Qarabağdakı türk şirkətlərinə hücum Türkiyəyə hücumdur
Türkiyə ilə Azərbaycanın işğaldan azad edilən Qarabağın bərpasında birlikdə iştirak edəcəyi gözlənilirdi. İki ölkə arasında bu istiqamətdə bu günə qədər bir yox, bir neçə saziş imzalanıb. Prezident İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları ilə əlaqədar imzaladığı sərəncam isə ölkə büdcəsini əlavə yüklərdən azad edəcək.
Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinə verilməsi doğru qərardır:
“Birincisi, işğaldan azad edilən ərazilərimizin bərpası üçün kifayət qədər çox vəsait lazımdır. Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarında görüləcək işlərin bütün xərclərini həmin şirkətlər qarşılayacaqsa, əlbəttə, bu bizə sərf edir.
İkincisi, həm “Eti Bakır A.Ş.”, həm də “Artvin Maden A.Ş.” kifayət qədər tanınan, beynəlxalq təcrübəsi olan şirkətlərdir. Bundan başqa, yeni texnologiyalara çıxış imkanları da yaxşıdır. Həmin şirkətlərin filiz yataqlarına investisiya qoyub, ən yeni texnologiyaları prosesə cəlb etməsi işin effektivliyini artıra bilər.
Üçüncüsü, Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının türk şirkətlərinin istismarına verilməsi əlavə iş imkanlarının yaranması deməkdir. Bu şirkətlərin həmin ərazilərdə fəaliyyətə başlaması və işə azərbaycanlıların cəlb edilməsi həmin ərazilərə qayıdışı da sürətləndirəcək. İş imkanı olan istənilən yerə insanlar rahatlıqla yerləşə bilərlər.
Dördüncüsü, türk şirkətlərin regionda fəaliyyət göstərməsi ermənilərin əl-qolunu da bağlayacaq. Yəni əvvəlki kimi təxribatlar törədib gərginliyi artırmağa risk edə bilməyəcəklər. Məsələ ondadır ki, türk şirkətlərinə ediləcək istənilən hücum Türkiyənin özünə edilmiş kimi bir şeydir. Rəsmi İrəvan isə belə bir riskə çətin ki, getsin”.
Ekspert onu da qeyd edib ki, Prezidentin imzaladığı sərancamda qeyd edilməsə də, gələcəkdə türk şirkətləri Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının istismarına da cəlb edilə bilərlər:
“Hazırda Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya işləri getdiyindən Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağından istifadə edə bilmirik. Lakin bu proses tənzimləndikdən sonra Söyüdlü (Zod) qızıl yatağı da türk şirkətlərinin istismarına verilə bilər”./axar.az