“Türkiyədən gətirilən məhsullar ucuzlaşacaq”- İqtisadçı izah edir

 

Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,3 faiz azalaraq 0,1983 manat təşkil edib. Son bir ay ərzində isə Türkiyənin milli valyutası dollar qarşısında da mütəmadi olaraq dəyər itirib.

Maraqlıdır, lirənin ucuzlaşmasının Azərbaycan üçün nə kimi təsirləri ola bilər?

Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli lirənin dəyər itirməsinin Azərbaycanda ucuzlaşmaya səbəb olacağını bildirib.

Ekspert artıq bəzi brendlərdə qiymətlərin aşağı düşdüyünü deyib:

“Türkiyə lirəsi bazar iqtisadiyyatı şəraitində tənzimlənən məzənnələrdən biridir və bu məzənnə tez-tez oynayır. Azərbaycan manatının məzənnəsi isə sabitdir, çünki inzibati qaydada tənzimlənir. Türk lirəsinin qiymətinin düşməsi Azərbaycana türk məhsullarının ixracını stimullaşdıran amilə çevrilir. Bu baxımdan türk məhsulları ölkəmizə daha çox gətiriləcək və bu məhsullarda ucuzlaşma qeydə alınacaq. Lakin hələ ki, belə dəyişiklik nəzərə çarpacaq dərəcədə hiss edilmir”.

N.Cəfərli ucuzlaşmasının qarşıdakı zaman ərzində daha çox hiss ediləcəyini vurğulayıb:

“Bir müddət lazımdır ki, Azərbaycana yeni məzənnə ilə gətirilən məhsullar bazara çıxarılsın və ucuz qiymətə təqdim edilsin. Artıq Bakıda bəzi mağazalarda Türkiyədən gətirilən geyim məhsullarında, bir sıra brendlərdə ucuzlaşma hiss olunur. Lakin ümumilikdə ciddi şəkildə ucuzlaşma hiss edilmir. Əgər məzənnə davamlı şəkildə aşağı olaraq qalarsa, biz qiymətlərin daha da azalmasının şahidi olacağıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password