“Ermənilərin sülhə könüllü razılıq verəcəklərinə inanmıram” – Rusiyalı politoloq
“Erməni siyasətçilərinin əksəriyyəti sülhün ölümə bərabər olduğunu düşünən müharibə köpəkləridir”
Son günlərin ən səs-küylü siyasi hadisəsi Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan tərəfindən Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli müqavilənin imzalanmasına dair sənədin “sızdırılması” oldu. Bu sənəd əslində ölkələr arasındakı sərhədlərin tanınmasından bəhs edirdi.
Ancaq Sarkisyanın kürəkəni anlaşılan səbəblərə görə, bu sənədi “Paşinyana xəyanət” olaraq Ermənistan ictimaiyyətinə təqdim etdi və guya geniş ictimaiyyətə açıqlanmayacaq başqa bir gizli sənədin olduğunu bildirdi. Paşinyan özü də dərc olunan sənədin real olduğunu inkar etməyib. Lakin Bakı bütün bu məsələlərə və hətta belə danışıqların mövcudluğuna susur və qətiyyən heç nə demir.
Mövzuya dair tanınmış rusiyalı politoloq Oleq Kuznetsovla həmsöhbət olduq.
– Ermənistan KİV-ləri Azərbaycanla Ermənistan arasında imzalanacaq bir müqavilə sənədi yayımladı. Bu sənədi necə qiymətləndirirsiniz?
– Şəxsən mən erməni mənbələrindən irəli sürülən hər hansı daxili məlumatlardan çox şübhələnirəm, çünki yalanın Ermənistanın xarici və daxili siyasətinin ikinci adı olduğunu yaxşı başa düşürəm. Mif yaratmaq ermənilərin qanında var və milli mentalitetinin ayrılmaz bir hissəsidir, özləri üçün nağıllar uydururlar, sonra da özləri həvəslə onlara inanırlar. Buna görə də bu cür məlumat sızıdırılmalarından son dərəcə ehtiyat edirəm.
Paşinyanın bu sənədin, daha doğrusu, sənəd layihəsinin həqiqiliyini təsdiqləməsi şəxsən mənim üçün sənədin etibarlılığına inam əlavə etmir. Keçmişdə, peşə fəaliyyətimin təbiətinə və məzmununa görə, uzun müddət Rusiya ədliyyə orqanları və xüsusi xidmət orqanları ilə əlaqədə olmuşam və odur ki, bu cür məlumatların sızmasına həvəsli bir axmaq kimi reaksiya vermək fikrim yoxdur.
Üstəlik, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu “çılğın bir sənəd” adlandırdı və dürüst olsam, heç Peskovun sözlərinə də inanmıram. Öz təcrübəmdən bilirəm ki, ən yüksək informasiya təhlükəsizliyi vasitələri ilə təchiz edilmiş dövlət sirlərinə çox yüksək səviyyədə giriş imkanı olan yalnız iki və ya üç texniki mütəxəssis bu sənədlərin son və ya orta formada tərtib edilməsinə cəlb edilir. Və nəticədə sızma ehtimalı – hər hansı bir haker hücumu da daxil olmaqla, praktik olaraq istisna olunur. Beləliklə, ya açıq-aşkar bir saxta sənədlə üzləşmişik – ki, şəxsən mən bu fikrə meylliyəm, ya da siyasi rəqiblərinə məlumat sızdırmaq üçün əvvəlcədən Paşinyanın ətrafına daxil edilmiş birinin açıq şəkildə xəyanətini görürük.
Əlbəttə ki, Paşinyanın xarici kuratorlarından birinin Moskvanı qıcıqlandırmaq və Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesini pozmaq, bununla da Cənubi Qafqaz bölgəsindəki nəqliyyat dəhlizlərinə asanlıqla giriş əldə etməsinin qarşısını almaq üçün bu işdə əli olması barədə fantaziyalar qurmaq olar. Hər halda, yeni üçlü saziş imzalanana qədər, təbii ki, belə bir şey baş verəcəksə, biz yayılan sənədin insayder məlumatı və ya saxta olduğunu dəqiq bilməyəcəyik.
– Erməni siyasətçilər və bəzi ekspertlər bunu xain bir razılaşma hesab edirlər. Paşinyanın orada xəyanəti nədir? Yoxsa bu mövzuda spekulyasiya edirlər?
– Mən də bu cür açıqlamaları rusdilli erməni mətbuatında oxudum, amma bunlara real siyasətlə heç bir əlaqəsi olmayan xüsusi fikir kimi baxıram. Belə fikir müəllifləri situasiyanın yalnız belə olmasını istəyirlər, çünki onları subyektiv şəkildə nəsə qane etmir. Ancaq bu, hər belə fikir müəlifinin arxasında minlərlə tərəfdarının və ardıcılının olması anlamına gəlmir, çox güman ki, bu cür insanlar tənhadırlar, buna görə heç kim onları dinləmək istəmədikləri zaman özlərinə diqqət çəkməyə çalışaraq, çox yüksək səslə qışqırırlar.
İsterika və eqosentrikliyin bu cür təzahürləri dünyanın bütün ölkələrindəki bütün müxalif siyasətçilər və ictimai fəallar üçün xarakterikdir: Ermənistanda, Azərbaycanda və Rusiyada belə təzahürlər var və heç kimin tutmağa ehtiyac duymadığı üçün tuta bilmədiyi “Ələkeçməz Co” haqqında lətifə də bu tipli insanlar barədədir. Bu cür insanlar üçün dünyaya hər hansı səbəbin fonunda öz əhəmiyyətini nümayiş etdirmək, cəsarət və şöhrət anı qazanmaq vacibdir. İrəvan küçələrində iki min etirazçı, hazırda Ermənistanda yaşayan iki milyon erməninin düşüncəsini əks etdirmir və daha çox pulları ödənilən, pul qazanan aktivistlər birliyinə bənzəyir.
İmkanım olsaydı, bu etiraz nümayişlərindəki bütün iştirakçıları lentə alardım, onları üz tanıma proqramından keçirər və digər etiraz nümayişlərinin çəkiliş sənədləri ilə müqayisə edərdim. Nəticədə bu gün İrəvan küçələrində etiraz edənlərin üçdə ikisinin partiyaların hər belə siyasi toplantısında üzləri videokamera obyektivlərinə düşən peşəkar etirazçılar olmasının aşkarlanacağına əminəm. Dünyanın hər bir ölkəsində belə insanlar var və ölkə nə qədər kasıbdırsa, orada insanlar nə qədər pis yaşayırsa, bu yolla çörək qazanmaq istəyənlər o qədər çox olur.
– Bu razılaşmadan sonra ölkələrin uzunmüddətli bir sülhə addım atacağını gözləmək olarmı?
– Mən o qədər də nikbin deyiləm. Etibarlı məlumatların olmadığını nəzərə alsaq, şəxsən mən belə bir razılaşmanın gerçəkliyinə yalnız Moskva və Bakı tərəfindən imzalanıb, rəsmi kanallar vasitəsilə yayılmasından sonra inanaram, İrəvanın şayiələrinə və fərziyyələrinə inanmıram. Aydındır ki, Cənubi Qafqaz əhalisinin mütləq əksəriyyəti bölgədə möhkəm zəmanətli sülh istəyir, lakin bu gün Ermənistanda hakimiyyətdə olan insanların – mən onların sırasından Paşinyanı istisna etmirəm – həmyerlilərinin və ümumiyyətlə, “obıvatel” sözünə aid edilən bütün adi insanların maraqlarından daha çox, öz eqoist maraqlarını rəhbər tutması bu zəmanəti mümkünsüz edir.
Müasir erməni siyasətçilərinin əksəriyyətinin həyati olaraq bir münaqişə və qarşıdurma vəziyyətinə ehtiyacı var – xarici və ya yerli olmasının fərqi yoxdur, çünki psixoloji olaraq başqa bir şəkildə mövcud ola bilməzlər. Onlar həqiqətlərlə deyil, emosiyalarla yaşayırlar, bu səbəblə dünya həqiqətlərindən son dərəcə uzaqdırlar və çətin ki, onlara uyğunlaşa bilsinlər. Müasir erməni siyasətçilərinin əksəriyyəti sülhün ölümə bərabər olduğunu düşünən “müharibə köpəkləridir”.
Müasir Ermənistanın əsas problemi ondan ibarətdir ki, erməni cəmiyyəti çox uzun müddət və səylə öz gələcəyini deyil, keçmişini modelləşdirirdi, bu səbəbdən indi İrəvanda o siyasətçilər populyardırlar ki, xalqlarını gələcəyə deyil, keçmişə çağırırlar. Nə qədər ki, Ermənistandakı vəziyyət belədir, şəxsən mən onları sülhə məcbur etmək üçün başqa bir əməliyyat – siyasi-diplomatik və ya hərbi-siyasi əməliyyat – həyata keçirilmədən əvvəl, ermənilərin sülhə könüllü razılıq verə biləcəyinə əmin deyiləm. Ermənilərin sağlam düşüncəsinə müraciət etmək faydasızdır, onların özlərini qoruma instinktlərini bütün vasitələrlə stimullaşdırmaq lazımdır./ayna.az