Qərbi azərbaycanlılardan böyük qayıdış BƏYANATI
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Lavrov-Qrandi görüşü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib. Görüşdən sonra Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir məlumat yayıb ki, “görüşdə qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb”.
Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq belə hesab və güman edirik ki, nə cənab S.Lavrov, nə də cənab F.Qrandi beynəlxalq hüquqdan və müzakirə etdikləri qaçqın və köçkün anlayışlarının siyasi və hüquqi anlamından xəbərsiz deyillər. Beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə görə də Qarabağdan qovulan azərbaycanlılar qaçqın yox, məcburi köçkün sayılır, qaçqın deyəndə Azərbaycandan köç edən ermənilər və Ermənistandan qovulan azərbaycanlılar başa düşülür.
Deməli, cənab S.Lavrovun və cənab F.Qrandinin Qarabağda qaçqınların məskunlaşma layihəsi erməni qaçqınlarla yanaşı, eyni zamanda 300 min nəfər Qərbi Azərbaycan qaçqınına da aiddir. Ona görə də cənab S.Lavrovun və cənab F.Qrandinin bu vacib missiyasına dəstək verərək və Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, biz Qərbi Azərbaycan qaçqınları Xankəndiyə, Xocalıya və ətraf kəndlərə hər an köçməyə və ermənilərlə yanaşı yaşamağa hazırıq. Biz Ermənistanda da son iki yüz ildə ermənilərlə yanaşı yaşamaq məcburiyyətində olmuşuq və ermənilər özləri də yaxşı bilir ki, bu müddətdə biz onları kifayət qədər tanımışıq, xasiyyətlərini, onlarla işləməyi, onları işlətməyi bilirik və onlarla dinc yanaşı yaşamaq üçün heç bir problemimiz yoxdur”.
Bəyanatda daha sonra deyilir: “Hazırda Qarabağa köçmək üçün 10 minə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın ailəsi ərizə ilə Azərbaycan Qaçqınlar Cəmiyyətinə müraciət edib və biz müvafiq qurumlardan bunu nəzərə almalarını xahiş edirik. Digər tərəfdən, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq qəti mövqeyimiz belədir ki, ermənilərin Qarabağa qayıdıb azərbaycanlılarla dinc yanaşı yaşaması ancaq və ancaq Qərbi Azərbaycan qaçqınlarının da Ermənistandakı dədə-baba ocaqlarına qayıtması ilə mümkündür, əks-təqdirdə ermənilərin Qarabağa qayıdıb azərbaycanlılarla yanaşı yaşaması ideyası öz anlamını itirər”.
Bəyanatda bildirilir ki, Ermənistanın və ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı törətdikləri fantastik cinayətlərə rəğmən biz onlara Qarabağda birgəyaşayış imkanı veririksə, bu birgəyaşayış birtərəfli qaydada ola bilməz: “Bu birgəyaşayış o vaxt dayanıqlı ola bilər ki, Ermənistanda, ən azı Zəngəzurda və Göyçədə də belə bir birgəyaşayış təmin olunsun. Biz Qərbi Azərbaycan qaçqınları Ermənistana qayıda bilməyəcəyiksə, təbii ki, ermənilərin Azərbaycanda yaşamasını da məqbul saymırıq.
Ona görə də belə hesab edirik ki, Ermənistanla aparılacaq gələcək danışıqlarda və imzalanacaq gələcək sənədlərdə Qərbi Azərbaycan qaçqınları məsələsi masa üzərində olmalıdır”.