Dövlət Neft Fondunun aktivləri niyə azalıb? – Ekspertdən açıqlama

 

“Dövlət Neft Fondunun məlumatına görə, Fondun aktivləri I rübdə 1,84 faiz azalaraq 43,6 milyard USD-dən 42,8 milyard USD-yə düşüb. Yəni Fond 3 ayda 803 milyon dollar itirib. Aktivlərin azalmasına səbəb, Fondun da qeyd etdiyi kimi, qızılın ucuzlaşması və əsas valyutaların ABŞ dollarına nəzərən dəyərsizləşməsidir. Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8 faiz ucuzlaşması hesabına fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə  qızılın unsiyası 1874,3-dən 1691,5 dollara düşüb”.

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.  Valyutalara gəldikdə isə ekspert vurğulayıb ki, İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-sı ABŞ dollarına münasibətdə dəyərini itirib:

İqtisadi Forum" ekspert qrupu: Samir Əliyev: "SOCAR səhmdar cəmiyyətə  çevrilməlidir"

“Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4 faizə yaxın olub. Bu, fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenasında (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub”.

Samir Əliyev bildirib ki, diqqəti cəlb edən digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2 faizdən 89,9 faizə düşməsidir:

“Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4 faizdən 8,8 faizə yüksəlib. Əlbəttə, fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı fond da qeyd edir ki, I rüb gəlir xərcləri üstələyib. Ola bilsin II rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi  və ya qızıl bahalaşması baş versin və yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artması baş verəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password