Novruzda oxunan sürgün hökmü

Azərbaycan xalqı 1940-cı illərdə onun istiqlalı uğrunda mübarizəyə görə repressiyaya məruz qalmış mərd oğullarını unutmamalıdır. 

Repressiya olunmuş “İldırım” təşkilatının mərd oğulları:

İsmixan Məmməd oğlu Rəhimov, Gülhüseyn Abdullayev, Hacı Həbib oğlu Zeynalov, Kamal Əlibaxış oğlu Əliyev, Musa Mirməhəmməd oğlu Abdullayev, Aydın Məcid oğlu Vahidov, Azər Əbdülxalıq oğlu Ələsgərov, Kamil Əbdülbaqi oğlu Rzayev.

Tarix təkcə quru fakt və rəqəmlərdən ibarət deyil. Hər faktin, hər rəqəmin arxasında dövrün siyasi və iqtisadi prosesləri, zamanı yönəldən hadisələr, millətlərin və xalqların yaşam tərzi var. Amma ən dəyərli olan odur ki, bunların heç biri insan həyatı olmadan əsla mümkün deyil. Nahaq demirlər ki, ölkənin tarixi bəzən ailələrin kiçik tarixindən formalaşır. Bu yazımızda milli dövlətçilik tariximizdə bəlkə də ən hörmətli səhifələrdə yer almağa layiq olan “İldırım” təşkilatı ailəsindən və onun azadlıq aşiqləri olan səkkiz Azərbaycan ziyalısından söz açmağa qərar verdik.

 

…Günahsız insanların öldürülməsinə, zindanlara salınıb əziyyət verilməsinə haqq qazandırmaq olmaz. İstər bir insan olsun, istər milyon, fərq etməz. İnsan həyatının qiyməti yoxdur. Bu günahsızlar, stalinizm deyilən amansız bir repressiyanın qurbanlarına çevrilənlər isə minlərlə yox, milyonlarla olub. Bu gün tarixçilər, tədqiqatçı jurnalistlər, bəzən də amansızlığın, itkilərin ağrısını unuda bilməyən ailələr var ki, hələ də axtarışlardadırlar. Amma …

 

Son rəqəmlər olmasa da, yekun olaraq bildirirlər ki, Stalin repressiyalarının müxtəlif dövrlərində güllələnmiş və sürgünlərə atılmış sovet vətəndaşlarının sayı 4 milyon nəfərdən çox olmuşdur. Rəsmi statistikaya görə onlardan 800 min nəfəri güllələnmişdir. Neçə yüz mini, bəlkə də milyonu isə Sibirin amansız sürgün həyatına tab gətirməyərək elə oradaca həlak olmuşdur. Repressiya edilmişlərin arasından 5 faizini elita təşkil edibsə, qalanı kəndlilər, fəhlələr və ziyalılar olub.

 

“Xoşbəxt gələcək” vəd edən Sovet hakimiyyəti görünməmiş amansızlıqları ilə Rusiya imperiyasının sərhədlərini yeni bir adla bərpa etdiyi 1918-ci ildən başlayaraq 1980-ci illərə qədər bütün “qardaş respublikalarda”olduğu kimi Sovet Azərbaycanında da o qədər siyasi həbslər, proseslər və məhkəmələr keçirib ki, onların hamısını araşdırmağa illər lazım gələcək. Bu illər ölkəmizə yüzlərlə, minlərlə qurban hesabına başa gəlib və bu qurbanlar arasında çox istedadlı insanlar, rəhbərlər, alimlər, yazıçılar və ziyalılar itirmişik.

 

Ölkənin rəhbərliyi ən böyük səylərini və terror maşınını bütün azad düşüncə sahiblərindən canını qurtarmağa yönəltmişdi. Bir-birinin ardınca həbslər, proseslər həyata keçirən dövlət orqanları faktiki olaraq ölkəni başsız saxlamağa çalışırdılar. Bu statistikada sırf təsadüfdən güllələnmişlər sırasına düşməyən, amma Sibirin həbs düşərgələrində əzablı günlər keçirib ömür itirmiş daha 8 azərbaycanlı var idi.

 

…1944-cü ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq şairi Səməd Vurğun İttifaqın yığıncağında odlu-alovlu çixişi ilə hamının diqqətini çəkdi. Şair ölkədə baş verənlərdən, milli düşüncəmizə ünvanlanan qırmızı terrordan qəzəbini gizlədə bilməyib, özünün hansı təhlükə ilə qarşılaşacağını belə unutdu və görkəmli türk şairi Namiq Kamalın sərt ifadəsini tribunadan salona od kimi püskürdü: “Ədəbiyyatsız bir xalq dilsiz bir insana bənzər”. Şairin bu alovlu çıxışını eşidəndə Mircəfər Bağırovun alnında ildırım çaxıb gözlərini qaraltdı. Salonda gənclər də çox idi. Alqışlar bir neçə dəqiqə dayanmadı…

 

Bu çıxışdan bir müddət sonra onu İttifaqın sədrliyindən kənarlaşdırdılar. “Yaxşı nümunə” göstərməmişdi. Müəyyən vaxt ötür və bir gün Xalq şairi səhər tezdən qapıda bağlı bir məktub görür. Xeyli fikrə dalır. Nə edəcyini götür-qoy edərkən, 1937-38-ci illərdə Micəfər Bağırovun sanksiyası ilə həbs ediləndə amansız sürgündən necə qurtardığı yadına düşür. Baş vermiş hadisələr onu ehtiyatlı davranmağa məcbur edir və elə ona görə də məktubun təxribat ola biləcəyindən ehtiyat edib, onu açmadan DTK-ya aparır. Adı gələndə insanların canına bir vahimə düşən DTK-da məktubla, çox diqqətlə tanış olurlar. Məktubda isə yazılırdı:

 

“Hörmətli Səməd Vurğun! Bu məktub sizə Azərbaycanın azadlıq və istiqlaliyyətini, sərbəst inkişafını düşünən, arzulayan və öz həyatını bu yolda qurban verməyə hazır olan gənclərin adından yazılır…

 

…Biz Sizə edəcəyimiz mübarizənin məqsəd və yollarının hamısını şərh etmək fikrində deyilik. Lakin sizə çatdırmaq istəyirik ki, qolları bağlı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda son ana qədər mübarizə edəcəyimizə and içmişik. Bizim sayımız sonsuzdur: bir sıra qab dibi yalayanlardan başqa hamı bizimlədir!

 

… Əgər siz heç olmazsa bizim bu fikirlərimizin biri ilə razılaşırsınızsa, o zaman bunu bizə bildirmək məqsədilə Azərbaycan şərəfinə “Vətən ulduzları” adlı bir şeir yazın. Biz yalnız o zaman fəxr ilə əmin ola bilərik ki, müasir şeirimizin atası bizim səsimizə səs versin.

11 may 1944-cü il ”.

 

Məktubdan aydın görünürdü ki, bu, qarşısına milli azadlıq mübarizəsi məqsədi qoymuş bir qrup insan tərəfindən yazılıb. Amma bu insanların kimliyini tapmaq elə də asan olmayacaqdı. Bunun yolları araşdırılır. DTK-nın göstərişi ilə respublikanın bütün ali məktəblərində inşa yazı müsabiqəsi keçirilir. Amansız qurumun ekspertləri müəyyənləşdirirlər ki, məktubun müəllifi APİ-nin aspirantı İsmixan Məmməd oğlu Rəhimovdur…

 

… Azərbaycan 1937-38-ci illərdə bolşeviklərin qırmızı terrorunun ikinci dalğasında çox böyük itkilər vermişdi. Siyasi mahiyyətində “Velikorus” şovunizmi daşıyan bolşevik hökuməti “xalq düşməni” damğası ilə Azərbaycan ziyalılarına, milli düşüncə sahiblərinə divan tutur və sözün əsl mənasında, bütün amansız metodlarla xalqı köləlikdə saxlamağa çalışırdılar.1939-cu ildə Azərbaycan Respublikasının latın qrafikalı əlifbası kiril əlifbasına dəyişdirildi. Xalqın rəyini soruşan tapılmadı. Söz deyə bilən və səsini ucaldan kim oldusa “xalq düşməni” damğası ilə ya sürgünə atılır, ya da “üçlüyün” qərarı ilə güllələnirdi. Amma qonşu Gürcüstanın və Ermənistanın əlifbası haqqında fikir belə ortaya çıxmırdı. Bütün bunlar yeni dövrün təhsilli və savadlı Azərbaycan gənclərinin gözləri qarşısında baş verirdi. Onlar bu sarsıntılara dözə bilmir və müxtəlif mübarizə yolları axtarmağa başlayırdılar…

 

İçində inamsızlıq və şübhələr dolaşsa da bir qrup gənc nəhayət ki, bir ideya daşıyıcıları olduqlarını anladılar:

 

“Duz çörəyə and içirəm ki, Anamın qanına, Ana torpağa and içirəm ki, öz yoldaşlarıma ömrümün sonunadək sadiq qalacağam. Əgər mən bu andı pozsam, onda öz cəzamı almalıyam”.

 

Belə bir and artıq ciddi bir təşkilatın yaranmasından və ətrafında azadlıq aşıqlərinin olmasından xəbər verirdi. Amma onun sıralarında kimin olması cəkkiz nəfərdən başqa heç kimə bəlli deyildi…

 

Amansız repressiya maşınının məngənəsindən qurtara bilməyən İsmixan Rəhimov 3 ilə yaxın izləmələrdən sonr həbs edildi. Bundan dərhal sonra onun ifadələrindən məlum oldu ki, and içənlər “İldırım” təşkilatında birləşiblər. Onlar da artıq məlum idi və bütün üzvlər həbs edildi.

 

İstintaq elə də uzun çəkmir. Çünki DTK işin öhdəsindən yüksək səviyyədə gəlib bütün sübutları əldə etmişdi. Ona görə də 1949-cu ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası prosesə başlayır. Amma nə DTK müstəntiqləri, nə də hakimlər Stalinin DTK sədri Abakumova verdiyi “rəhbər tövsiyyəsini” unutmurlar: “Tələbələrin əhval-ruhiyyəsinə nəzarəti gücləndirmək lazımdır. Qanunun bizə verdiyi ən yüksək ölçüyə keçmək lazımdır. Onlara 25 il həbs vermək lazımdır, 10 il yox. 10 il zindan deyil, məktəbdir. 10 il məktəblilərə vermək olar, təzə bığ salanlara isə 25 il. Cavandırlar, sağ qalarlar, ölməzlər!”

 

Bu tövsiyyəni rəhbər tutan məhkəmə hakimləri hökm çıxarmağın vaxtını da elə seçmişdilər ki, burda da xalqa, bu gənclərə məhəbbət bəsləyən insanlara, gənc nəslə göz dağı çəksinlər. 1949-cu il Novruz bayramı günü martın 21-22-də hakim elan etdi ki, “İldırım” təşkilatının 3 üzvünə 25 il, qalanlarına isə 10 il müddətinə Sibirin həbs düşərgələrində keçirməklə azadlıqdan məhrumetmə cəzası verilir.

 

Enerjili, Vətən və millət sevdalı, azadlıq aşıqi olan səkkiz dönməz gənc qanunsuz və amansızcasına repressiya olunub həyatlarının ən məhsuldar, əhəmiyyətli illərini həbs düşərgələrində keçirməli oldular. Bu “bir tale yazısıdır” demək, bəlkə də yerinə düşmür, amma bu, Vətən və millət naminə gedilmiş yoldur, demək daha ədalətli olardı. Ona görə də bu istiqlal mücahidləri o illəri heç zaman itki hesab etmədilər, Vətənə qurban dedilər.

 

…İllər keçəcək və İsmixan Rəhimov tarixin həmin günlərinə qayıdaraq deyəcək: “Məhkəməmiz tutulandan 6-7 ay sonra başladı. Novruz bayramı idi. Heç birimizin üzündə peşimançılıq hiss olunmurdu. İnana bilməzdik ki, Stalin rejimi dövründə bizi yola salmağa bu qədər çox adam gələ bilər. Onda inandım ki, bu xalqın ümidi, inamı hələ ölməyib. Son anda millətimizin öz içində saxladığı nifrəti də gördük. Bizi silahlı konvoyların əlindən almağa çalışırdılar. Yumruğumuzu havada düyünləyib “Yaşasın Azəraycan!”, “Biz xalqımızın yolunda qurban gedirik!” deyəndə, ətrafdakı izdiham uğuldadı…”

 

İstiqlal aşiqinin azadlıqdan sonrakı ömür yolu

Nə həmin Novruzu, nə də məhkəmə ətrafındakı səhnəni onların heç biri unuda bilmədi, heç onların həyatda yadigar qoyub getdikləri övladları da atalarından eşitdiklərini bu gün belə unuda bilmirlər.

 

“Atam o amansız günləri heç vaxt unuda bilmirdi, hətta müstəqillik illərində belə Novruz bayramı günü onun çöhrəsinə bir qəm, üzüntü çökürdü. Elə hey çalışırdı ki, bunu xatırlamasın, amma özü ilə bacarmırdı. Bu, bizə də sirayət etmişdi. Ailəmizdə bu gün də Novruz bayramı gecəsi bəzən bir neçə dəqiqə süfrədə oturub atamın divardakı şəkildən bizə tuşlanan baxışlarının altında onun yaşadığı 1949-cu ildəki Novruz gecəsinin qara xəbərinin illərdən gələn üzüntüsünü yaşamalı oluruq. Lakin qürur və fəxarət dolu bir qəlblə yaşayırıq”.

 

Bu sözləri haqqında bir qədər geniş söhbət açacağımız “İldırım” təşkilatının fəal üzvlərindən biri, tibb elmləri doktoru Musa Abdullayevin oğlu tibb elmləri doktoru Oqtay Abdullayev deyir.

 

Qısa arayış: Musa Mirməhəmməd oğlu Abdullayev 1927-ci il dekabrın 27-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Məktəbi əla qiymətlərlə bitirib. Ötən əsrin otuzuncu illərində “Pioner” qəzetində haqqında “Əlaçı Musa” məqaləsinin dərc edilməsi bu gəncin böyük gələcəyindən xəbər verirdi. Orta məktəbdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Musa 1944-cü ildə “İldırım” təşkilatına üzv olur. Məsləkdaşları kimi onun da Azərbaycanda baş verən proseslərə münasibəti müstəqil dövlətçilik zərurəti prizmasından formalaşır.

 

Musa gənc yaşlarında Cənub bölgəsinin İranla sərhəddə yerləşən, İrəvandakı azərbaycanlılar yaşayan kəndlərin xüsusi bir qəddarlıqla köçürülməsinin şahidi olur və bundan son dərəcə hiddətlənir. Heç bir tutarlı səbəb göstərilmədən köçürülən insanların əksəriyyəti Qazaxıstanın insan ayağa dəyməyən səhralarına, yayı isti, qışı son dərəcə soyuq olan aullara köçürülürdülər. Tibb təhsili alan gənc Musa yaxşı başa düşürdü ki, bütün ömürlərini yaylaqda yaşayan, dağların təmiz havasından udub, sərin çeşmə sularından içən bu insanlar düşəcəkləri şəraitə uyğunlaşa bilməyəcək və əksəriyyəti tələf olacaq.

 

Amma tale elə gətirdi ki, millətinin, xalqının azadlıq və istiqlalı haqqında düşünən və mübarizə aparmağa yenicə başlayan Musa özü dostları ilə Sibirə sürgün edildi.

 

Bu mübariz, gənc ziyalı Azərbaycan övladları repressiyanın amansız məngənəsi altında hər şeydən məhrum olmuşdular. Amma bütün bunlara baxmayaraq, mətin xarakter, dönməz iradə, Vətənə sönməz məhəbbət onları Sibir düşərgələrinin ağlagəlməz əzablarına sinə gəlməyə və Azərbaycana dönməyə fürsət verdi. Ruhdan düşmədilər, gördükləri işdən daxili bir peşimançılıq yaşamadılar, Vətənə sonsuz sevgiləri solmadı, əksinə bir qədər də artdı.

 

Stalinin ölümü ölkədə siyasi ab-havanı dəyişdi. Onun bütün fəaliyyəti kəskin tənqid edildi və günahsız repressiya olunmuş insanların bəraət almasına imkan yarandı.1953-cü il martın 27-də Stalinin ölümündən heç bir ay keçməmiş SSRİ Ali Sovetinin aministiya haqqında fərmanı dərc edildi. “İldırım”ın üzvlərinin ailələri Moskvaya, mərkəzi hökumətə müraciət ünvanladılar. 1955-ci il iyulun 22-də SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı ilə ziyalı Azərbaycan gəncləri haqqında cinayət işinə xitam verildi və onlar azadliğa çıxdılar…

 

Onların keçdiyi o məşəqqətli illəri xatırlayanda, bu insanların dözümlülüyünə və mətinliyinə qibtə etməyə bilmirsən. Başqa cür ola da bilməzdi, çünki onlar yüksək intellekt sahibi ola-ola, rejimin amansızlığını bilə-bilə quruluşa qarşı üsyan etmək üçün təşkilatlanmağa qərar vermiş və qoxmamışdılar. Bütün bu əzablara dözüb, bu işgəncə maşının məngənəsindən xilas olandan sonra belə ziyalılıqlarını, əsl insani keyfiyyətlərini necə saxlaya bilmələri də bir möcüzə idi. Doğma torpağa dönəndən sonra daha böyük şövqlə işləməyə, öz bilik və bacarıqları ilə xalqa və millətə xidmət etməyə başlamaq bütün olanlardan sonra insandan ikiqat iradə, möhkəm xarakter, son dərəcə böyük sevgi tələb edir.

 

Bu iradənin daşıyıcılarından biri Musa Abdullayev təhsilini bitirmək üçün oxuduğu Azərbaycan Tibb Universitetinə müraciət edir. Rektor Bahadır Eyvazov onu ali məktəbə bərpa etməkdən imtina edir. Uzun yazışmalardan sonra Moskva işə qarışır və Musa Universitetə bərpa olunur.

 

Sevdiyin ixtisası öyrənmək, təhsil almaq Sibirin sürgün həyatının qarşısında sözün əsl mənasinda toy-bayram idi Musa üçün. Heç on il keçmir ki, o, gərgin əməyi və ciddi səyləri sayəsində əvvəlcə namizədlik dissertasiyası, sonra isə doktorluq işini müdafiə edərək elmlər doktoru adını qazanır. Onun bu sahəyə gəlişi də izsiz ötüşmür və öz yüksək intellekti ilə milli tibb elmimizin “Musa Abdullayev cığırı”nı açır. Bu uğurların qazanılmasında Musa öz müəllimi və elmi rəhbəri Azərbaycanın görkəmli tibb alimi Fuad Əfəndiyevin çəkdiyi əziyyəti də daim yüksək qədirbilənliklə xatırlayır.

 

1958-ci ildən Azərbaycan Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda elmi fəaliyyətini davam etdirən alim az bir vaxtda öz sahəsinin ən tanınmış mütəxəssisinə çevrilir. Çalışdığı İnstitutda “Qanın laxtalanma sistemi”nin tədqiqi ilə məşğul olmağa başlayır. Elə həmin ildə Romada keçirilmiş “Hemotoloqların Ümumdünya Cəmiyyətinin Vİ konqresinin bütün elmi məruzələrini ingilis dilindən Azərbayca dilinə çevirir. Miqyasına görə bu, həmin illərdə SSRİ ərazisində bənzərsiz bir fəaliyyət idi.

 

Elmlər doktoru Musa Abdullayev böyük şövqlə elmi fəaliyyətini davam etdirir və 1967-ci ildə “Norma və Potologiya zamanı qanın laxtalanmasının bir sıra məsələləri” monoqrafiyası ilə tibb elminə yeni bir töhvə verir. İlklərə imza atan Musa Abdullayevə qədər Azərbaycanda qanın laxtalanması problemlərini öyrənən və elmi cəhətdən əsaslandıran ikinci mütəxəssis olmamışdır. Alim az bir dövrdə müxtəlif konfrans və elmi yığıncaqlarda 100-ə yaxın məqalə ilə çıxış edir və onlar tibb alimləri tərəfindən yüksək qiymətləndirilir.

 

1966-cı ildə “Bakı konfransı” adı ilə tibb tarixində yer alan toplantının materialları sırasında Musa müəllimin qanın laxtalanmasına həsr edilmiş məruzəsi nəinki SSRİ-də, xarici ölkələrin elmi tibbi dairələrində böyük sensasiya kimi qarşılanır. Professor qankəsici preparat – trombininin texnologiyasını və tətbiqini elmi əsaslarla açıqlayan ilk tibb alimi kimi şöhrətlənir.

 

Professor Musa Abdullayev 1963-66-cı illərdə ADTİ-də elmi katib, 1970-79-cu illərdə isə İkinci Daxili xəstəliklər propedevtikası kafedrasının rəhbəri vəzifələrində çalışır. Onun qeyri adi iş qabiliyyəti və böyük ziyalı kimi nəzakətliliyi hamını heyran edirdi. O, təkcə özü və ailəsi üçün yaşamırdı, ona görə də ətrafında olan insanların da rəğbət və hörmətini qazana bilmişdi.

 

M.Abdullayev alim olaraq təkcə hemotologiya problemləri ilə məşğul olmurdu, kardiologiya və allerqologiya sahələrində də ciddi araşdırmalar aparırdı. Görkəmli hemotoloq alimin dövrü və Azərbaycan tibb elmi üçün gördüyü möhtəşəm işlərdən biri də SSRİ-də ilk dəfə “İngiliscə -azərbaycanca tibb lüğəti”ni tərtib edib nəşrinə nail olması idi. Professorun tərtib etdiyi bu lüğət sonralar işıq üzü görmüş bütün lüğətlər üçün bir bünövrə oldu.

 

Professor Musa Abdullayevin məhsuldar əməyi ilə tanış olandan sonra bu qərara gəlirsən ki, əgər ədalətsiz Sibir sürgünü olmasaydı, bu insan daha hansı xarüqəladə işlər görə bilərdi. Bəlkə elə çəkdiyi əzablar səbəbindən ömrünün son illərində yazdığı “Hərbi səhra terapiyası haqqında qeydlər” və “Daxili xəstəliklər propedevtikası tədrisinin metodologiyası” əsərlərinin nəşrini görə bilmədi. Amma alimin “Laborator analizlərin klinik şərhi”, “Bronxial-astma allergik xəstəlikdir”, “Qan sisteminin bəzi xəstəlikləri” və sairə əsərləri bu gün də tibb univeristetinin tələbələri üçün çox dəyərli dərs vəsaiti sayılır.

 

Dostları və alim həmkarları danışırlar ki, repressiyanın acılarını, dəhşətlərini yaşamış bu insan nə keçmişdən, nə də yaşadığı zamandan heç gileylənməzdi. O, xeyirxah və diqqətcil idi. Ağır məqamlarda köməyə hamıdan tez çatırdı.

 

Musa Abdullayev gəncliyindəki əməksevərliyi, bədii ədəbiyyatı, xüsusilə klassikləri mütaliə etməyi sevərdi, böyüklərə, xüsusilə valideynlərə hörmət və qayğını heç zaman unutmadı. Ailə qurub uşaq atası, baba olanda bütün bu keyfiyyətləri övladlarına da öyrətdi.

 

Oğlu, atasının alimlik fəaliyyətini uğurla və şərəflə davam etdirən professor Oqtay Abdullayev deyir ki, atam adətən, o zamanlar və Sibirdə baş verənlər haqqında çox az danışırdı, hətta doğmaları ilə də söz açmırdı. Onun ağır keçmişinin əksər məqamları haqqında heç bizə də elə çox şey məlum deyil.

 

Oqtay Abdullayev özünü fəxrlə atasının yetirməsi hesab edir və bildirir ki, o, bütün işlərdə, xüsusilə elmi araşdırmalarda özünə qarşı olan tələbkarlığı bizdə də tərbiyə etmişdi. Başladığı işi tamamlamasa, rahat dura bilmirdi. Sanki həmişə harasa tələsirdi.

 

Oqtay haradan biləydi ki, bu dünyanın hər üzünü görmüş bu cəfakeş insan tələsməkdə də haqlı imiş. Musa Abdullayev bir həkim fəhmilə ömrün vəfasızlığını da qabaqcadan görə bilmişdi. Həyat göstərdi ki, o, yanılmayıb. 1979-cu il də Azərbaycanın müstəqillik ideyası uğrunda mübarizə aparmış, tibb elmləri doktoru, professor Musa Abullayev əbədiyyətə qovuşur…

 

Ayağı daşa dəyib yıxılmış insan həmişə durub geriyə baxır ki, öz yıxılmağının səbəbini bilsin və onun təkrar olunmasına imkan verməsin. Yazıçı Anton Çexov deyirdi: “Həyatı həqiqətən başlamaq üçün, keçmişimizi bağışlamaq lazımdır”. Musa Abdullayev də keçmişini çoxdan bağışlamışdı, Vətəninə, xalqına, torpağına. Elə o gündən yenidən həqiqi həyatını yaşamağa başlamışdı, amma bunu da yenə canı qədər sevdiyi Azərbaycana və onun elmi potensialının artmasına, savadlı mütəxəssislərinin hazırlanmasına həsr etmişdi.

 

Belə ləyaqət və mərdanə insanlar haqqında söz düşəndə deyirlər, onlar yaşadıqları həyat haqqında xatirələrini yalnız uşaqları və nəvələri dərs götürsünlər deyə, keçmiş hadisələrdə öz rollarını təsdiq etmək üçün bölüşürlər. İldən-ilə onlar daha da azalır, ancaq o illər həmişəlik onların yaddaşında qalacaq, həm də bizim. Axı məlumdur ki, əgər tarixi unutsaq, o, nə vaxtsa təkrarlanacaq.

 

(Məqalədə akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabındakı bəzi faktlardan istifadə edilib).

İlqar Rüstəmov,

Kəmalə Abdinova

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password