir:
“Amma vergüldən qabaq yenə də Azərbaycanı demarkasiya və əsirlərlə bağlı mövzuda eyni ritorika ilə ittiham edirdi. Hansı ki, əlimizdə onların əsirlərindən başqa terrorçular da var. Həmçinin Paşinyanın Qarabağın statusu ilə bağlı dediyi məsələ də var idi. Bütün bunlar bütövlükdə Azərbaycanın fundamental maraqlarına ziddir. Hesab edirəm ki, Nikolun səsləndirdiyi bu fikir bəzi politoloqların da iddia etdiyi kimi “cənab Prezidentlə Putin görüşündən sonra Paşinyan məcbur qalıb və belə bəyanat verib” fikri ilə üst-üstə düşmür. Burada tamamilə başqa bir mövzu var. Paşinyan hazırda Fransanın dili ilə danışmağa başlayıb. Təəssüf ki, bu mövzuda onun mövqeyinin özü fransız qalmaqdadır. Yəni söhbət konkret ondan gedir ki, Fransa və Avropa İttifaqı (Aİ) Qarabağ münaqişəsindən istifadə edib bölgəyə daxil olmaq istəyir. Burada da əsas istifadə etdikləri alət isə Paşinyandır”.
Ə.Əlibəyli vurğulayıb ki, Aİ-nın Ermənistana yardımı, ATƏT-in Minsk qrupunun xətti ilə fəallaşmalar, Fransa və ABŞ-ın mövzuya yenidən fərqli formatda daxil olma cəhdləri Rusiya və Türkiyəni oyundan kənar qoymaq və Azərbaycana təsir etməyə hesablanıb:
“Ona görə də Paşinyanın sülhlə bağlı səsləndirdiyi bəyanatın arxasında Aİ-nın “əli” görünür. Məsələ elə bir həddə gəlib çatıb ki, Azərbaycan və Rusiya prezidentinin görüşünün nəticəsi bütövlükdə 10 noyabr razılaşmasına əməl olunmasına dair tərəflərin niyyətlərinə sadiq qalmasının göstəricisi idi. Yəni Azərbaycan Prezidenti ilə Rusiya rəhbərliyi tərəflərin 10 noyabr razılaşmasına nə dərəcədə sadiq olduğunu, gözlənilən antiterror əməliyyatların mümkünlüyü və kommunikasiyaların açılmasını bir daha dəqiqləşdirdilər”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password