“Ermənistan zəif deyil, Azərbaycan güclü idi” – Rusiyalı ekspert
“Sülh müqaviləsi bağlamaq gərəkdir, buna səy göstərmək lazımdır. Sülh müqaviləsi olmadan, əlbəttə ki, vəziyyət bir qədər qeyri-müəyyən olacaq. Müqavilə bağlamağın mümkün olub-olmayacağını indi söyləmək çətindir”.
Bu sözləri caliber.az-a müsahibəsində Rusiya hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov deyib.
“Həlledici rolu, mənə elə gəlir, Rusiya Federasiyası oynayacaq. Moskva Cənubi Qafqazda sabitliyin qarantıdır. Bu yaxınlarda Zəngilan və Füzuli rayonlarının mina sahələrinin xəritələrinin Ermənistandan Azərbaycana verilməsini xatırlayın, burada 92 min mina var. Bu, Rusiya qoşunları kontingenti komandanlığının iştirakı ilə baş verdi. Daha çoxuna nail olmaq mümkündür. Əminəm ki, Azərbaycan rəhbərliyi başa düşür ki, Rusiya ilə münasibətlər qurmaqla birbaşa şəkildə Ermənistana təsir etmək mümkündür”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb:
“Bu təkcə Ermənistanın zəif olmasından bəhs etmir. Bu Azərbaycanın güclü olmasını göstərir. Azərbaycanın gücü, seçilən inkişaf modeli, daxili siyasət, hərbi quruculuq və xalqın psixoloji əhval-ruhiyyəsi kimi amillər cəm şəklində qələbəni təmin etdi. Eyni zamanda, indi biz Ermənistanda qarışıqlıq və sarsıntı, davamlı xaos, küçə etirazları görürük.
Azərbaycan modeli ölkəyə dominantlıq etməyə, regionda və dünyada öz təsirini genişləndirməyə imkan verəcək. Azərbaycansayağı yanaşma daha əhəmiyyətli olacaq və qərarların qəbulunu təmin edəcək.
Ermənistan modeli intihar xarakteri daşıyır. Erməni tərəfi tutarsız, qeyri-konstruktiv addımlar atır. Onlar vəziyyətin dəyişdiyini anlaya bilmirlər. Dəyişmək, dünyaya uyğunlaşmaq, hər şeyi fərqli bir şəkildə qurmaq lazımdır. Belə çıxır ki, çoxlarının beynində (Ermənistanda – red.) lazımi yenidənqurma baş verməyib”.