Bakıda üç gündə 300-dək şadlıq evində yoxlamalar aparılıb

 

12 şadlıq sarayında xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən olunub

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, bu il iyulun 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında həmin qərardan irəli gələn tələblər pozularaq, toyların təşkili zamanı “icaze.e-gov.az” portalında qeydiyyatın olmaması, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiyadan keçmələrini təsdiqləyən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyənləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, belə halların qarşısının alınması məqsədilə DİN-in əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirirlər. Son üç gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında (“Gülüstan”, “Golden Baku”, “Billur”, “Kral”, “Aura”, “SS Hall”, “Ərzurum”, “Neon Palace”, “Kleopatra”, “Sevən ürəklər”, “Xan bağı”, “Şuşa”) xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən olunduğundan, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsi ilə cinayət işləri başlanıb, təqsirkar şəxslər saxlanılıblar.

Dörd şadlıq sarayında və bir restoranda isə (“Yeganə”, “Amor”, “İdeal”, “Retro”, “Səda”) aşkar edilmiş qayda pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanıb. Həmçinin 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi toy etməyi planlaşdıran vətəndaşlarımızdan, eləcə də toy şənliklərinin keçiriləcəyi şadlıq sarayı və restoran sahiblərindən təşkil edəcəkləri şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədə malik olmaları tələbinə ciddi riayət və nəzarət etməyi bir daha xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən polis və digər aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirkar şəxslər barəsində cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password