Bu səfirlər Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz
3 həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın səfirlərinin nümayişkənarı şəkildə digər həmkarlarıyla Şuşaya səfər etmək istəmədilər. Bu səfirlərin öz qərarları deyil. Azərbaycan Prezident Administrasiyası səfirləri Şuşaya getməyə dəvət etdikdən sonra həmin ölkələrin səfirləri paytaxtları ilə məsləşhətləşib və müvafiq təlimat alıblar. Demək Moskva, Vaşinqton və Paris səfirlərinə Şuşaya həmkarlarıyla səfər etməyi qadağan edib. Ancaq həmin mərkəzlər anlamalıdırlar ki, onların qadağaları səfirlərinin Azərbaycandakı fəaliyyətini çətinləşdirəcək.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Şuşaya getmək istəməyən səfirlər Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən və erməni separatizminə loyal münasibət bəsləyən diplomatlar kimi dəyərləndiriləcək:
“Əslində bu 3 ölkədən biri daha ağıllı tərpənib Azərbaycandakı səfirinə “gələn dəfə Şuşaya gedərsən” təlimatını versə irəli düşər. Misal üçün ABŞ səfiri adının Rusiya səfiri ilə eyni şəkildə hallanmasından çoxmu həzz alır? ABŞ və ya Fransa səfiri Şuşaya getmək qərarını versələr, Rusiyanın regional siyasətinə zərbə vuracaqlar, bu Vaşinqton və Parisin xeyrinə olacaq. Almaniyanı da anlamaq çətindir. Almaniyanın səfiri Bakıdan kənara çıxmır. Bununla kimə nəyi sübut edirsiniz, Fransanın yedəyində sürünməyin nə mənası var, İtaliyadan çoxmu ağıllısınız? Şuşa Azərbaycan üçün həm də geosiyasi barometrdir. Mədəniyyət paytaxtımızı ziyarət etməyən ölkənin səfiri Azərbaycanın dostu və tərəfdaşı sayıla bilməz”.