Milli Məclisdə mühüm məsələ qaldırılacaq: “Artıq vaxtdır”

 

“İnsanların cəzasızlıq şəraitində ölməsi və yaralanması çox təəssüf doğurur”

Milli Məclisin üzvü, professor Rüfət Quliyev kiçik motorlu  motosikllər, skuterlər, mopedlər və digər bu kimi nəqliyyat vasitələrinin sahiblərinin qeydiyyata alınması və dövlət nömrə nişanlarının alınması zərurətini parlamentə müzakirə üçün təqdim etməyi planlaşdırır. O, bu cür nəqliyyat vasitələrinin uçotu və tənzimlənməsi ehtiyacının yollarda yaratdığı çətin vəziyyətdən qaynaqlandığını açıqlamasında deyib.

“Bu nəqliyyat növünün tənzimlənməməsi səbəbindən yollarda vəziyyət, açıq desək, dəhşətlidir. Oların ucbatından yollarda tez-tez fövqəladə hallar yaranır, bunun nəticəsində insanlar əziyyət çəkir və ölürlər. Əsasən də kiçik həcmli motoru olan minik vasitələrinin sürücüləri belə qəzaların qurbanı olurlar. Bunun adi hala çevrilməsi kədərlidir. Skuter, motoroller və sair bu kimi vasitələrin sürücüləri velosipedçilər kimi harada və necə istəsələr, sürürlər, mümkün olan bütün yol qaydalarını pozaraq şəhəri dolaşırlar. Vəziyyət dözülməz hala gəlir, bu problem həll tələb edir”, – o bildirib.

Deputat qeyd edib ki, adıçəkilən nəqliyyat vasitələrinin sürücülərinin əksəriyyəti pərakəndə ticarət, müxtəlif malların və ərzaq məhsullarının çatdırılması sahəsində işləyir: “Bu barədə paylama və çatdırılma xidmətlərinin rəhbərliyi ilə artıq danışmışam. Hamısı belə bir vəziyyətin qəbuledilməzliyi ilə tam razılaşır, çox sayda şikayət və təcili tədbirlərin görülməsinin zəruriliyini təsdiqləyir. Həm də məlum oldu ki, “təkərlər üzərindəki” paylayıcılar bu cür təşkilatların daimi işçiləri deyil, imzalanmış müqavilələr əsasında işləyirlər. Hər halda yollarda yol hərəkəti qaydalarının pozulması ilə bağlı dəhşətli bir vəziyyət var, çox sayda şikayət daxil olur”.

“Bu problemi həll etmək üçün skuter, motoroller və digər oxşar nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitələrini qeydiyyatdan keçirmək və dövlət nömrələri almaq məcburiyyətində qoyaraq, müvafiq qanunvericiliyə dəyişiklik etmək lazımdır. Bu şəkildə skuter sahiblərini hüquq və vəzifələrində motosiklet və avtomobil sürücüləri ilə bərabərləşdirməyə ehtiyac var. Məhz skuterlərdə nömrə nişanlarının quraşdırılması cinayət yerindən qaçan bu nəqliyyat növündə qaydanı pozanların tez bir zamanda aşkar edilməsinə yardımçı olacaq”, – deyə Quliyev vurğulayıb.

Həqiqətən, mövcud qanunvericiliyə görə, bir skuter velosiped hesab olunur, baxmayaraq ki, əslində bu, heç də belə deyil. Bu vasitələr motosikl, maşın hesab olunmur. Bu səbəbdən, dövlət orqanları bu cür nəqliyyat vasitələrinin sahiblərini qanun pozuntularına görə tənzimləyə, qeyd edə və cəzalandıra bilməzlər. Həmsöhbətimiz bu cür nəqliyyat vasitələrinin yaşayış yerində məcburi qeydiyyatı üçün mövcud qaydalara sonrakı dövlət nömrə nişanları və sürücülük vəsiqələrinin verilməsi ilə dəyişiklik edilməsini təklif edir.

 

“Bu sahədə nizamı bərpa etmək üçün Sovet qaydalarını dəyişdirmək lazımdır, ona görə mühərriki 400 kubsantimetrə qədər olan bir vasitəni idarə etmək üçün sürücülük vəsiqəsi və ya nömrəyə ehtiyac yoxdur. Sovet dövründə bu yanaşma saatda 15 km sürətlə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdu. Ancaq indi skuterlərin sürəti saatda 70 km-yə çatır. Bunlar artıq keçən əsrin kiçik mühərrikləri olan velosipedləri deyil. Müasir skuterlər, mopedlər, motorollerlər kifayət qədər güclüdür və tənzimləmə olmaması, yollarda vakxanaliyaya səbəb olur. Hamı bundan əziyyət çəkir – piyadalar, sürücülər və ən əsası skuter sahiblərinin özləri. Məlumata görə, az gücə malik nəqliyyat vasitələri sürücüləri arasında qəza nəticəsində ölüm halları tez-tez baş verir”, – deyə deputat söyləyib.

 

Bütün bunları nəzərə alaraq, Quliyev belə nəqliyyat vasitələrinin qeydiyyata alınması və nömrələrin məcburi alınması üçün qanunvericiliyə dəyişikliklərin edilməsinin tələb olunduğunu dilə gətirib: “Onların qeydə alınmaları, tənzimlənməsi, izlənilməsi və pozuntulara görə cəzalandırılması üçün qanuna dəqyişikliklər vacibdir. Əks təqdirdə cəzasızlıqla yol qaydalarını pozurlar, problemlər yaradırlar və yola çıxırlar. Və paytaxtımızda onminlərlə skuter olduğu üçün cinayətkarı necə tapmaq olar? Parlamentə müraciət hazırlayıram və Milli Məclisin plenar iclasında az güclü motosikllərin, skuterlərin və mopedlərin qeydiyyatının sürətləndirilməsinin zəruriliyi barədə çıxış etməyi planlaşdırıram. Çünki buna təcili ehtiyac var. Xüsusilə piyadalar və sürücülərdən şikayətlər çoxdur. Bundan əlavə, skuter sürənlərin özlərinin – gənclərin cəzasızlıq şəraitində ölməsi və yaralanması çox təəssüf doğurur”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password